Bakıda keçiriləcək Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclasları və FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimi günlərində paytaxt sakinləri və qonaqların diqqətini cəlb edəcək tədbirlərdən biri də 2023-cü ildə avtomobil idmanı üzrə müxtəlif çempionatların qalib avtomobillərinin sərgisi olacaq.
Axar.az xəbər verir ki, sərgi dekabrın 6-da FIA tədbirlərinin keçirildiyi məkanlardan biri - Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. İctimaiyyət üçün açıq olacaq sərgidə 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikross Çempionatı (World Rallycross Championship), Formula E, Dünya Kartinq Çempionatında (Mondokart.com FIA Karting World Championship – KZ) qalib pilotların idarə etdiyi avtomobillər nümayiş olunacaq.
Avtomobil idmanı həvəskarları sərgidə bir daha həmin yarış həyəcanlarını yaşamaq imkanı qanacaqlar.
Xatırladaq ki, dekabrın 5-dən 8-nədək Bakı ilk dəfə olaraq Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində il yekununun ən gözlənilən tədbirlərdən biri olan FIA Prize-Giving Ceremony-yə ev sahibliyi edəcək. Mükafatlandırma mərasimində il ərzində avtomobil idmanı sahəsindəki qaliblərə mükafatlar təqdim olunacaq.