![]() |
![]() |
Bu gün Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan Novruz bayramıdır.
"Report"un xəbərinə görə, yazın Azərbaycana gəlişi martın 21-i saat 01:58-ə təsadüf edəcək və bu zaman gecə-gündüz bərabərliyi qeydə alınacaq.
Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.
Bu bayramın özünəməxsus adət-ənənələri var: qurşaq atmaq və ya şallaq sallamaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq (məsələn, ənzəli) və s.
Novruz bayramına dair inanclar: "Qapıya atılan qurşağı boş qaytarmazlar, "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Tonqaldan tullanarkən bu ifadə deyilir: "Ağrım səndə, uğurun məndə", "Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar", "Bayram günü ailənin sayı qədər şam yandırarlar" və s.
Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur.
ONA xəbər verir ki, ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu - Torpaq çərşənbəsini qeyd edir.
Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.
İlaxır çərşənbə hər il ölkəmizdə təntənəli qeyd olunur.
Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.
Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimləri ilə də zəngindir. Həmin gün hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəmizin ən əziz qonağına çevrilir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür, onun daha zəngin olmasına çalışır. Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovurulur, plov süzülür, şirniyyat bişirilir.
İlaxır çərşəbədə küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır.