Xaricdəki bir qrup mərkəz Ruben Vardanyandan siyasi məhbus obrazı yaratmaq istəyir. İndi də dezinformasiya yayıblar ki, guya həbsxanada Ruben Vardanyan işgəncəyə və pis rəftara məruz qalıb.
Ruben Vardanyanın ailə üzvləri, o cümlədən müxtəlif ölkələrdəki dostları açıqlamalar yayır, jurnalistlərə mütəmadi müsahibələr verirlər. Bu yolla Azərbaycana beynəlxalq təzyiqin artırılmasına çalışırlar.
Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ermənistan hökumətini və Baş nazir Nikol Paşinyanı Ruben Vardanyan və Azərbaycanda həbsdə olan digər separatçıların taleyi zərrə qədər də maraqlandırmır, onların adlarını çəkmir, əksinə, İrəvana qaçan separatçıların həbsləri davam edir:
“Ermənistanda keçmiş illərdə də yerli ermənilərlə Qarabağ erməniləri arasında fikir ixtilafı olub. Paşinyan son çıxışlarından birində Qarabağdakı separatçıları “klerikal feodal tör-töküntülər” adlandırıb. Ermənistandakı radikal müxalifətin nümayəndələri hesab edirlər ki, Paşinyan qəsdən Ermənistanda Qarabağ ermənilərinə qarşı nifrətin artmasında maraqlıdır. Bu səbəbsiz deyil. Çünki radikal müxalifətin mitinqlərinə və küçə yürüşlərinə qatılanların əksəriyyəti Qarabağdan gəlmələrdir. Ruben Vardanyan hansısa yolla Ermənistana keçə bilsəydi, o da bu gün Bakı əvəzinə İrəvandakı həbsxanada saxlanılacaqdı. Çünki böyük ehtimalla İrəvanda Paşinyana qarşı hərəkata keşiş deyil, Ruben Vardanyan başçılıq edəcəkdi. Görəsən bu halda xaricdəki mərkəzlər Ruben Vardanyanı azad etmək üçün qərbpərəst Nikol Paşinyana təzyiq edəcəkdilərmi?”