Bakıda "Location" gecə klubunda yaralananlardan daha biri vəfat edib.
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.
"Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur.
Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.
Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi", - o qeyd edib.
2001-ci il təvəllüdlü G.Abdullayevin sözügedən klubda aşpaz olaraq işlədiyi bildirilir.
Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location" klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı vəfat edib.