Ötən ilin 27 sentyabrında İsrailin Beyruta endirdiyi zərbə nəticəsində həlak olmuş Hizbullahın baş katibi Həsən Nəsrullah 23 fevralda dəfn ediləcək.
Axar.az xəbər verir ki, bu barədə Livanın “Əl Cədid” telekanalı şiə icması mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Nəsrullahın və onun yaxın silahdaşı, Hizbullahın İcraiyyə Şurasının sədri Haşım Safiəddin (3 oktyabrda İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbəsi nəticəsində həlak olub) dəfni ilə bağlı rəsmi elan yaxın 48 saat ərzində veriləcək.
Məlumata görə, onların nəşi SEPAH-ın “Qüds”qanadının komandanı Qasım Süleymaninin abidəsi yaxınlığında, Mustaşariya küçəsindəki mavzoleydə dəfn ediləcək.
Bundan əvvəl Nəsrullah müvəqqəti olaraq gizli bir yerdə dəfn edilmişdi və xalqın iştirakı ilə keçiriləcək rəsmi dəfn mərasimi üçün uyğun şərait yaranana qədər orada qalacaqdı.
Nəsrullahın dəfninin Ramazan ayından əvvəl keçirilməsi uyğun görülüb.