![]() |
![]() |
Martın 20-də qar uçqununa görə bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub.
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, qar xüsusi texnikanın köməkliyi ilə yoldan təmizlənib. Xınalığa, o cümlədən ətraf kəndlərə avtomobillərin hərəkəti bərpa edilib.
Bu günlərdə xalqımız Novruz bayramı günlərini qeyd edir. Şirniyyatlar, müxtəlif təamlar dolu süfrələr, tonqal, Keçəl, Kosa... Bunlar bayramın vazkeçilməzləridir. Amma türk xalqlarının ortaq bayramı olan Novruzu hər türk xalqı bir cür keçirir. Bayramın fəlsəfəsi və mahiyyəti eyni olsa da, türk xalqlarının hər birində buna özəl bir yanaşma var.
Musavat.com Türkiyə mətbuatına istinadən türk xalqlarında Novruz bayramının necə keçirilməsi barədə yazır.
Türkiyənin Anadoludu Novruza “hə” deyir
Başlayaq qonşu Türkiyədən. Düzdür, türkiyəlilər bayrama “Nevruz” deməyi üstün tutur. Amma bayram ölkənin hər yerində eyni formada keçirilmir. Cənub-şərqi Anadolu bölgəsində Qaziantep və onun ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də, Qarsda Azərbaycanda olduğu kimi, qapı pusma, baca-baca adətləri yaşadılır. Türkiyədə yaz bayramı həm Novruzda, həm də Hıdırellezdə qeyd olunur.Novruz daha çox Anadolu sahəsində yayğındır. Hıdırellez ise Türkiyədə ən geniş yayılmış yaz mövsüm mərasimidir. Novruz martın 21-də, Hıdırellez isə may ayının 6-da bayram edilir. Azərbaycanda fevral ayında keçirilən Xıdır Nəbi mərasiminin Hıdırelleze müəyyən bənzərliyi olsa da, fərqli xüsusiyyətləri də vardır. Xıdır Nəbi qışın ortasında, Hıdırellez ise yazın ortasında keçirilir. Mərasimin mövsümlə əlaqəsindən belə anlaşılır ki, bunlardan biri qışın yola salınmasına göstərilən sakral ritual dəstəyi, digəri isə yazın gəlişinin təntənəsidir.Birincidə misteriya, ikincidə isə karnavallıq aparıcı mövqedədir.
Novruz yox, al bayram, ya da səpin toyu
Tatarlarda yaz bayramı “Karqa butkası”dır. Bu bayram yazın gəlişi münasibətilə keçirilir. Bayramda gənclər idman yarışları təşkil edir, oxuyur, oynayırlar.Tatarstanda “yaz işləri ilə bağlı bayramların ən böyüyü Sabantuy və ya “Səpin toyu”dur. Bu bayram yazdakı səpin ilə bağlıdır. Müasir dövrdə yaz şumu edildikdən və torpaq əkin üçün hazırlandıqdan sonra keçirilir. Sabantuy xalqın könüllü şəkildə bir yerə toplanaraq qeyd etdikləri musiqili-dramatik tamaşadır. Kənddə yaranan bu bayram sonralar şəhərlərə də yayılıb və təntənəli şəkildə qeyd olunmağa başlanıb.
Dağıstan xalqlarında yaz mövsümü ilə bağlı bahar bayramları keçirilir. Bu xalqların bəzilərində bu Novruzdur, bəzilərində “Al bayram”, “Qırmızı gün”dür. Bu bayramlarda dağlarda, həyətlərdə tonqal qalanır. Kalmıklarda yazın ilk ayı keçirilən mərasim “Çaqan sar”dır. Kalmık dilində bunun mənası “ağ ay” deməkdir. Hazırda İranda Novruz 13 gündə qeyd olunur. Zərdüştliyi davam etdirənlər yeni ili 5 gün qeyd edirlər, altıncı günü isə Böyük Novruzu (Novruz-e bozorq) Zərdüştün doğulduğu gün hesab edirlər. İranda Novruzdan öncəki çərşənbədən bayram başlanır. Bu “Çərşənbe suri” (Od çərşənbəsi)dir.
