İndoneziyada itkin düşən 45 yaşlı qadının meyiti piton ilanın qarnından çıxarılıb.
Axar.az xəbər verir ki, hadisə Cənubi Sulavesi əyalətinin Kalempanq kəndində baş verib. İyunun 6-da axşam vaxtı Fəridə adlı qadın itkin düşüb. Axtarışa çıxan kənd sakinləri növbəti gün kəndin yaxınlığındakı meşədə qarnı qabarmış tor piton görüblər. Uzunluğu 5 metr olan ilanının qarnını kəsən kəndlilər Fəridənin bütöv meyitini aşkarlayıblar.
Qeyd edək ki, dərisi üzərində tora bənzər naxışlar olduğu üçün torlu piton adlandırılan bu ilan Cənubi və Cənub-şərqi Asiyada rast gəlinir. Nəsli kəsilməkdə olan torlu piton dünyada ən uzun, ağırlığına görə isə anakonda və Burma pitonundan sonra 3-cü ilan növü hesab olunur. İnsanlar tərəfindən dərisinə və tibbdə istifadəyə görə ovlanan torlu pitonlar əsasən onurğalı heyvan və quşlarla qidalanır. Bu ilanlar öz uzunluğunun dörddəbiri qədər və özü ilə eyni çəkidə olan canlıları uda bilir.