Respublikamızın sayılıb-seçilən bölgələrindən biri olan Salyan rayonu hər zaman  öz təqdirəlayiq işləri ilə gündəmdə olub. Belə işlərdən biri də rayon İcra Hakimiyyətinin hər daim qazi, şəhid ailələrinin yanında olması , onlara hərtərəfli qayğı və diqqət göstərməsidir.

Son günlər mənfur düşmənlərimizin törətdikləri təxribatlar nəticəsində respublikamızda gərgin günlər yaşanır. Düşmən layiq olduğu cavabı alır, cəzalandırılır. Lakin şəhidlərimiz , qazilərimiz də var. Vətən bu mərd oğulların qanı , canı bahasına Vətən olur. Salyan rayonu da bu günlərdə həm böyük qürur və həm də dərin hüznlə öz şəhid övladlarını - Elmin Mirzəli oğlu Səmədovu, Elmir Abdul oğlu Hüseynovu, Sadiq Rəşad oğlu İsayevi son mənzilə yola saldı. Vida mərasimində Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra başçısının müavini Rəşad Cəbrayılov ,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinin rəisi Nurlan Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak etdilər.

İcra başçısı Sevindik Hətəmovun təşəbbüsü ilə başda  başçının müavini Rəşad Cəbrayilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinin  rəisi Nurlan Abbasov olmaqla  İcra hakimiyyətini  bir qrup nümayəndəsi Gəncə şəhərində yerləşən hərbi hospitala baş çəkmiş , yaralı əsgərlərimizin vəziyyəti ilə tanış olmuş , onlara hər zaman dəstək olduqlarını  nümayiş etdirmişlər. Salyan rayonu İcra hakimi cənab Sevindik müəllimin salamlarını yaralı əsgərlərimizə çatdırmış ,  xalqımızın , vətənimizin onlarla qürur duyduqlarını fəxarətlə söyləmişlər. Onlara Allahdan şəfa diləyərək tezliklə doğmalarının , yaxınlarının yanlarına qayıtmağı arzulamışlar.

 

Ağstafa rayonunun Qiraq Kəsəmən kənd sakini, II qrup əlil  Mustafazadə Ozal İlham oğlu Hurriyyet.az-a müraciət edərək bildirir ki, İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, ona torpaq sahəsi ayrılmır:

"Atam da, mən də qaziyəm. Bizə dolanışıq üçün torpaq vermirlər. 2021-ci ilin yayında torpaq verilməsi üçün müraciət etmişəm. Türkiyədə iki dəfə beyin əməliyyatı keçirtmişəm. Gözlərim görmə qabiliyyətini itirmişdi. Hazırda yavaş-yavaş görməyə başlayıram. Rayonun icra başçısı bir dəfə 1-ci əməliyyatdan sonra yanıma gəlib.

06.09.2022-ci il tarixində icra başçısının qəbulunda olmuşam. İcra başçısı icra nümayəndəsi Yaqub Əliyevə tapşırıq verdi ki, mənə 2 sot torpaq verilsin. Kənd icra nümayəndəsinin özünün tabeliyində 400 hektar torpaq var. Kəndin suvarı (əkin sahələrinə su verən) Əli Qocayevlə əlbir olub, yaxşı sahələri ələ keçiriblər. Yaqub müəllimin kombaynlarını da həmin şəxs istifadə edir. Qəşəng, bahalı maşınları var. Hər kəsə yuxardan aşağı baxır.

Yaqub müəllim mənə elə bir yerdən 1 sot torpaq verir ki, ora yayda quraqlıq (o ərazidə su olmur), qışda isə gölməçə olur. Belə bir torpağa nə əkmək olar? Necə yaşamalıyam mən? Aylardır Yaqub müəllim məni gözlədir. Verdiyi torpaq yararsız, şəraitsiz yerdə olduğu üçün götürmədim. Özüm boş bir sahədə torpaq gördüm, müraciət etdim, lakin öyrəndim ki, Yaqub müəllimindir.

