Son xəbərlər

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Əliyev və İstintaq İdarəsinin Metodiki-yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan hazırlıq iclasına jurnalistlər buraxılmayıb.

Məhkəmədən bildirilib ki, məhkəmənin hazırlıq iclası qapalı keçirilir, bu səbəbdən də jurnalistlər məhkəmə iclasına buraxılmır.

Prosesə təqsirləndirilən şəxslər, onların vəkilləri, zərərçəkənlər, təqsirləndirilənlərin qohumları buraxılıb.

Hazırda proses davam edir.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Oktyabrın 10-u saat 18 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən 1992-ci il təvəllüdlü Mahir Səmədzadənin iş yerində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Axar.az-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

“Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda bildirilib.

Oktyabrın 3-ü saat 19 radələrində 1984-cü il təvəllüdlü Vüqar Eyyubovun yaşadığı evdə xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, narkotik vasitə aludəçisi olan Vüqar Eyyubov yaşadığı fərdi yaşayış evinin həyətində ailə üzvlərinə narkotik vasitə tapmalarını tələb etməsi səbəbindən ailə münaqişəsi zəmnində aralarında baş vermiş mübahisə zamanı fiziki zor tətbiq edib 2006-cı il təvəllüdlü oğlu Aydın Eyyubovu yerə yıxaraq boğazına şüşə parçası dirəyib pul tapmayacağı təqdirdə onları öldürəcəyi ilə hədələyərkən sonuncu daş parçası ilə Vüqar Eyyubovun başına bir neçə dəfə zərbə vuraraq zəruri müdafiə həddini aşaraq atasını öldürüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aydın Eyyubova Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.