Dünyada siyasi və ideoloji zidiyyətlərin, yeni ərazi iddialarının çoxaldığının şahidiyik.
Bu, dünyanın müxtəlif nöqtələrində yeni müharibə ocaqlarının meydana gəlməsi, keçmiş problemlərin isə yenidən alovlanması deməkdir. Təəssüf ki, bütün bu proseslər özü ilə bir çox problemləri gətirir, aclığı, qıtlığı qaçılmaz edir. Belə bir məqamda Vətən müharibəsindən yeni çıxmış Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə gördüyü bərpa quruculuq işləri, yeni infrastruktur layihələr, hava limanlarının inşası və s. proseslər heç bir beynəlxalq təşkilatdan, böyük fondlardan, xeyriyyəçiliklə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatlarından bir manat dəstək almadan məhz öz gücü hesabına həyata keçirilir.
Lakin təəssüf ki, bütün bu proseslərin öhdəsindən eyni anda gəlmək fiziki olaraq mümkün deyil. Belə olduğu təqdirdə bir çox aidiyyatı beynəlxalq təşkilatların dəstəyi qaçılmaz olmalıdır. Amma müharibənin bitdiyi tarixdən bu günə kimi heç bir sözügedən qurumlar bu məsələlərlə bağlı rəsmi Bakıya hər hansı bir yardım əli uzatmaq, ona daşı-daşı üstə qalmayan, yer üzündən silinən kəndlərinin, şəhərlərinin bərpası istiqamətində yardım əli uzatmaq üçün bir təkliflə belə çıxış etməyiblər.
Baxmayaraq ki, Ağdamı gəlib görən beynəlxalq mütəxəssislər onu Qafqazın Xirosiması adlandırır. Ağdam kimi bütün şəhərlər ermənilər tərəfindən yerlə-yeksan edilib. Lakin Prezident İlham Əliyev ötən gün sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Azərbaycanın bu ədalətsizliklə barışmaq fikrində olmadığını qeyd etdi.
Müharibənin ağır nəticələrini aradan qaldırmaq üçün Azərbaycanın ən əsas dəstək umduğu məsələ ərazilərin minalardan təmzilənməsi ilə bağlıdır. Buna rəşğmən müharibədən təxminən bir il yarım keçsə də indiyə kimi bir fond belə qapımızı döyüb, bizə hər hansı bir yardım göstərmək təşəbbüsü ilə çıxış etməyib. Halbuki, hər kəs bilir ki, dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar, QHT-lər, təşkilatlar var.
Yerində ünvanlanmış SUAL: Nə ilə məşğuldurlar?
Azərbaycanın minaları tez bir zamanda təmizləməsi əgər daha bir neçə onlarla insanın ölümünə mane olacaqsa, əgər qaçqın və məcburi köçkünlər tez bir zamanda öz yurd-yuvalarına daha tez qayıtmağa imkan verəcəksə və xüsusən də bölgədə sülhə mühüm töhfə olacaqsa, bu təşkilatlar niyə Azərbaycana dəstək verməkdən boyun qaçırırlar?
İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, ömürlərində bir dəfə Azərbaycana qarşı da diqqət yetirsinlər və ikili standartlardan kənar olmağı bacarsınlar.
Amma təəssüf ki, Beynəlxalq təşkilatların bu cür ikili standartları yeni münaqişələrə yol açır ki, nəticə göz önündədir. Necə ki, istər beynəlxalq təşkilatların, istərsə də beynəlxalq hüququn 2020-ci ilin sentyabrına kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin araşdırılmasına seyrçi münasibət bəsləməsi və məsələni vaxtında ciddi şəkildə araşdırmaması vəziyyətin yeni müharibə həddinə qədər gəlib çıxmasına səbəb oldu.
Bu məsələ rəsmi Bakı tərəfindən narazılıqla qarşılanmazdı, o zamana kimi ki, müxtəlif dövrlərdə eyni situasiyada olan digər dövlətlərə yaranan problemin aradan qaldırılması istiqamətində sözügedən qurumların istər maliyyə, istər fiziki təması müşahidə edilməsəydi. Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı bu məsələnin üzərində xüsusi olaraq dayandı.
Toqquşmalar, müharibələrin meydana çıxması məsələsinə toxunan dövlət başçısı bildirib, adətən Qarabağ müharibəsi kimi belə qanlı müharibələrdən, belə dağıntılardan sonra, donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir. Bilirik ki, Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar olmamışdı. Artıq bu vəziyyəti bir çox dövlətlərin diplomatları, xarici qonaqlar da öz gözləri ilə görüblər.
İlham Əliyev haqlı olaraq İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salaraq o vaxt tətbiq edilən Marşal planını xatırladıb: "Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra".
İşğalçı və işğala məruz qalan ölkənin kimliyi bütün dünyaya məlum olsa da illər boyu beynəlxalq təçkilatların divarları arasında Azərbaycan əleyhinə qəbul edilən qərarlar, ikili standartlar, qərəzli yanaşmalar unudulmayıb, unudulmayacaq. Təəssüflər olsun ki, acı xatirələr unudulmamış eyni ssenarini bu gün də müşahidə edirik.
İlham Əliyev müşavirədəki çıxışında 44 günlük müharibə zamanı "Bayraktar"la bağlı Qərbin qərəzli mövqeyinin Rusiya-Ukrayna müharibəsində açıq-aşkar sezildiyinə diqqəti çəkib: "Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur "Bayraktar" dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar".
Bəli, Prezidentin qeyd etdiyi kimi, fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur. Bu, reallıq artıq Azərbaycanın taleyinin bir parçasıdır. Lakin bütün bu təzyiqlərə, ikili yanaşmalara rəğmən Azərbaycan öz gücünə yeni reallıq yaratmaqda davam edir.
Ermənistan baş naziri Nikol Paşinyanın bu gün parlamentdəki çıxışında səsləndirdiyi fikirlər də bir daha Azərbaycanın ona qarşı bu qədər ədalətsizliklər fonunda yaratdığı yeni reallığın zərgər dəqiqliyi ilə aparılan xarici siyasətin nəticəsi olduğundan xəbər verir. Belə ki, Paşinyan çıxışı zamanı qeyd edib ki, "Ermənistan və Azərbaycan tezliklə sülh sazişi bağlamalıdır. Əgər biz Azərbaycanla sülh bağlamasaq, o zaman yeni müharibə başlayacaq və beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək. 2020-ci ildəki səhvləri təkrarlamağa hazır deyiləm". Görünür Brüssel görüşünün ikinci raundu erməni baş nazirə çox ciddi siqnalları ilə yadda qalıb. Paşinyanın bu ifadələri səsləndirməsi onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti anlayır ki, Azərbaycanın 5 maddəlik sülh təklifi paketini qəbul etməyəcəyi təqdirdə güc faktoru qaçılmaz olacaq ki, bu da onlar üçün ən arzuolunmaz gediş olar. Görünür, Paşinyan keçmişin səksəkəsini unutmayıb və ən çox güvəndiyi, sığındığı Qərbin siyasət paytaxtında əmin oldu ki, bu gün rəsmi Bakı əhəmiyyətli üstünlüyə malikdir və arxayın olduğu dairələr də artıq Azərbaycanın yaratdığı yeni reallığı qəbul ediblər.