Natalya Poklonskaya “Rossotrudniçestvo” (Müstəqil Dövlətlər Birliyi, həmvətənlər və xaricdə yaşayanlarla iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə federal agentlik) rəhbərinin müavini vəzifəsindən azad edilib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, müvafiq sərəncamı Rusiya Prezidenti Vladimir Putin imzalayıb. Onun işdən çıxarılma səbəbləri məlum deyil.

Qeyd edək ki, Rusiya Prezidenti xanım Poklonskayanı fevralın 2-də bu vəzifəyə təyin edib. O, “Rossotrudniçestvo”da həmvətənlərin hüquqlarını qorumaqla məşğul idi.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatına dəstək verməyənlər arasında Natalya Poklonskaya da var. O, Kiyevə və ya Ukraynanın hər hansı digər şəhərinə bomba düşməsini istəmədiyini bildirib. Həmçinin, deyib ki, hərbçilərin istifadə etdiyi “Z” hərfi kədər və faciəni simvollaşdırır. “Rossotrudniçestvo” rəhbəri Yevgeni Primakov son bəyanatından sonra nəticə çıxaracağına söz verib və “Z” və “V” simvollarının Rusiya ordusu üçün “məşhur dəstək simvolu”na çevrildiyini bildirib. Krım Dövlət Şurası xanım Poklonskayanın dövlət mükafatlarından məhrum edilməsini təklif edib.

Natalya Poklonskaya 1980-ci ildə Luqansk vilayətində (Ukrayna SSR) anadan olub. 2002-ci ildən Ukrayna Prokurorluğunda çalışıb. 2014-cü ildə o, açıq şəkildə yarımadanın Ukraynadan ayrılmasını dəstəkləyib, bundan sonra Krımın prokuroru vəzifəsini alıb. 2016-2021-ci illərdə “Vahid Rusiya”dan Dövlət Dumasının deputatı olub.