Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edib. "Ölkə.Az" xəbər verir ki, ölkəmizdə elektrik enerjisinin istehsalının, istehsal güclərinin artdığını bildirən Prezident İlham Əliyev deyib:
-Son illərdə bir çox yeni elektrik stansiyaları tikilmişdir. Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir və eyni zamanda, bizdə ixrac imkanları yaradılmışdır. Bu il biz önəmli addımların atılması nəticəsində yeni istehsal güclərini işə saldıq. İlk növbədə, “Şimal-2” Elektrik Stansiyasının fəaliyyətə başlaması önəmli hadisədir. Sentyabr ayında mənim iştirakımla stansiyanın açılışı olmuşdur. Gücü 400 meqavat olan stansiya bizim enerji potensialımızı böyük dərəcədə artırır. Şərti yanacağın sərfiyyatı da çox aşağı səviyyədədir. Ona görə bu stansiya bütün standartlara cavab verir. Artıq bir neçə ay keçibdir, stansiyanın fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
Baba Rzayev: Cənab Prezident, qeyd etdiyiniz kimi, Sizin birbaşa tapşırığınız əsasında biz bu stansiyanı işə salmaq üçün böyük bir qrup yaratdıq. Biz analizlər apardıq və bu il sentyabrın 5-də Sizin iştirakınızla 400 meqavatlıq bu istilik elektrik stansiyasını işə saldıq. Qeyd etdiyiniz kimi, bu, Cənubi Qafqazda yük rejimindən asılı olaraq 214-216 qram xüsusi şərti yanacaq işlədən yeganə yarımstansiyadır. Yəni, çox qənaətcildir və onun faydalı iş əmsalı 57,4 faizdir. İl ərzində 3,2 milyard kilovat-saat enerji istehsal edir.
Prezident İlham Əliyev: Hazırda stansiya hansı səviyyədə işləyir, tam gücü nə qədərdir?
Baba Rzayev: Tam gücü ilə işləyir. Biz rejimdən asılı olaraq 380 meqavat yükləyirik, hazırda 380 meqavatla işləyir.
Prezident İlham Əliyev: Çox yaxşı. Bu, bizim enerji potensialımızı böyük dərəcədə gücləndirir və artan tələbatı da təmin edəcəkdir. Eyni zamanda, ilin əvvəlində sizə göstəriş vermişdim ki, “Azərbaycan” İstilik Elektrik Stansiyasının təmir-bərpa işləri təmin edilsin, 8 blokdan 5-də yenidənqurma işləri aparılmalı və tamamlanmalı idi. Bu sahədə vəziyyət necədir?
Baba Rzayev: Cənab Prezident, beş blokda yenidənqurma işləri artıq başa çatıb. Bundan başqa, məruzə etdiyim kimi, 500 kilovoltluq açıq paylayıcı qurğu tamamilə yenidən qurulub, 330 kilovoltluq paylayıcı qurğuda isə işlərin 80 faizdən çoxu icra olunub. Bu, qəzaların qarşısını tamamilə almağa kömək edəcək.
Cənab Prezident, mən Sizə məruzə etmək istəyirəm ki, Ulu Öndər bu stansiyanın təməlini qoydu. Çox çətinliklə də olsa, sovetlər birliyindən bu layihəni alıb Azərbaycanda yerləşdirməyə nail oldu. Siz də bu stansiyaya ikinci həyat verdiniz. Bu, Mingəçevir camaatında həqiqətən çox böyük ruh yüksəkliyi yaradıb. “Azərbaycan” İstilik Elektrik Stansiyasında və Mingəçevir Su Elektrik Stansiyasında 1600 nəfərdən çox adam işləyir. Onlar ümidlərini itirmişdilər ki, yəqin, bunun dövrü artıq bitib, bundan sonra 3 il, 5 il iş yeri olmayacaq. Bugünkü vəziyyəti görürlər və bilirlər ki, həqiqətən orada hələ 20-30 il də işləmək mümkün olacaq.
Prezident İlham Əliyev: Elədir. Amma əfsuslar olsun ki, əvvəlki dövrlərdə stansiya öz potensialını böyük dərəcədə itirmişdi. Ona görə mən “Azərenerji”nin yeni rəhbərliyi qarşısında vəzifə qoymuşdum ki, itirilmiş güclər bərpa edilsin. O vaxt belə hesablanmışdı ki, ən azı 300 meqavat elektrik enerjisi potensialı bərpa edilməlidir. Bu istiqamətdə hansı addımlar atılıb və gələn il hansı işlər gözlənilir?
Baba Rzayev: Cənab Prezident, artıq 200 meqavatı bərpa olunub və biz 300 meqavat yox, 400 meqavat gözləyirik, bir az da ondan çox. Biz 400 meqavatı yay rejimində gözləyirik. Qış rejimində isə təqribən 500-550 meqavat artırılmasını gözləyirik.
Prezident İlham Əliyev: Yəni, qalan 3 blok da təmir olunacaq?
Baba Rzayev: Bəli, tamamilə. Əsas məsələ odur ki, biz onun həm soyutma sistemini, həm də bütün kimyəvi reagentlər olan sahəsini tamamilə yenidən qurmuşuq. Orada blokların özünü, generator, turbin və qazanları tamamilə yenidən qururuq. Amma köməkçi qurğu və binaların hamısını demək olar ki, sıfırdan tikməyə başlamışıq. Prezident İlham Əliyev: Çox vacibdir, bu, bizim strateji obyektimizdir. Keçən ilin yayında baş vermiş qəza əlbəttə ki, bizə çox baha başa gəldi. Bundan həm bizim vətəndaşlar əziyyət çəkdilər, metroda qalanlar oldu, həm də sənaye müəssisələri ziyan çəkdi. Ona görə qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradıldı və səhlənkarlığa, pozuntulara yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı. Ona görə məhz bizim strateji obyektimiz olan Mingəçevir Elektrik Stansiyasının bərpası və qəzadan özümüzü sığortalamaq məsələləri “Azərenerji”nin yeni rəhbərliyi qarşısında əsas vəzifə kimi dayanmışdır. Eyni zamanda, 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi bizim enerji generasiya güclərimizin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir.
