Avqustun 19-da paytaxtın Nərimanov rayonunda xalq artisti Nazpəri Dostəliyevanın evini qarət edən şəxslər saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı hadisənin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyini müəyyən edib. Keçirilən tədbirlər nəticəsində adıçəkilən şəxslər saxlanılıb. Məlum olub ki, evə açarseçmə yolu ilə daxil olan şəxslər içində külli miqdarda pul və qızıl olan seyfi aparıblar.
Oğurluq edən şəxslər seyfi əvvəlcə Novxanı qəsəbəsi, ordan isə Asif Həmidovun idarə etdiyi avtomobillə Yunis Hüseynlinin Sumqayıtda, 9-cu mikrorayon ərazisində yerləşən qarajına gətirərək orada kəsiblər. Dəstə üzvləri oğurluq qızıl-zinət əşyaların satışından gələn gəliri öz aralarında bölüblər.
Həmin şəxslər seyfi Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Saxlanılan şəxslərin yaşadıqları mənzillərə baxış zamanı oğurluq yolla əldə etdikləri maddi vəsaitlərin bir qismi aşkar edilib. Saxlanılan şəxslərin yaşadıqları evdən və avtomobillərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Göstərilən faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Axar.az olayla bağlı Xəzər xəbər-in süjetini təqdim edir: