![]() |
![]() |
Bütün ömrünü xalqa təmənnasız xidmətə həsr edərək, milli maraqları daim hər şeydən üstün tutan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin dönməzliyini və əbədiliyini təmin etdi.
Tarix sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əhəmiyyətli rola malikdir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna
xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını
qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər
Əliyevin xüsusi rolu var.Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü
xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə
rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz
töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib.Müstəqil
dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli
Azərbaycan Ordusunun yaradıcısıdır. Müstəqillik illərində ordu quruculuğu prosesinin
dövrün çağırışlarına müvafiq olaraq ardıcıllıqla həyata keçirilməsi Azərbaycanın hərbi
qüdrətinin artırılması işinə mühüm töhfələr vermişdir.Qarşısına qoyulan hər hansı
tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı
Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Ulu öndər Heydər
Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində
ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Tarixə nəzər
salsaq görərik ki, Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə
böyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsinə çalışırdı.
1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin
yaradılmasına nail olundu. Heydər Əliyev azərbaycanlı gəncləri həmçinin SSRİ-nin
qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrinin
formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit
kadrlarımızın müstəsna rolu olub.Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya
göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını
əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən
siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb
sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib
çıxarmışdır.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da
apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı,
Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər
görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi.
1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda
ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı
Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji
hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu
quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli
Fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Ulu Öndər hərbi təhsil
sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi
Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Akademiyanın təsis olunması
hərbi sahədə milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarilə yeni
inkişaf mərhələsi idi. 2001-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün
kadr hazırlığının təkmilləşdirilməsinin təmin edilməsi məqsədilə Müdafiə Nazirliyi
sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan
Hərbi-Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin
təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara
uyğunlaşdırılmasına səbəb oldu.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müasir
ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli
addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunun cəmi bir neçə il
ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi. Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri
2020-ci il Vətən müharibəsində qazandığı parlaq Qələbə ilə ölkəmizin tarixinin ən şanlı
səhifəsini yazdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə tarixi ədaləti bərpa
etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının
uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının
yaradılması sayəsində bu gün Azərbaycan Ordusunun döyüş potensialı getdikcə
gücləndirilir, bununla yanaşı, ölkəmizdə işğaldan azad edilmiş ərazilərdə misli
görünməmiş bərpa quruculuq işləri görülür, bütövlükdə bütün sahələrin inkişafı
istiqamətində irimiqyaslı layihələr həyata keçirilir.
Arzu Daşpoladova,
Salyan şəhər 7 saylı məktəb-liseyin direktoru, YAP fəalı
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən
hadisələr gərginliyi, strateji baxımdan əhəmiyyəti ilə əvvəlki dövrlərin bir neçə onilliyinə
bərabər idi.Doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı
ilin iyulunda Azərbaycana qayıdan ulu öndər Heydər Əliyev ilk əvvəl Bakıya, sonra isə
Naxçıvana gələrək Qurtuluş mübarizəsini davam etdirmişdir.
Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr nə
Azərbaycan dövlətçiliyini, nə də onun ayrılmaz parçası olan Naxçıvanı qorumaq
iqtidarında idilər.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə tamamilə idarəolunmaz
vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə
düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı,
dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı.O vaxtkı bacarıqsız iqtidar
mənsubları blokadada olan Naxçıvana kömək göstərmək əvəzinə Heydər Əliyevə qarşı
mübarizəyə başlamışdılar. 1992-ci ilin oktyabrında Heydər Əliyevə qarşı qəsd həyata
keçirməyə, onu Naxçıvan rəhbərliyindən devirməyə cəhd də etdilər. Lakin bu cəhdlər
uğursuzluğa məhkum idi. Həmin ağır şəraitdə Heydər Əliyev böyük dövlət adamı,
qətiyyətli və iradəli siyasətçi olduğunu sübut etdi
Azərbaycanda qeyri-sabit, qarşıdurmanın ifrat həddə çatmış olduğu, müstəqilliyini
itirmək təhlükəsi ilə üzləşdiyi bir dövrdə xalqın xahişi və təkidi ilə ümummilli liderin
hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizin real təhlükədən xilas olması üçün zəruri
şəraiti təmin etdi, onun dönməzliyini, əbədiliyini şərtləndirdi. Müstəqilliyimizin əbədiliyinin
təmin olunmasının, milli dövlətçiliyimizin qurulmasının təməli 1993- cü ilin iyunundan
başlayır. Həmin tarix“15 İyun - Milli Qurtuluş Günü” müstəqillik tariximizin əbədiləşən
günüdür. Ölkə daxili siyasi böhrandan qurtuldu. Belə ki, ümummilli liderin dövlətçilik
təcrübəsi, düzgün seçim strategiyası və bunun fonunda atdığı zəruri addımlar sayəsində
ölkədə hökm sürən dağıdıcı proseslər mərhələli şəkildə aradan qaldırıldı.
Müstəqilliyin və suverenliyin göz bəbəyi kimi qorunmasını öz siyasətinin ana xətti
olduğunu bəyan edən və onu praktik fəaliyyətində reallaşdıran Heydər Əliyev
Azərbaycanın müstəqilliyinin qüdrətli təminatı missiyasını uğurla həyata keçirdi, milli
ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi
ilə bağlı ciddi addımlar atdı. Ölkəmizdə müstəqil dövlət təsisatları yaradıldı, demokratik
prinsiplər bərqərar oldu, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı
dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi
perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı.
Geosiyasi maraqların toqquşduğu bir dövrdə Heydər Əliyev dünyanın diqqətini
yenidən Azərbaycana yönəltdi. 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan
sektorundakı neft yataqlarının işlənməsinə dair imzalanan "Əsrin müqaviləsi" dünya
əhəmiyyətli mühüm iqtisadi çəkisi olan layihə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq
mövqelərini möhkəmləndirdi və ölkəmizin müttəfiqlərinin sayını artırdı. "Əsrin
müqaviləsi"nin imzalanması, imzalanan digər müqavilələr, onların gerçəkləşdirilməsi
Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf
konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Ulu öndər Heydər Əliyev siyasətinin gücü onun milli maraqlara əsaslanmasındadır.
Dövlət və cəmiyyət həyatının elə bir sahəsi, elə bir problemi olmadı ki, onun diqqətindən
kənarda qalsın. Ulu Öndər cəmiyyət həyatının bütün sahələrinə dərindən nüfuz edərək,
mühüm qərarlar qəbul edir, onların icrasına nail olurdu.Heydər Əliyevin ölkəyə rəhbərlik
etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu
dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq sabit inkişaf
yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş
meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən
yaradıldı, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata
keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi.
Ümummilli lider Heydər Əliyevin müdrikliyi və siyasi uzaqgörənliyinin zirvəsi onun
özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın
müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin
edəcək yeni dövrün liderini - İlham Əliyevi yetişdirməsi olmuşdur.
Bu gün ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Prezident İlham
Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni
inkişaf modelini təqdim edib. Dövlətimizin başçısının yürütdüyü siyasətin başlıca
məqsədi, atdığı bütün addımlar müstəqil Azərbaycanın daha da möhkəmlənməsi, güclü
iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının
təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib.
Qüdrətli və güclü dövlətə çevrilən Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri
və dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsi olmuşdur. Dünya müstəqil
Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı
ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydıngördü. Prezident
İlham Əliyev müqəddəs bir vəzifəni - Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək
adını tarixə qızıl hərflərlə yazdı. Zəfər Paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, dövlətinin gücünün göstəricisi, xalqın
çoxdan arzuladığı tarixi bir hadisənin təsdiqi oldu. Azərbaycanın sarsılmaz,
məğlubedilməz bir ölkə olduğunu bütün dünyaya sübut etdi. Bu müqəddəs yolun, bu
şərəfli missiyanın bünövrəsi 15 İyun-Milli Qurtuluş Günündən başlamışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı kimi, Heydər Əliyev
bütün dövrlərdə bütün sınaqlardan şərəflə çıxmışdır. Bütün mübarizələrdə - istər daxili,
istər beynəlxalq müstəvidə, bütün dövrlərdə doğma Vətənini müdafiə etmişdir və qələbə
qazanmışdır. Əgər biz tarixə bir daha nəzər salsaq, görərik ki, Heydər Əliyevsiz dövrlər
Azərbaycan üçün böyük fəlakətlərlə nəticələndi. Yaşadığımız indiki dövr Azərbaycan
üçün uğurludur və bunun da tək səbəbi var. Çünki bugün Heydər Əliyev siyasəti
yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir.
