![]() |
![]() |
"Ölkə.Az" bildirir ki, "Report" xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirini salamlayan Prezident İlham Əliyev deyib:
- Hörmətli Sergey Viktoroviç.
Sizi Azərbaycanda yenidən salamlamağa şadam. Xarici İşlər nazirlərinin qarşılıqlı səfərləri, müntəzəm səfərləri yaxşı ənənəyə çevrilib. Əlbəttə ki, ton verən prezidentlərdir. Bu il biz Vladimir Vladimiroviç ilə beynəlxalq tədbirlərdə ünsiyyətimizi saymasaq, iki dəfə görüşmüşük – Pekində və Soçidə. Prezidentlər bizim münasibətlərin inkişafına ton verirlər və ilə yekun vurarkən, - zənnimcə, artıq yekun vurmaq olar, - qeyd edirik ki, bu il bizim münasibətlərimiz üçün çox uğurlu olub. Biz bir sıra istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləmişik, beynəlxalq təşkilatlarda bir-birimizi fəal dəstəkləməklə qarşılıqlı siyasi əlaqələri möhkəmlətmişik. Deməliyəm ki, Azərbaycan nümayəndə heyəti tam heyətdə Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verib və beləliklə, həmrəyliyini bildirib. Biz də həmişə beynəlxalq strukturlarda bizi narahat edən məsələlərlə bağlı Rusiya Federasiyasının dəstəyini hiss edirik.
Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çox uğurlu olub. Sizdən xahiş etmək istərdim ki, Mehriban Əliyevanın dəvət edilməsinə, ona göstərilən diqqətə, onun “Dostluq” ordeni ilə təltif olunmasına, onun ünvanına deyilən xoş sözlərə, çox konstruktiv söhbətə və praktiki olaraq bizim qarşılıqlı fəaliyyətimizin bütün sahələrinə toxunulan danışıqlara görə Prezident Vladimir Vladimiroviç Putinə təşəkkürümü çatdırasınız. Rusiya Hökumətinin sədri, Federasiya Şurasının sədri ilə də görüşlər olub. Regionlararası yubiley forumu çox uğurla keçib və əlbəttə, səfərin sonunda Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması bizim dərin tarixə malik olan sıx dostluq əlaqələrimizin rəmzi oldu.
Bu il iqtisadi baxımdan da uğurlu olub. Əmtəə dövriyyəsi ildən-ilə artır. Hələ ilə yekun vurulmayıb, lakin zənnimcə, artım təxminən 25 faiz civarında olacaq. Bundan aşağı olmayacaq. Nəqliyyat sahəsində də yaxşı nəticələrə nail olmuşuq və Samur çayı üzərindən salınan körpünün yaxın vaxtlarda açılmasını gözləyirik. Bu, əmtəə dövriyyəsini və qarşılıqlı səfərləri xeyli artırmağa imkan verəcək. Yəni, çox sahələri sadalamaq olar, lakin əsas budur ki, bizim münasibətlərimizdə dinamizm qorunub saxlanıb. Zənnimcə, dinamizm artırılıb. Bu, böyük nikbinlik doğurur.
Əlbəttə ki, səfər çərçivəsində biz Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması problemləri barədə danışacağıq. Təəssüf ki, bu istiqamətdə nəzərəçarpan nəticələr olmayıb. Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, “Qarabağın Ermənistan olması” barədə bəyanatıdır. Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib. Biz Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcəyik. Yaxın vaxtlarda Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü olacaq. Biz ümidvarıq ki, siz danışıqlar prosesində fəal iştirakınızı davam etdirəcəksiniz. Bir daha xoş gəlmisiniz. Bakıda vaxtınızın xoş keçməsini arzu edirəm.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib:
- Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Mənim dost Azərbaycana növbəti səfərim çərçivəsində Sizinlə görüşmək imkanına görə çox sağ olun. Biz həqiqətən münasibətlərimizi analoji şəkildə qiymətləndiririk, onlar yüksəlişdədir, bütün sahələrdə durmadan inkişaf edir. Siz xatırlatdığınız kimi, Prezident Putin ilə Sizin müntəzəm əlaqələriniz bunu təsdiq edir. Həm Çində, həm də Soçidə “Valday” Forumunda Sizin iştirakınız çərçivəsində geniş söhbət oldu. Soçidə çox faydalı ikitərəfli görüş, dünya siyasətinin və regional siyasətin mühüm problemlərinə dair Sizin iştirakınızla çox maraqlı çoxtərəfli diskussiya oldu.
