BRİKS üzvlərinin sayı artacaq.
Bu təşkilata maraq göstərən dövlətlərin sayı artıb. Bu sırada Türkiyə də var. “Əlbəttə, biz BRİKS-ə üzv olmaq istərdik. Gəlin, görək bu il hər şey necə olacaq?”, – deyən Türkiyənin xarici işlər naziri Hakan Fidan təşkilatın xarici işlər nazirlərinin Rusiyanın Nijni Novqorodda keçirilən toplantısına qatılıb. Bölgədə əhəmiyyətli rola malik Türkiyənin BRİKS-ə üzvlüyü təşkilatın gücünü artıracaq.
Axar.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzi analizində yer alıb.
Analizdə bildirilir ki, Türkiyə bu təşkilata üzv olmaqla həm xarici siyasətini şaxələndirməyə, həm də tərəfdaşları ilə əlaqələrini gücləndirməyə çalışır:
“Buna baxmayaraq, BRİKS-ə üzvlük Türkiyənin Qərblə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir. Aydındır ki, BRİKS üzvlərindən Rusiya və Çin təşkilat çərçivəsində ABŞ və Avropa ilə mübarizə aparmaq istəyirlər. Ancaq BRİKS-in digər üzvləri olan Hindistan, Cənubi Afrika Respublikası və Braziliya Moskva və Pekinin siyasətindən asılı deyillər, Vaşinqton və Brüssellə əməkdaşlığa davam edirlər. Eyni ilə Türkiyə də BRİKS çərçivəsində çoxtərəfli xarici siyasətində manevr imkanlarını artırmağa çalışacaq”.
Mərkəzin analitik təhlilində qeyd olunur ki, Moskva təşkilat üzvlərinin sayının artırılması siyasətini dəstəkləyir:
“Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun açıqlamasına görə, bu ilin oktyabr ayında Kazan şəhərində keçiriləcək sammitə qədər yeni üzvlərlə bağlı təkliflər hazırlanacaq. Moskva təşkilatla tərəfdaşlıq etmək istəyən dövlətlərin üzvlüyünə müsbət baxır. Ancaq fərqli yanaşmalar da var.
Hindistan XİN-in sözçüsü Randxir Caysval açıqlama verərək, BRİKS-in genişlənməsinin bütün üzvlərin razılığı əsasında mümkün olduğunu bildirib. Bölgə ölkələrindən Tailand da BRİKS-ə üzv olmaq istəyir”.
Təhlildə Hindistanla Çin arasında Maldiv adalarıyla bağlı artan gərginlik məsələsinə də toxunulub:
“Ada dövləti olan Maldiv mühüm geosiyasi kəsişmədə yerləşir. Hindistanın ada dövləti ilə münasibətləri Muizzunun Maldivin prezidentliyi dövründə pozulub. Halbuki buna qədər iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində idi. Hindistan Maldivdə müxtəlif layihələri maliyyələşdirib, 500 milyon dollar dəyərində güzəştli kredit verib. Maldiv adalarının hazırda Çinin orbitinə yaxınlaşdığı görünür. Bu amilin özü göstərir ki, Hindistan və Çin BRİKS təşkilatının üzvü olsalar da, aralarında rəqabət də davam edir”.