Ukraynaya qarşı müharibədə əsgər ölümü Vladimir Putini dayandırmayacaq, amma həlak olanların sayı 50 minə çatanda vəziyyət dəyişə bilər.
Axar.az xəbər verir ki, bunu rusiyalı yazıçı, “Stop İnform Terror” Fondunun rəhbəri German Obuxov deyib.
“Heç bir itki Putini dayandıra bilməz. Amma həlak olan rusiyalı hərbçilərin sayının 50 minə çatması vəziyyəti dəyişə bilər. İnsanların bu qədər rəqəmə reaksiyası başqa olacaq. Bu itki ailələrə, cəmiyyətin bütün sektorlarında əhval-ruhiyyəyə təsir edəcək”, - o bildirib.
Yazıçının fikrincə, müharibə payıza qədər uzana bilər:
“Putinin hələ də bəzi ehtiyatları var, amma onlar hər gün əriyir. Artıq onlar nə təmir, nə də yeni tanklar istehsal edə bilirlər. Mərmilərlə bağlı problemlər olacaq. Sanksiyalar qüvvədədir və onlar Rusiyanın hərbi sənaye kompleksinin bütün aspektlərinə zərbə vuracaq. Rusiya komponentlərin idxalından 80% asılıdır. Beləliklə, problemlər hər gün artacaq. Bu vəziyyətdə aktiv müharibə aparmaq çox çətin olacaq. Ukrayna isə getdikcə daha çox yardım alacaq”.
Obuxov qeyd edib ki, Putini sanksiyalar, Ukrayna ordusuna artan hərbi yardım və rusların narazılığı dayandıra bilər:
“Və təbii ki, əgər Qərb Rusiya dövlətini faşist həyat tərzinə malik bir ölkə kimi tanısa, Rusiyada neonasizm dalğasının yaranmasını tanısa, bu, Ukraynaya dəstəyi daha da gücləndirəcək”.