Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.
Müşavirədə çıxış edən dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla təmasları, fəal əməkdaşlığını davam etdirib və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər.
"Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm. Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə "Dağlıq Qarabağ" adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və "münaqişə" sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk", - Prezident İlham Əliyev deyib.
Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko Trend-ə bildirib ki, Brüsseldə baş tutmuş görüş Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü ardıcıl siyasət yekunda nəinki doğru, hətta yeganə düzgün siyasət oldu və konkret nəticə verdi.
"Regionda sülh, təhlükəsizlik və konstruktiv əməkdaşlıq üçün əngəl dinc tənzimləmə üzrə bütün razılaşmaların icrasını hər yolla pozan rəsmi İrəvanın mövqeyi idi. Aydındır ki, bu gün Nikol Paşinyan elə bir vəziyyətdədir ki, Azərbaycan diplomatiyasının uğurları bundan sonrakı bütün əngəlləri mənasızlaşdırır. Ümid edək ki, İrəvan Ermənistan müxalifətinin sülh prosesinə mane olmaq cəhdlərinə baxmayaraq praktiki baxımdan bütün öhdəliklərin icrasına başlayacaq", - deyə İ.Korotçenko deyib.
Ekspert vurğulayıb ki, son dövrlərdə Azərbaycan ardıcıl və məqsədyönlü şəkildə Ermənistan tərəfindən üçtərəfli bəyanat üzrə, eləcə də sonrakı razılaşmalarla bağlı bütün öhdəliklərin yerinə yetirilməsinin lazım olduğunu ifadə edir.
"Azərbaycan diplomatiyasının ardıcıl və sistemli işi, həm siyasi, həm də hərbi təxribatların qarşısının sərt şəkildə alınması, beynəlxalq hüquq normalarına müraciət və bu normaların qeyd-şərtsiz icrası hər baxımdan Azərbaycanın fundamental əsaslandırılmış mövqeyidir. Azərbaycanın o zaman ikinci Qarabağ müharibəsində qələbə qazandığı kimi, bu gün də görürük ki, Ermənistan diplomatik müstəvidə istəsə də, istəməsə də mövcud reallıqları qəbul etmək məcburiyyətindədir", - deyə o bildirib.
Ekspertin sözlərinə görə, nəqliyyat kommunikasiyaları açılmadıqca, Ermənistan bir dövlət olaraq müxtəlif problemlərlə üzləşə bilər və yekunda nəticələr onun üçün əlverişsiz olacaq.
"Ümid edirəm ki, yeni reallıq başlayır. Ermənistan nəqliyyat kommunikasiyalarının açılması yoluna qədəm qoyacaq, Azərbaycanla sülh müqaviləsi imzalayacaq və sülhə doğru kursu, ərazi iddialarından imtinanı konstitusion və digər qanunvericilik aktları səviyyəsində möhkəmləndirəcək. Cənubi Qafqazda sülh və sabitlik hamı üçün, o cümlədən, Rusiya üçün də çox vacibdir. Ermənistan tərəfindən bütün öhdəliklərin praktiki reallaşdırılmasını alqışlayırıq, ümid edirik ki, bunun nəticəsində Cənubi Qafqazdə əbədi sülh hökmran olacaq", - İ.Korotçenko vurğulayıb.