Ötən gün Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin sərhədçiləri arasında baş verən atışma nəticəsində 2 qırğız, 3 tacik əsgəri yaralanıb.
Axar.az xəbər verir ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada 246-sı uşaq və 345-i qadın olmaqla, ümumilikdə 644 nəfərin sərhəd bölgəsindən təhlükəsiz ərazilərə təxliyə edildiyi bildirilib. Atışma bitdikdən sonra təxliyə edilənlərdən 50 nəfəri öz evinə qayıdıb.
Qeyd edək ki, dünən Qırğızıstan əsgərləri Tacikistan sərhədindəki Leylək rayonunun Selkana qəsəbəsində xidmət edərkən, qarşı tərəfin əsgərləri Qırğızıstan ərazisinə 20 metr daxil olublar. Qırğızıstan hərbçiləri isə buna mane olmaq üçün havaya xəbərdarlıq atəşi açıb və bundan sonra atışma başlayıb. Yerli vaxtla saat 21:17 radələrində Tacikistan əsgərləri ərazidə xidmət aparan qırğız əsgərlərini yenidən atəşə tutub və atışma təxminən yarım saat davam edib. Qırğızıstan Sərhəd Xidməti eyni zamanda Tacikistan əsgərlərinin sərhəddəki Dostuk kəndini minaatanlardan vurduğunu bildirib və qarşı tərəfi vəziyyəti daha da gərginləşdirməməyə çağırıb.