Xətayi rayonunda daha bir vətən müharibəsi qəhramanı Salayev Elşən Fuad oğlunun abidə lövhəsi və parkın açılışı oldu.
Açılışda şəhidin ailə üzvləri ilə yanaşı rayon icra nümayəndəliyi, Yeni Azərbaycan Partiyasının üzvləri, qazilər və digərləri iştirak etdi. Azərbatcan himni səsləndirildikdən sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Milli.Az RealTV-yə istinadən xəbər verir ki, çıxış edənlər Azərbaycan ordusunun gücündən, vətən üçün canından keçən igidlərin qəhramanlığından bəhs etdilər. Daha sonra Hərb meydanlarında düşməndən qisas alan şəhidlərimizə həsr olunan şeirlər səsləndirildi.
Şəhid Elşən Salayev 8 iyun 1998 ci ildə Bakıda doğulub. O, kiçik yaşlarından həmyaşıdlarından seçilirdi. Məktəbi əla qiymətlərlə bitirərək 617 balla BDU nin tarix fakultəsinə daxil olur. Daha sonra Türkiyədə təhsilini davam etdirir. Rus və ingilis dillərini mükəmməl bilən Elşən həmçinin mühüm elmi layihələrdə də iştirak edib.
Təhsilini bitirdikdən sonra Vətənə borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə gedir. Vətən müharibəsi zamanı vuruşlara qatılaraq Talış kəndi istiqamətində gedən ağır döyüşlər igidlik göstərir. Lakin oktyabrın 15-dən sonra onunla əlaqə kəsilir. 1 ay sonra isə Tərtər rayonunda şəhid olduğu müəyyən olunur. O, noyabrın 18-i Bakı şəhərində dəfn olunur.
Qeyd edək ki,Elşən Salayev Vətən müharibəsi zamanı göstərdiyi qəhramanlığa görə "Vətən uğrunda" medalı ilə təltif olunub.
Milli.Az