Xəbər verdiyimiz kimi, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən dərhal sonra ölkənin dövlət bayrağı dəyişdirilib.
Axar.az xəbər verir ki, qırmızı, ağ və qara zolaqlardan və iki yaşıl ulduzdan ibarət olan köhnə bayrağın əvəzinə yaşıl, ağ və qara zolaqlar və üç qırmızı ulduzlu yeni bayraq qəbul edilib.
Bayraqdakı rənglər ərəb ölkələrinin ənənəvi rəngləridir. Yaşıl rəng ilk haqqani xilafəti, ağ rəng Üməyyə sülaləsini, qara isə Abbasiləri simvolizə edir. Bayrağın üzərindəki birinci ulduz Hələb, Dəməşq və Deyr əz-Zoru; ikinci ulduz Cəbəl əl-Dürüzü; üçüncü ulduz isə Latakiyanı rəmzləşdirir.
Qeyd edək ki, yeni bayraq ilk dəfə 1930-cu ildə Fransa mandatı altında yaradılan Birinci Suriya Respublikası dövründə də dövlət bayrağı kimi qəbul olunmuşdu.