Bir həftə şənlik edən də var, 46 həftə boyunca edən də
Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla arınması adəti var. Qırğızlar bunu qədim türk şamanlarından qalma adət hesab edirlər. Onlar “Alas-alas, bəladan xilas”-deməklə, öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər. Darı yarmasından “Novruz köcö” adlı bayram yeməyi hazırlanır. Qırğız süfrəsində xüsusi olaraq Novruzda quzu ətindən əriştəyə oxşar un məmulatından hazırlanmış beşbarmaq da olur. Bu şirniyyat əllə yeyildiyi üçün belə adlanır. Türkmənistanda bayramdan beş-altı gün öncə, evlərin təmizlənməsi başlanır. Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un və şəkərdən səməni bişirirlər. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda süfrələri bəzəyir .Türkmənlər Novruz tonqalına “saman otu” deyirlər. Qazaxıstanda, adətə görə, evlərin divarlarına, müxtəlif əşyalar üzərinə gil qablar atıb sındırırlar. Bu adət köhnə ilin pisliklərindən, xəstəliklərindən yeni ildə uzaq olmaq məqsədi daşıyır. Qazaxlar da tonqal üzərindən atlanırlar. “Novruz köcü”, Novruz şorbası və ya “Lapa” adlı yeməklər bişirilib qonşulara paylanır.
Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilmiş şənliklər bir həftədən 46 həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. “S” hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi bir gözəllik qatır. Novruz günü bir-birini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir. Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun..
Özbəklərdə aşağdakı mövsüm mərasimləri qeyd olunur: 1) Qış gecələri və ya məclisləri (qap-qaştak, yasayusun). Bu bizdəki çilə çıxartma mərasimlərinə uyğun gəlir. 2) Yaz bayramları –Navruz və şoxmoylar (öküzlərin şum üçün sahəyə sürülməsi, yəni şumlamanın başlanması), lola (lalə) , kizil qul (qızıl gül), loy tutiş (palçıq vermə, yəni ev tikməyə başlama) bayramları. 3) Yay təntənələri içində “kavun sayli” (yemiş bayramı), “çoy momo” və s.vardır. 4) Payız bayramları məhsul yığımı ilə əlaqəli olur. Buraya Mexrqan, thamol çakiriş, “uzum sayli” (üzüm bayramı) və misal ola bilər.
Özbəklər Novruz süfrəsinə “S” ilə başlayan yeddi ədəd yemək və yeddi cür ədviyyat qoyurlar.Ayrıca olaraq, süfrəyə böyük bir çörək, ətrafına boyalı yumurtalar və yaşıl yarpaqlar qoyulur. Bir həftə ərzində qeyd olunan Novruz günlərində müxtəlif tamaşalar təşkil olunur, oyunlar oynanır.
Hər il martın 22-də Ümumdünya su günü (World Day of Water) qeyd olunur. Bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb. Ümumdünya su ehtiyatları günü haqqında ilk təklif 1992-ci il iyunun 3-14 tarixləri arasında Rio-de-Janeyroda baş tutmuş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Bu məqsədlə dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir.
Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir. Respublikanın səth su ehtiyatları əsasən Kür və onun qolları və eyni zamanda birbaşa Xəzərə tökülən Lənkəran təbii zonası və Quba-Xaçmaz zonası çaylarının axımından ibarət olamqla 30,0 km3 təşkil edir ki, bunun da yalnız üçdə biri yerli sularımızdır.
Azərbaycanın su ehtiyyatları ölkənin iqtisadiyyatında böyük rol oynayır. İldə 12,0 km3-dən çox su əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini su ilə təmin etmək məqsədilə çaylardan istifadə üçün götürülür. Kənd təsərrüfatı məhsullları əsasən suvarılan sahələrdə yetişdiyindən götürürlən suyun üçdə ikisi suvarmada istifadə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN) su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır. Həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Ətraf Mühitin Mühafizəsi və digər qanunlara və qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz beyməlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. Bu zaman çaylarda tələb olunan ekoloji axımı təmin edilməli və su ehtiyatları inteqrasiyalı yanaşma və hövzə prinsipinə uyğun idarə edilməlidir.
Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün əhali də daxil olmaqla bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə etməli, içməli sudan texniki məqsədlər üçün istifadəni məhdudlaşdırmalı və s. addımlar atmalıdırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hamını Beynəlxalq Su Günü münasibətilə təbrik edir və su resurslarımmızın birgə mühafizəsi sahəsində sıx əməkdaşlığa çağırır!