Biz Mehriban Arif qızı Əliyevanın Rusiya Federasiyasına səfərini, onun Prezident Putinlə, Baş Nazir Medvedevlə, Federasiya Şurasının sədri Matviyenko ilə görüşlərini, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun çox mühüm açılış mərasimində, Regionlararası Forumda iştirakını yüksək qiymətləndirmişik və bu səfərin gedişində müzakirə edilən təşəbbüsləri biz hökmən həyata keçirəcəyik. Bu təşəbbüslər, o cümlədən bizim hökumətlərarası iqtisadi əməkdaşlığımıza yeni bir mövzu – innovasiyalar və yüksək texnologiyalar mövzusu əlavə edilməsinə aiddir, xüsusi yol xəritəsi yaradılacaq. Artıq bir neçə gündən sonra Hökumətlərarası Komissiya bu sahədə işlərin vəziyyətini nəzərdən keçirəcək.
Siz də xatırlatdığınız kimi, əmtəə dövriyyəsi sürətlə artır. Əmtəə dövriyyəsinin həcmi yəqin ki, 3 milyard dollara yaxın olacaq. Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollar olub. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanda Rusiya kapitalının iştirakı ilə 300-dən çox müəssisə fəaliyyət göstərir. Rusiyada da Azərbaycan kapitalı öz mövqelərini getdikcə möhkəmlədir.
Mehriban Arif qızı Əliyevanın Rusiya Federasiyasına səfərinin daha bir maraqlı və hesab edirəm ki, çox vacib nəticəsi Rusiya-Azərbaycan Gənclər Forumunun daha müntəzəm keçirilməsi barədə razılaşma oldu. Bu, varislik baxımından, tarixi yaddaşın qorunub saxlanması və həm Rusiyada, həm də Azərbaycanda bizim gənc nəslin münasibətlərimizə həmişə xas olmuş dostluq, mehriban qonşuluq ruhunda tərbiyəsi baxımından prinsipial əhəmiyyət kəsb edir. Həm regional, həm qlobal, həm də universal beynəlxalq təşkilatlarda əməkdaşlığımıza gəldikdə, biz sıx qarşılıqlı fəaliyyəti, həmişə bir-birinin mövqelərini nəzərə almaq istəyini çox yüksək qiymətləndiririk. Biz bundan sonra da ortaq mövqelərimizin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllinə kömək edəcəyik. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aiddir. Biz həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıyıq. Onlar tədricən reallaşır və ümidvaram ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu həftə keçiriləcək görüşü bu prosesləri əlaqələndirməyə imkan verəcək. Eyni zamanda, Sizinlə razıyam ki, siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir. Burada Sizin bu tezisinizi tam dəstəkləyirəm ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır.
Buna görə də, hörmətli İlham Heydər oğlu, Sizinlə söhbət etmək imkanına görə bir daha səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Ümidvaram ki, sabah da davam edəcək bu səfər bizim münasibətlərimizi daha yüksək etimada əsaslanan, daha məhsuldar səviyyəyə çatdırmağa kömək edəcək. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
“Ölkə.Az” xəbər verir ki. bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.
“Sabah Milli Məclisin növbəti plenar iclasıdır. Bir sıra qanun layihələrimiz və yarımçıq qalan qanunlarımız var. Amma son iclas ola bilər”- O.Əsədov deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Milli Məclisin bu gün keçirilən plenar iclasının sonunda deputatların V çağırış parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı ölkə Prezidentinə ünvanlanan qərar layihəsi səsverməyə çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, səsvermədən qabaq layihəni parlamentin vitse-spikeri Bahar Muradova səsləndirib.
O qeyd edib ki, Milli Məclisdə çoxluq təşkil edilən YAP üzvləri parlament sədrinə müraciət edərək belə vəziyyətdə növbədənkənar seçki keçirilməsinin zəruriliyini ifadə ediblər.
Parlamentdə təmsil olunan digər partiyaları və həmçinin heç bir partiyanı təmsil etməyən şəxslər də parlamentin fəaliyyətinin mümkünsüzlüyünü hesab edirlər. Milli Məclis qərara alır ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilsin.