Dəfələrlə 2 sot torpaq üçün həmin şəxsə müraciət edirəm. Axır elə yerə gəlib çatdı ki, o, məni təhqir etdi. Əlbəttə, mən də susmadım.

Sual verdi ki, mənə aid olan torpaq sahəsini niyə istəyirsən? Dedim, başqa heç yerdə əkin üçün əlverişli torpaq yoxdur".

Ozal Mustafazdə deyir ki, bir neçə dövlət orqanına müraciət etməsinə baxmayaraq, şikayəti əsassız qalıb: "Yenidən vəkilə getdim, Ədliyyə Nazirliyinə məktub göndərdik. Cavab  gəldi. Məni Heydər müəllimin qəbuluna yönləndirdilər. Heydər müllim məni yaxşı qarşıladı, amma torpaq alıb verə bilmədi. Mən səsimi kimə, hara çatdırım? Heydər müəllimin də tapşırığı əsassız qaldı.

Yaqub Əliyev kəndin ən yaxşı torpaq sahələrini ələ keçirib, öz qohum-əqrabasına verib. Mənimlə bağlı tapşırıq verilsə də, şikayətim əsasız qalmaqda davam edir.

2-ci ağır beyin əməliyyatı keçirdikdən sonra atamla İcra Hakimiyyətinə getdim. Xahiş etdik ki, xəstəxanaya gedib-gəlməyim üçün maşın ayrılsın. Əlbəttə ki, bu istəyim də qəbul olunmadı. İcra başçısı mənə icra nümayəndəsi vasitəsilə  60 AZN yolpulu göndərmişdi. Əsəbləşdim, heç pulu götürmədim. Özümə təhqir hesab etdim".

Məsələ ilə bağlı Ağstafa rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Çoxsaylı cəhdlərimizdən sonra özünü təqdim etməyən rəsmi şəxslərdən biri "araşdıracağıq" deyərək, telefonu söndürdü. Səhərisi gün mövzu ilə bağlı yenidən İcra Hakimiyyətinin mövqeyini dərc etməyə çalışdıq. Lakin bir nəfər tapılmadı ki, suallarımıza cavab verilsin, sanki İcra Hakimiyyətinin binasına “bomba düşüb”.

P.S. Ümüdvarıq ki, lazımi orqanlar bu məsələ ilə bağlı tədbir görəcəklər. Mövzunu davam etdirəcəyik.

Jalə FAMİLQIZI

“İran taktiki baxımdan, bölgədə hərbi təxribatlara rəvac versə də rəqabətə davam gətirmək iqtidarında deyil”
Son günlər Azərbaycana qarşı ciddi hərbi və siyasi təxribatların artması müşahidə olunur. Döyüş xəttinin önündə Ermənistan dayansa da Azərbaycana edilən hücumların arxasında daha iri geosiyasi oyunçuların dayandığı şübhə doğurmur. Çünki Ermənistan Azərbaycanla müqayisədə kifayət qədər zəif dövlətdir və iki il öncə məğlub olduğu ölkəyə qarşı təzyiq göstərmək gücünə malik deyil. Üstəlik, Ermənistan daima bu regionda maraqları olan Rusiya, İran, ABŞ, Fransa kimi geosiyasi aktorların aləti olub.

Yəni Ermənistan müstəqil siyasi proses yaratmaq imkanı olmadığından Azərbaycana qarşı vəkalət müharibəsində istifadə edilib. Bu baxımdan, sentyabrın 12-dən başlayaraq Azərbaycanın dövlət sərhəddində baş verən hərbi təxribatda təhrikçi güclərin dayandığı şübhə doğurmur. Əlbəttə, vassal statusu Ermənistanı heç bir halda məsuliyyətdən azad etmir. Lakin döyüşlərin başladığı ilk gündən İran rejiminin tutduğu mövqe Azərbaycana qarşı hərbi və siyasi hücumların təşkilində rəsmi Tehranın fəal iştirak etdiyini göstərir. Əslində, bu prosesdə Ermənistanın və İranın yanaşı addımladığını görmək olar. Belə ki, İran rəsmiləri Ermənistanı guya təcavüzə məruz qalan və sərhədləri pozulmuş tərəf kimi təqdim etməklə faktiki olaraq, Azərbaycana qarşı təxribata dəstək vermiş oldu. Bu isə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndirilə bilər.
İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığında Azərbaycana dolayısı ilə ultimatum verib. O, Cənubi Qafqaz regionunda yeni müharibənin qəbuledilməz olduğunu və İranın mövcud prosesləri diqqətlə izlədiyini bildirib.

