Məlum olduğu kimi, “Qarabağ” dünən axşam “Kopenhagen” səfərindən sərfəli nəticə ilə ayrılaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
“Qafqazinfo” xəbər verir ki, təmsilçizimizin tarixi uğuru xarici mətbuatın, xüsusilə BBC-nin diqqət mərkəzində olub.
BBC-nin “Qarabağ” haqqında hazırladığı məqaləni təqdim edirik:
“UEFA Çempionlar Liqasında qruplara vəsiqə qazanan ilk Azərbaycan klubu oldu. Ermənistan Dağlıq Qarabağı işğal etdiyi üçün, “Qarabağ” oyunlarını paytaxt Bakıda keçirir.
1993-cü ildə Dağlıq Qarabağ işğal olunan zaman, klubun oyunlarını keçirdiyi “İmarət” stadionu istifadəsiz hala düşüb. Stadionsuz qalan klub Ağdamdan Bakıya köçmək məcburiyyətində qalıb.
1990-cı illərin sonunda klubda ciddi maliyyə sıxıntısı olmasına baxmayaraq, 1999-cu ildə UEFA İntertoto Kubokunda İsrailin “Makkabi Hayfa” klubunu keçərərk Avrokuboklarda mərhələ keçən ilk Azərbaycan klubu olmuşdu.
2008-ci ildə klubun başına Qurban Qurbanov gətirildikdən sonra böyük inkişaf başladı. 2009-2010 mövsümündə Avropa Liqasının təsnifat mərhələlərində “Rusenborq” və “Honka”nı məğlub edən “Qarabağ”a “Qafqazın Barselonası” ləqəbi qoyuldu.
Son çempionluğunu 1992-1993 mövsümündə qazanan klub, 21 il sonra – 2013-2014 mövsümündə yenidən çempionluğunu əldə etdi. 2014-2015 mövsümündə isə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı bacardı.
12 milyon 28 min büdcəsi olan “Qarabağ”, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq 32 klub içərisində ən aşağı büdcəli klubdur.
“Qarabağ”ın ləqəbləri içində ən məşhuru “Köhlən atlar”dır. Bu da Qarabağ atları ilə bağlıdır. Klubun loqosunda da iki at yer alıb.
Əldə edilən tarixi uğur sayəsində “Qarabağ” azarkeşlərin gözündə əfsanəyə çevrildi. Çünki “Qarabağ” Ermənistanın işğal etdiyi və artıq Azərbaycanın nəzarətində olmayan bir bölgəni təmsil edir. Ağdamlılar “Qarabağ”ın uğuruna çox sevinir”.