Qəzadan sonra mən göstəriş vermişdim ki, bununla paralel olaraq, bizim bütün metro stansiyalarında generatorlar quraşdırılsın. Generatorların əsas işi ondan ibarətdir ki, əgər qəza baş verərsə, qatarlar perrona qədər hərəkət edə bilsinlər və eskalatorlar da işləsinlər. Generatorların quraşdırılması nə yerdədir? Bu iş başa çatıb, yoxsa yox?
Baba Rzayev: Cənab Prezident, məruzə edim ki, bu iş artıq 100 faiz başa çatıb. Artıq mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhvil-təslim işləri başa çatıb. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılıb və ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb.
Prezident İlham Əliyev: Çox yaxşı. Bir məsələ də daim diqqət mərkəzində olmalıdır. Bu da bərpaolunan enerji növlərinin yaradılmasıdır. Şadam ki, bu sahəyə xarici investorlar da böyük maraq göstərirlər. Hazırda Azərbaycan Energetika Nazirliyi bu işlərlə məşğul olur, tender elan olunubdur və bu sahədə böyük təcrübəsi olan şirkətlər tenderdə iştirak edirlər. Yəni, sevindirici hal ondan ibarətdir ki, Azərbaycana investisiya qoymaq istəyən şirkətlər öz aralarında rəqabət aparırlar. Vaxtilə biz investorları inandırmağa çalışırdıq ki, gəlib vəsait qoysunlar. Ancaq indi investorlar özləri maraq göstərirlər. Biz tenderin qalibini açıq və şəffaf tender şərtlərinə uyğun müəyyən etməliyik. Bu, çox sevindirici haldır. Çünki söhbət təqribən 400-500 meqavat gücündə bərpaolunan elektrik stansiyalarının inşasından gedir. Eyni zamanda, keçən il biz Azərbaycanda dövlət xətti ilə yaradılmış külək elektrik stansiyasının açılışını mənim iştirakımla qeyd etdik. Stansiyanın gücü 50 meqavatdır və bu stansiya indi necə işləyir? Əlavə stansiyanın tikintisi nəzərdə tutulur, yoxsa yox?
Baba Rzayev: Cənab Prezident, qeyd etdiyiniz kimi, 50 meqavat gücündə Yaşma Külək Elektrik Stansiyası tam gücü ilə işləyir. Biz 2018-ci ildə 60 milyon kilovat-saat, 2019-cu ildə isə 80 milyon kilovat-saat enerji istehsalına nail olmuşuq. Artıq bu günə olan məlumatlar bizdə var. Bu da təxminən 13-14 milyon kubmetr qazın qənaəti deməkdir, buna böyük ehtiyac var. İkincisi, Sizin tapşırığınızla Bakı-Quba magistralının sağ tərəfində - təzə yolla köhnə yolun arasında 84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının artıq bütün layihə-smeta sənədləri hazırlanmış, torpaqların alınması, ötürmə xətləri məsələləri həll edilib və “Vestas” şirkəti bu işə cəlb olunub.
Prezident İlham Əliyev: Yəni, gələn il işlərə başlaya bilərik?
Baba Rzayev: Bəli, gələn işlərə başlaya biləcəyik.
Prezident İlham Əliyev: Çox yaxşı, buna ehtiyac var. Çünki bizim indi generasiya gücümüz daxili tələbatdan daha böyük həcmdə istehsal olunur. Bu da təbiidir. Çünki həmişə bizdə ehtiyat olmalıdır və eyni zamanda, yaradılmış şərait imkan verir ki, biz elektrik enerjisini ixrac edək və bu gün bu sahə ölkəmizə valyuta gətirir. İxrac da olmalıdır, daxili tələbat da təmin edilməlidir. Ancaq biz hamımız onu da bilməliyik ki, daxili tələbat artır və artacaq. İlk növbədə, artan əhali təbii ki, yeni güclərin işə salınmasını diktə edir, digər tərəfdən, ölkəmizə gələn xarici qonaqlar, onların sayı artıq bu il 3 milyonu keçibdir və təbii ki, bu xidmət sektorunda mövcud olan enerji potensialı daha da artmalıdır və əlbəttə ki, əsas məsələ artan sənayedir. Bu il qeyri-neft sektorumuzda sənaye istehsalı 14 faiz artıbdır və bizim sənayeləşmə ilə bağlı olan digər layihələr bu gün reallaşır. Sənaye parkları, sənaye zonaları, yeni sənaye müəssisələri yaradılır ki, bütün bunlar enerji tələb edir. Ona görə biz öz strateji addımlarımızı elə atmalıyıq ki, daim Azərbaycanın tələbatı, o cümlədən sənaye istehsalı ilə bağlı olan tələbat enerji generasiya gücləri ilə, yarımstansiyalarla, ötürücü xətlərlə təmin edilsin ki, heç bir problem olmasın. Necə ki, bu gün heç bir problem yoxdur. Ona görə əminəm ki, gələn il də “Azərenerji” və onun bütün kollektivi öz vəzifə borcunu ləyaqətlə yerinə yetirəcək və Azərbaycanda enerji dayanıqlılığı daim təmin ediləcəkdir.
**
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edib.
"Ölkə.Az"ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb