Son xəbərlər

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "xurma" yükü aparan "Volvo" markalı yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.

Ardını oxu...

Oktyabrın 7-si saat 22 radələrində Abşeron rayonu ərazisində Şahin İslamovun almış olduğu xəsarət nəticəsində oktyabrın 10-u xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Axar.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin iş yoldaşı Elnur Salmanov fəhlə kimi işlədikləri Sunfood MMC-yə məxsus anbarda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Şahin İslamova bıçaqla xəsarət yetirib, nəticədə o, aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Elnur Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bu gündən etibarən Daxili İşlər Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə qanunsuz sərnişindaşımaya qarşı reydlərə start verib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, artıq səhər saatlarından etibarən reydlərə start verilib:

"Hazırda Daxili İşlər Nazirliyinin Qaradağ postunda yol polisləri agentlik əməkdaşları ilə birlikdə reydlər keçirir. Tədbirlər 08:00-dan başlanıb. Tədbirlər bu gündən etibarən mütəmadi davam etdiriləcək, qanunsuz sərnişin daşıyanlara qarşı müvafiq tədbirlər görüləcək".

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Əliyev və İstintaq İdarəsinin Metodiki-yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan hazırlıq iclasına jurnalistlər buraxılmayıb.

Məhkəmədən bildirilib ki, məhkəmənin hazırlıq iclası qapalı keçirilir, bu səbəbdən də jurnalistlər məhkəmə iclasına buraxılmır.

Prosesə təqsirləndirilən şəxslər, onların vəkilləri, zərərçəkənlər, təqsirləndirilənlərin qohumları buraxılıb.

Hazırda proses davam edir.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.