“Bölgədəki bütün mübahisələr sülh yolu ilə həll olunmalıdır və İranın ölkələrin ərazi bütövlüyü ilə bağlı mövqeyi aydındır”,-deyə Rəisi iddia edib.

İran rəhbəri Xameneyinin İranla Ermənistan arasında min illik sərhədin əhəmiyyəti ilə bağlı sözlərinə toxunan ölkə prezidenti əlavə edib: “İranın Ermənistanla əlaqəsi təhlükə altına düşməməli, rabitə yolları dövlətlərin nəzarətində olmalıdır”.

Maraqlıdır ki, müharibəni başladan tərəf Ermənistan olduğu halda, İ.Rəisi Azərbaycana eyham vurur. O, İranın Ermənistanla əlaqəsinin təhlükə altına düşdüyünü xüsusi vurğulamaqla Azərbaycanı təcavüzkar tərəf kimi təqdim etməyə çalışır. Əslində, İran Prezidentinin niyyəti başqadır və o, Ayətullah Xamneyidən sitat gətirməklə bölgədə sülhün əldə olunacağı təqdirdə kommunikasiyaların açılmasından Tehranın narahatlığını ifadə edir. Xatırladaq ki, Ayətullah Xamneyi bir müddət öncə İranın sərhədlərin bağlanmasına səbəb olan siyasət və planlara dözməyəcəyini bəyanat etməklə Zəngəzur dəhlizinin açılmasına etirazını bildirmişdi. Ona görə də bu gün Zəngəzur istiqamətində döyüşlərin baş verməsi və avqustun 31-də Brüsseldə Azərbaycanla Ermənistan arasında razılaşdırılmış sülh gündəliyinin pozulması İranda siyasi atəşfəşanlığa səbəb olub.

İran rəsmiləri bütün səviyyələrdə Azərbaycan əleyhinə bəyanatlar verməklə cəbhə xəttində Ermənistanın hücum mövqeyini siyasi-diplomatik cəhətdən gücləndirməyə çalışır. Hətta Ermənistan telekanallarının məlumatına görə, Kəlbəcər istiqamətində Azərbaycan ordusunun mövqelərinə hücum zamanı İrandan alınmış pilotsuz uçan aparatlardan istifadə olunub. Bu məlumat rəsmən təsdiq edilməsə də Ermənistan ordusunu PUA-larla təhcizatında İranla əməkdaşlığa başlanlması faktdır. Avqust ayında İranın “Kaşan” aviabazasında İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin Ermənistanla birgə PUA təlimləri keçirilib. Həmin vaxt Ermənistanın İran istehsalı olan PUA-ları alacağına dair yayılan məlumatlar görünür, reallığa çevrilir. İran Ermənistana ağır silahlar verməklə 44 günlük Vətən müharibəsindən sonra bölgədə geosiyasi balansın Azərbaycanın və Türkiyənin lehinə dəyişməsinin qarşısını almaq istəyir. Eyni zamanda, “SEPAH” “Tvitter” hesabında Azərbaycan sərhəddində baş verənləri “İsrail fitnəsi” adlandırmaqla Ermənistanı təxribata məruz qalan tərəf kimi təqdim etməyə çalışır. İran parlamentinin deputatı Ələsgər Şeirdustun azərbaycanlıları “murdar” adlandırması isə Ermənistanın hərbi və siyasi cinayət ortağının Tehran rejimi olduğunu bir daha təsdiq edir.