Səsvermə nəticəsində 99 nəfər qərar layihəsinin lehinə, 1 nəfər əleyhinə səs verib. 1 nəfər bitərəf qalıb. 1 nəfər isə səs verməyib.
Spiker Oqtay Əsədov bildirib ki, sabah parlamentin sonuncu plenar iclası ola bilər.
Prezident İlham Əliyev Dilarə Seyidzadə ilə bağlı sərəncam verib.
"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda göstərdiyi xidmətlərə görə Dilarə Bağır qızı Seyidzadəyə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.
Qeyd edək ki, D.Seyidzadə Prezidentin Katibliyinin rəisi idi. Bir neçə gün əvvəl isə Prezident Administrasiyasında aparılan islahatlarla bağlı sözügedən qurum ləğv edilib.
Milli Məclisin parlamentin buraxılması ilə bağlı iclası öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, iclasda millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edirlər.
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasında deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüs vermək tövsiyə olunub.
***
S. Novruzov YAP Siyasi Şurasının və YAP-çı deputatların prezidentə parlamentin buraxılması ilə bağlı müraciətini oxuyub.
***
Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin buraxılması ilə bağlı müraciətin hüquqi tərəflərini izah edib və bunu YAP-ın siyasi mədəniyyəti kimi qiymətləndirib.
***
Oqtay Əsədov bildirib ki, qərar layihəsi hazırlamaq üçün Redaksiya Heyəti yaradılmalıdır. O, deputatlardan Redaksiya Heyətinə Bahar Muradova, Əli Hüseynli, Sahibə Qafarova, Fəzail İbrahimli və Səməd Seyidovun daxil edildiyini bildirib.
***
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, YAP parlamentin buraxılması ilə doğru addım atıb və nüfuzunun güclü olan vaxtında belə bir təşəbbüslə çıxış edib : “Biz sağlam müxalifət olaraq növbədənkənar seçkiləri dəstəkləyirik. Çünki seçki müxalifət üçün də bir şansdır”.
Baş nazirin sabiq müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Dağlıq Qarabağın Azərbaycanlı icmasının idarə heyətinə üzv qəbul edilib.
Bu barədə məlumatı icmanın idarə heyətinin üzvü, deputat Elman Məmmədov da təsdiqləyib. O qeyd edib ki, Əli Həsənovun idarə heyətinə üzv qəbul edilməsi ayın əvvəlində keçirilən iclasda təsdiq edilib:
“Ayın əvvəlində idarə heyətinin iclası çağırıldı. Həmin iclasda Əli Həsənov özü də iştirak edirdi və onun idarə heyətinə üzv qəbul edilməsi təsdiqləndi”.
Əli Həsənov dövlətçilik, idarəçilik, rəhbərlik təcrübəsinə malik insandır. O, Yeni Azərbaycan Partiyasının da sədr müavinidir. Eyni zamanda uzun illər müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərib. O, həmişə Heydər Əliyev siyasətinə sədaqəti ilə seçilib. Onun Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvü seçilməsi icmanın işinin daha da fəallaşmasına köməkdir”.
İcmadan verilən digər məlumatda isə Əli Həsənovun idarə heyətinə üzvlüyü məsələsinin dekabr ayının sonunda təsdiqlənəcəyi bildirilib:
“Hələlik bu, rəsmi məlumat deyil. Dağlıq Qarabağın Azərbaycanlı icmasının dekabrın sonunda üçüncü qurultayı keçiriləcək. Sözügedən məsələyə həmin qurultayda baxılacaq”.
Qeyd edək ki, Əli Həsənov Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. (modern.az)
Azərbaycan uzun müddətli seçki zolağına daxil olur; qışda keçirilən seçki təbliğat kampaniyasına necə təsir edəcək?..
Dekabrın 2-də Milli Məclisin iclası keçiriləcək. İclasda parlamentin buraxılması barədə məsələ müzakirəyə çıxarılacaq. Bunu Milli Məclisin ötən həftənin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov deyib.
Əsədov deyib ki, Milli Məclisin 2 dekabra təyin olunan iclasının gündəliyində YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsidir.
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.