Faiq Çobanov,
Salyan rayon Qardili kənd tam orta məktəbin direktoru, YAP fəalı
Tariximizdə müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli
siyasət və dövlət adamlarının sayəsində Azərbaycan əsrlərdən bəri
formalaşdırmış olduğu milli dövlətçilik ideyasını, bütöv bir millətin etnik-
siyasi potensialını qoruyub saxlaya bilmişdir. Ən yeni tariximizdə bu
missiyanı dahi şəxsiyyət Heydər Əliyev üzərinə götürmüş və şərəflə,
ləyaqətlə öhdəsindən gəlmişdir. Məhz Heydər Əliyev sayəsində
Azərbaycan öz müstəqilliyinə nail olmuş, dünya dövlətləri sırasında öz
mövqeyini qoruyub saxlaya bilmiş, üzərinə düşən xilaskarlıq missiyasını
şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə
götürərək dövlətimizi dünyanın xəritəsindən silinmək təhlükəsindən, xaos
və hərc-mərclikdən qurtarmışdır. Böyük düha sahibi Heydər Əliyev öz
misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli
şəxsiyyətinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidi ilə hakimiyyətə qayıtması Azərbaycanın müasir tarixində
dönüş nöqtəsi oldu, məhz ulu öndərin qayıdışından sonra müstəqilliyimiz
təhlükədən xilas oldu və ölkədə sabitlik bərpa olundu. Ölkənin tarixində
yeni inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycan
dövlətinin tarixinə qızıl hərflərlə yazıldı. “Əsrin müqaviləsi” 1994-cü ilin
sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10
şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” həm karbohidrogen
ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə
dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin
müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini
müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti
ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev
demişdir: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan
xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin
suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və
inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr
olacaqdır”.
Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. İlk
növbədə iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması
istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı. Ən əsası
iqtisadiyyatımızın inkişafında neft amilinə böyük önəm verilməsi ulu öndər
Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Çoxlarına əfsanə kimi
görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
reallığa çevrilməsi ilə regional inkişafın aparıcı qüvvəsinə çevrilən
Azərbaycan sonrakı illərdə əməkdaşlığın coğrafiyasını genişləndirməklə
dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələr verən ölkə kimi nüfuz
qazandı. Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan enerji siyasətinin
inkişafı da Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycanın neft yataqlarını ən
böyük milli sərvətimiz adlandıran Heydər Əliyev hər zaman bu sərvətin
gələcək nəsillər üçün də əhəmiyyətini vurğulayıb.
1994-cü ildə Ulu Öndərin rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi”ni
mükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı
beynəlxalq konsorsiumların etibarını qazanıb. Bu gün əsası qoyulmuş həmin
enerji siyasəti Prezident İlham Əliyev tərəfindən dövlət maraqlarının təmin
olunması üçün hər bir sahədə məharətlə istifadə olunur. Azərbaycan artıq
yaşıl iqtisadiyyatın təşviqi və yaşıl enerjinin istehsalı sahəsində də vacib
layihələrin həyata keçirilməsinə başlayıb. Bu baxımdan ölkədə neft və qazdan
əlavə istehsal olunan alternativ enerjinin xarici ölkələrə nəql olunması
istiqamətində dünya dövlətləri mövcud əlaqələrin daha da dərinləşməsinə
böyük maraq nümayiş etdirirlər. Bu gün Azərbaycanın hər bir platformada əldə
etdiyi iqtisadi uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin düzgün
gələcəyə hədəflənmiş müəyyən etdiyi siyasət dayanır. Prezident İlham
Əliyevin vurğuladığı kimi, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə
yetirdim”. Bu, nəinki döyüş meydanında əldə etdiyimiz Zəfərin, eyni zamanda,
dövlətin və dövlətçiliyin inkişafı, qorunmasına yönəlik bütün sahələri əhatə
edən strategiyaların son 20 il ərzində uğurla davam etdirildiyinin göstəricisidir.
Təbriz İsmayılov,
Salyan rayonu Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Ümummilli lider Heydər Əliyev 1993-cü il oktyabrın 10-da ilk dəfə prezident kimi əlini
Azərbaycan Respublikasının Konstitusiyasına və müqəddəs kitabımız Qurani-Şərifə
basaraq and içdi ki, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında yer
tutmasına nail olacaq. Və nail oldu da. Bu gün məhz onun qurub-yaratdığı müstəqil
Azərbaycan dövləti dünyanın ən qüdrətli dövlətləri, ən aparıcı beynəlxalq təşkilatları
arasında mühüm söz sahibinə çevrilmişdir. O, and içdi ki, Azərbaycan Respubilkasının
demokratik, hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olacaq. Oldu da. Bu gün
Azərbaycan dövləti dünyanın 200-dən artıq dövləti arasında “Ən islahatçı ölkə” adına
layiq görülüb. İnsan hüquq və azadlıqlarının qorunmasına görə Azərbaycan bütün
Avrasiyada nümunə göstərilir. Seçki qanunvericiliyinə və seçki təcrübəsinə görə
Avropanın bütün ekspertləri Azərbaycan təcrübəsinin daha geniş yayılması barədə
təkliflə çıxış edirlər. ... Bu gün Heydər Əliyevin məhv olmaqdan, parçalanmaqdan xilas
etdiyi Azərbaycan dövləti Avropa üçün ən mühüm, ən gərəkli ölkələrdən birinə
çevrilmişdir.