Halbuki, həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı Ermənistanın yanında yer almaq İrana ciddi siyasi və iqtisadi divident gətirməyib. Əksinə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsində sonra “3+3” regional əməkdaşlıq platformasına İranın cəlb olunması sanksiyalar altında əzilən bu ölkəyə yalnız mənfəət gətirə bilər. Çünki bölgədə sülhün və sabitliyin bərqərar olması, o cümlədən Zəngəzur vasitəsilə kommunikasiyaların açılması İranın dünya ölkələri ilə ticarət əlaqlərinin genişlənməsi, regionun logistika mərkəzinə qoşulması deməkdir.

Avropa və Çin arasında yükdaşımaları təmin edəcək “Bir kəmər-Bir yol” layihəsi, “Böyük İpək Yolu” Azərbaycandan keçir. Bu isə Azərbaycanın geostrateji əhəmiyyətini getdikcə artırır. İran mövqeyi güclənməkdə olan Azərbaycanın yanında yer almaq əvəzinə, bu əməkdaşlığa qarşı çıxmaqla Cənubi Qafqaz hub-ına çıxış imkanlarından özünü təcrid edir. Şərq-Qərb nəqliyyat dəhlizinin Zəngəzurdan keçməsi iqtisadi böhranı dərinləşməkdə olan İran üçün yeni nəfəslik aça bilər. Ancaq İran rejimi Qafanda baş konsulluq açmaqla Azərbaycanın və Türkiyənin bölgədə artan geosiyasi nüfuzunu əngəlləməyə, Zəngəzur dəhlizinə problem yaratmağa çalışır.
Rəsmi Tehranı narahat edən digər məqam İranın Fars körfəzindən Qara dənizə qədər nəqliyyat dəhlizinin məhz Zəngəzur və Qafan ərazisindən keçməsi ilə bağlıdır. İran Zəngəzur dəhzlinin açılmasını Türkiyənin və Azərbaycanın bölgədə geosiyasi təsirinin artması baxımından yolverilməz sayır. Eyni zamanda, Zəngəzur dəhlizi işə düşərsə, bölgənin əsas nəqliyyat “hub”ına çevriləcək. Bu halda Fars-körfəzi-Qara dəniz layihəsinə ehtiyac qalmayacaq. Çünki Çin və Avropa da öz məhsullarını bu marşrutla daşımağa üstünlük verəcək. Azərbaycan, Özbəkistan və Türkiyə arasında imzalanmış Daşkənd bəyannaməsi də Mərkəzi Asiyadan Avropaya qədər yükdaşımaları təmin edəcək orta dəhlizin məhz Azərbaycan və Türkiyə üzərindən keçməsini nəzərdə tutur. Yüklərin Azərbaycan üzərindən Türkiyəyə və əks istiqamətdə ötürülməsi isə Bakı-Tiflis-Qars dəmir yolu və Zəngəzur dəhlizi vasitəsilə təmin oluna bilər. Eyni zamanda, Ukrayna müharibəsindən sonra Qərb bazarlarına çıxış yolu bağlanan Rusiya cənub və şərq ölkələri ilə əməkdaşlığa üstünlük verir. Bu baxımdan, Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ancaq Zəngəzur dəhlizinə qarşı olan Qərbin bu məsələyə dair mövqeyi taktiki cəhətdən İranla üst-üstə düşür. Ona görə də ekspertlər hesab edir ki, Cənubi Qafqazda Azərbaycan, Rusiya, İran, Qərb, Türkiyə və Ermənistan arasında mövcud geosiyasi maraqlar toqquşması Qarabağdan Zəngəzura keçir. İran taktiki baxımdan, bölgədə hərbi təxribatlara rəvac versə də rəqabətə davam gətirmək iqtidarında deyil. Ayətullah Xamneyinin səhhətinin ağır olması barədə məlumatların artması İranda rejimin mövcudluğunu zərbə altına qoya bilər. Ona görə də yaxın perspektivdə İran hakimiyyətnin diqqətinin Cənubi Qafqazdan daxili problemlərə yönələcəyi gözləniləndir.