Milli Məclisin qərar verməsi reallaşdıqdan sonra prezidentin yeni seçkilər təyin etməsi gözlənilir. Əksər siyasətçilər və seçki mütəxəssislərinin hesablamalarına görə, növbədənkənar parlament seçkiləri fevral ayında olacaq. Bu isə o deməkdir ki, seçki qışın sərt dövründə keçiriləcək. Azərbaycanda parlament və prezident seçkiləri həmişə ilin mülayim havalarla müşayiət olunan aylarında keçirilib. Bəs, qış ayında seçkilər seçici aktivliyinə, seçki kampaniyasını aparmağa mənfi təsir edərmi? Yoxsa heç bir fərq etməz?
Siyasi analitik, seçki mütəxəssisi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, seçkilərin nə vaxt keçiriləcəyi parlamentin buraxılması ilə bağlı müvafiq qərar qəbul olunduqdan sonra bəlli olacaq. İndidən heç kim dəqiq deyə bilməz ki, seçki məhz fevralda olacaq: “Məlum olduğu kimi, dekabrın 23-də ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Daha sonra rəsmi nəticələr elan olunmalı və təsdiqlənməlidir. Seçki Məcəlləsində bu prosedurlarla bağlı konkret müddət nəzərdə tutulub. Mərkəzi Seçki Komissiyası ən geci 20 gün ərzində seçkilərin rəsmi nəticələrini elan etməlidir. Qanunvericilikdə yalnız son hədd nəzərdə tutulduğu üçün MSK seçkinin nəticələrini seçkidən 2-3 gün sonra da elan edə bilər. Prinsip etibarilə bələdiyyə seçkilərinin rəsmi nəticələri elan olunduqdan sonra-hesab edək ki, bu dekabrın 26-27-də baş verəcək-parlament seçkilərinin keçirilməsi üçün gərəkli olan 60 günlük müddət hesablana bilər. Onu da qeyd edim ki, hər ilin yanvar ayında müvafiq seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirirlər. Bu, olduqca çətin, zəhmət, işçi qüvvəsi tələb edən bir prosesdir. Amma məcəllədə qeyd olunmayıb ki, seçki keçirildiyi zaman seçici siyahılarını dəqiqləşdirmək olmaz. Yəni belə bir məsuliyyət yoxdur. Həm parlament seçkilərinə hazırlıq, həm seçici siyahılarının dəqiqləşdirilməsi, parlament seçkiləri ilə bağlı prosedurların eyni vaxtda həyata keçirilməsi çox çətin olacaq. Odur ki, nəzəri baxımdan seçkilərin martın 1-də, bazar günü keçirilməsi mümkündür”.
Ekspert qeyd etdi ki, seçkilərin qışda keçirilməsinin isə namizədlərə ciddi problemlər yaradacağı, seçki kampaniyasına, seçici aktivliyinə mənfi təsir edəcəyi gözlənilmir: “Seçkilər hava proqnozu ilə keçirilmir. Həmçinin ölkəmizin iqliminin nəzərə alsaq, Azərbaycanda yanvar və fevral aylarında hava noyabr və dekabr aylarından fərqlənməyə də bilər. Qənaətimə görə, hava ilə bağlı məsələ seçkilərin məsələn, martın 1-də keçirilməsinə qarşı irəli sürülə biləcək ən son iddiadır və indiki halda oynaya bilməyənin yerin darlığından şikayətinə bənzəyir”.
Qeyd olunduğu kimi, Azərbaycanda hazırda da seçki kampaniyası gedir. Hazırkı bələdiyyə seçkiləri kampaniyasının ardınca daha böyük seçki kampaniyası başlayacaq. Beləliklə, ölkəmiz ciddi və uzun müddətli seçki zolağına daxil olub.
Ermənistan bundan öz çirkin məqsədləri üçün istifadə edib atəşkəsi pozmağa cəhd edə bilə, təxribatlara ələ atarmı?
Elçin Mirzəbəyli bildirdi ki, Ermənistan istənilən vaxt təxribata əl ata bilər. Amma bu, təkcə rəsmi İrəvanın iradəsindən asılı olan məsələ deyil. Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələri istənilən təxribatın qarşısını almaq, sabitliyi qorumaq, təhlükəsizliyi təmin etmək gücündədir”.