Heydər Əliyev kimi siyasət dahisinin, idarəçilik ustasının hakimiyyətə gəlməsini
zəruri edən bir mühüm amil də var idi. Belə ki, Azərbaycan həmin əsrdə bir dəfə öz
dövlət müstəqilliyinə qovuşmuş, ancaq müstəqilliyin qorunub saxlanılması mümkün
olmamışdı. Ona görə də xalqın önündə gedən ziyalılar ikinci müstəqil dövlətimizin
taleyindən çox nigaran idilər. İnsanlar 1991-ci ildə qazanılmış müstəqilliyin də əldən
getməsindən qorxurdular. Üstəlik, Dövlət müstəqilliyi haqqında Konstitusiya aktının
qəbul edilməsindən 15 iyun 1993-cü ilə – Qurtuluş Gününə qədər ölkədə gedən ictmai-
siyasi proseslər ikinci müstəqilliyin də məhvinə zəmin yaradırdı.
Xalq ölkədə amansızcasına davam edən hakimiyyət davasından bezmişdi.
İmperiyapərəst qüvvələrlə AXC – Müsavat iqtidarı arasında gedən hakimiyyət savaşı
ölkəni xaos və anarxiya girdabına yuvarlamış, dövlətçiliyin məhv olmasına real zəmin
yaranmışdı. Hakimiyyət kürsüsünə, idarəetmə sükanı arxasına Heydər Əliyevin gəlməsi
zərurətini tarix, zaman yaratmışdı. Xalq bunu yaxşı dərk edirdi. Ona görə də mitinqlərdə,
etiraz aksiyalarında belə bir ifadəyə tez-tez rast gəlinirdi: Oyanmış xalqa yatmış rəhbər
gərək deyil.
İdrakın səsinə qulaq asanlar, tarixi reallığı və şəxsiyyətin təcrübəsini
qiymətləndirməyi bacaranlar yaxşı bilirdilər ki, həmin illərdə dövlət başçısı kimi dövləti
qoruyub saxlaya biləcək yeganə siyasətçi Heydər Əliyev idi. Məhz bu amili əsas götürən
Azərbaycan xalqı ulu öndəri Naxçıvandan Bakıya dəvət etdi və qısa müddətdən sonra
onu prezident seçdi.
Ulu öndər Heydər Əliyev ilk növbədə ölkədə daxili ictimai-siyasi sabitliyin bərqərar
olunmasına başladı. Xaos və anarxiya yaradan, istənilən anda istənilən yerdə
özbaşınalıq edən silahlı birləşmələr ləğv edildi. Ordu vahid rəhbərlik altında birləşdirildi.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata
keçirildi. Ümumi səfərbərliklər, eləcə də ordunun vahid komanda altında birləşdirilməsi
nəticəsində düşmənə layiqli cavab verildi, ərazilərimizin işğalının qarşısı alındı. Nəticədə
düşmən atəşkəs haqqında müqaviləni imzalamağa məcbur oldu. Daha sonra isə
çoxsaylı islahatlara start verildi. Aparılan hüquqi islahatlar nəticəsində ölkəyə xaricdən
gətirilən sərmayələrin qorunmasına dövlət zəmanəti verildi. Bu isə Xəzərin Azərbaycan
sektorundakı karbohidrogen ehtiyatlarının əcnəbi şirkətlərlə müştərək işlənməsinə
zəmin yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycana
külli miqdarda xarici investisiyalar gətirilməsi ilə nəticələndi. Bundan sonra isə ölkədə
yeni parlament seçilməsinə və yeni Konstitusiyanın hazırlanmasına başlamaq olardı.
Heydər Əliyev bu iki mühüm layihəni də uğurla başa çatdıraraq, sözün həqiqi
mənasında, Azərbaycanın sivilizasiyalı dövlətlər sırasına çıxarılması üçün gərəkli olan
bütün addımları atmış oldu.
Bu gün ulu öndərin xalqa miras qoyub getdiyi dövlət etibarlı əllərdədir. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti və diplomatik çevikliyi nəticəsində
müstəqil Azərbaycan dövlətinin qərarları ilə razılaşmayan ölkə yoxdur. Bütün bunların
təməli isə 1993-cü il oktyabrın 3-də qoyulmuşdur.
Mahirə Məlikova,
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini