Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Deyli Meyl" nəşri yazıb.
Nəşrin araşdırmasına görə, İsanın həqiqi portretini təsvir etməyə müəyyən ipucları kömək edə bilər:
"Qədim dünya tarixi üzrə mütəxəssislər düşünürlər ki, İsanın həqiqi portreti qəbul edilmiş kanonlarla uyğun gəlmir. Tarixçilər və teoloqlar əmindirlər ki, İncil mətnlərində və arxeoloqların məlumatlarında xristianların əsas simvolunun təxmini portretini yaratmağa imkan verən ipucları var.
Alimlər razılaşırlar ki, İsa yəhudi xalqına mənsub olub və çox güman ki, qədim arami dilində danışıb. Buna görə də onun açıq rəngli gözləri, uzun saç və saqqalı olmayıb. Əksinə, tünd rəngli gözləri, orta uzunluqda dalğalı saçları, səliqəli saqqalı olduğu ehtimal edilir".
İsanın geyimi də teoloqlar və dindarlar arasında mübahisə mövzusudur. Əksər xristianlar onu geniş və açıq rəngli geyimlərdə, ipək sandallarla təsvir edirlər. Lakin London Kral Kollecindən professor Coan Teylor hesab edir ki, İsanın dülgər ailəsindən gəldiyini nəzərə alsaq, o, daha praktik geyimlərdən istifadə edərdi.
Mütəxəssislər İsanın fiziki göstəricilərini də qeyd edirlər. Şeffild Universitetində Bibliya və dini fənlər üzrə dərs deyən doktor Meredit Uorren əmindir ki, dülgərlik işləri ilə məşğul olmaq, eləcə də digər ağır fiziki işlər onun bədənini möhkəmləndirmişdi.
Nəşr əlavə edir ki, Bibliyada İsanın dəqiq təsvirinə dair heç bir məlumat yoxdur. Beləliklə, tarixin gedişində xristianların əsas simvolunun ümumi qəbul edilmiş portreti dəyişmişdir. Uzun saçlı, uzun saqqallı və geniş geyimdə kişi obrazı Orta əsrlər və İntibah dövrlərində, xüsusilə də ikonayazma dövründən Leonardo da Vinçinin əsərlərinə qədər möhkəm yer tutmağa başlayıb.