Siyasi analitik Şahin Cəfərli isə növbədənkənar parlament seçkilərinin fevralda və ya martda keçiriləcəyi halda beş il sonrakı seçkinin 2025-ci ilin aprelində keçirilməli olan prezident seçkiləri ilə demək olar ki, üst-üstə düşə biləcəyi, bu durumun isə necə aradan qaldırılmasının mümkünlüyü barədə sosial mediada yazıb: “2016-cı ilin sentyabrında keçirilmiş konstitusiya referendumu ilə prezidentə 2 mühüm hüquq verilib: birincisi, Milli Məclisin buraxılması, digəri növbədənkənar prezident seçkilərinin elan edilməsi. Məlum olduğu kimi, prezident artıq parlamenti buraxmaq hüququndan istifadə etməyə qərar verib. Gələn il isə, parlament seçkilərindən sonra, böyük ehtimalla növbədənkənar prezident seçkiləri elan edilə bilər”.
"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz çıxış edərək layihə haqqında məlumat verib. Sonra TANAP layihəsi çərçivəsində görülən işləri əks etdirən videoçarx nümayiş etdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib:
“Bu gün tarixi bir gündür. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq. TANAP Türkiyə və Azərbaycana böyük xeyir gətirəcək. TANAP-a aparan yol tarixi İstanbul Anlaşması ilə başladı. Tarixi İstanbul Anlaşması birgə siyasi iradənin nəticəsində mümkün olub. Çünki bu anlaşmanın qəbul edilməsinə qədər qazın Avropaya nəqlində böyük mübahisələr yaşanıb.
Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla bu layihəyə başlamaq haqqında qərar verdik. Layihənin əsas maliyyə yükünü Azərbaycan və Türkiyə üzərinə götürüb.
Bakı-Tblisi-Ceyhan kəməri olmasaydı, bu layihə mümkün olmazdı. BTC ilə bu günə qədər 450 milyon tondan çox qaz dünya bazarına çıxarılıb. Bunun 400 milyon tonunu Azərbaycan nefti təşkil edir.
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum xətti layihəsini açmışdıq. Bu da TANAP üçün vacib irəliləyiş idi”.
Prezident bildirib ki, TANAP Cənub Qaz Dəhlizinin bir parçasıdır:
“Bu gün Cənub Qaz Dəhlizi yeddi ölkəni birləşdirir və bu artıq beynəlxalq əməkdaşlıqdır. Bu layihə daha böyük anlaşmalara yol açacaq. Bunlardan üçü Avropa Birliyi ölkələridir, uzun illər birlikdə çalışacaq və faydasını bölüşəcəklər. Bu layihələrə, sadəcə, enerji layihələri kimi baxmaq doğru deyil.
İki il əvvəl əziz qardaşım Ərdoğanla Bakı-Tbilisi-Qars Dəmiryolu layihəsini həyata keçirdik.
Digər bir layihə elektrik enerjisinin əldə edilməsidir. Əgər bu bölgədə sabitlik olmasaydı, qarşılıqlı dəstək və anlaşma olmasaydı, bunların heç biri həyata keçməzdi. Dünyada ikinci bir ölkə tanımıram ki, Türkiyə-Azərbaycan qədər bir-birinə yaxın olsun.
Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya, Azərbaycan Türkiyə iqtisadiyyatına 17,5 milyard dollar investisiya yatırıb.
Əziz qardaşım Ərdoğanın liderliyi sayəsində Türkiyə böyük nailiyyətlərə imza atdı. Əvvəlki illəri xatırlayırıq. İMF kimi qurumlara iqtisadi asılılıq vardı. Əziz qardaşım Ərdoğan sayəsində Türkiyə iqtisadi asılılıqdan xilas oldu. Türkiyə bu gün dünyada çox önəmli bir güc mərkəzidir.
Türkiyənin gücü bizim gücümüzdür. Bundan sonra iki qardaş ölkə olaraq irəli gedəcəyik. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır. İqtisadi güc nəticədə siyasi gücə çevrilir. TANAP eyni zamanda enerji təhlükəsizliyi layihəsidir.
İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələr və istehlakçı ölkələr birlikdə fəaliyyət göstərir. Bu layihələr bölgədəki sabitliyi artırır. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!”.