Rusiya tərəfi Qazaxıstanda stabilləşmə prosesinin getdiyini, lakin hələ də başa çatmadığını açıq şəkildə bildirir və Prezident Tokayev birdən-birə KTMT kontingentinin iki gündən sonra Qazaxıstanı tərk edəcəyini açıqlayır. Bu uyğunsuzluqlar başadüşüləndir. Görünür, Qazaxıstan Prezidentinin özü də artıq bilir ki, bu bir neçə gün ərzində onun imici həm öz əhalisinin, həm də Qərbin nəzərində köklü şəkildə dəyişib və bu, ölkə üçün həlledici əhəmiyyət kəsb edir.
Bu sözləri Axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.
“Amma KTMT-nin ölkədən çıxarılması qərarı respublikanın rəhbərliyi tərəfindən verilməyəcək, çünki indi heç kim KTMT-nin çıxarılmasından dərhal sonra iğtişaşın təkrar olmayacağına zəmanət verə bilməz. KTMT rəhbərliyi öz missiyasını ən yüksək balla qiymətləndirir, bununla belə, çoxlu sualların qaldığını anlayır. Və burada problem heç də ABŞ və ya NATO-nun diqqətində deyil, bütün Mərkəzi Asiyanın, o cümlədən Qazaxıstanın buna necə baxmasındadır. Baş verən hadisələr əslində regiona gələcək sarsıntılar üçün yol açıb. Bu da artıq KTMT və Moskvanın özlərini necə qiymətləndirməsindən asılı deyil”, - Tofimçuk bildirib.
Onun sözlərinə görə, bu prosesdən nəticələr çıxarılmasına da başlanılıb:
“Növbəti dəfə Orta Asiyada hansı ölkə hücuma məruz qalacaq? O zaman kimin günahkar olduğunu anlamaq mümkün olmayacaq: etirazçılar, dini radikallar, əfqan terrorçuları, ABŞ, KTMT və s. Vəziyyət məhz bu mərhələyə qədəm qoyub. Belə iş üçün lazımi kütləvi informasiya vasitələrinə malik olmayan, real, peşəkar təbliğatın nə olduğunu başa düşə bilməyən Rusiya artıq heç kimə heç nə sübut edə bilməyəcək, hər tərəfdən xoşagəlməz terminlərlə üzləşəcək. Ümumiyyətlə, bunu deyə bilərik: Mərkəzi Asiyanın beş postsovet ölkəsi bütün regionun perspektivlərini tamamilə dəyişəcək bir zərbəyə məruz qalıb. KTMT, təbii ki, Qazaxıstanı tərk edə bilər, lakin başa düşməlidir ki, Mərkəzi Asiyanın kosmik ölçülərinə nəzarət edə bilməz. Söhbət əsasən Rusiyadan gedir, o, faktiki olaraq artıq belə dözülməz yükü öz üzərinə götürüb”.
Trofimçuk onu da bildirib ki, İrəvanda KTMT-nin Ermənistana yox, Qazaxıstana kömək etməyə getməsilə bağlı tənqidi fikirlər səsləndirilir:
“Onlar İkinci Qarabağ müharibəsini nəzərdə tuturlar. Amma məsələ təkcə Ermənistan-Azərbaycan müharibəsində deyil axı, 2018-ci ilin yazında bütün Ermənistanda təxribat və blokadalar baş verdi. Deyirlər ki, guya o vaxt KTMT belə tədbirlər keçirməyə hazır deyildi. Amma belə izahat çətin ki, kimisə qane etsin. Çox izahat var, amma hər şeyi daha da qarışdırırlar. Hələ bir faktı demirəm ki, “məxməri inqilab”ın lideri Paşinyan Nur-Sultanın xahişindən sonra ilk dəqiqələrdə az qala KTMT qoşunlarına rəhbərlik edirdi. Absurdluq”.