Politoloq bildirib ki, o, xarici işlər naziri olduğu dönəmdə Azərbaycanın haqq səsinə çevrildi, Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdırdı: "Digər ölkələrdə keçirilən görüşlərdə də həmişə Azərbaycanın mövqeyini müdafiə etdi, dəstək oldu. O, "Can Azərbaycan" deyə hayqırdı. Bunu Azərbaycan xalqı heç zaman yadından çıxarmayıb.
Bu dəfəki görüşündə də Türkiyə Böyük Milli Məclisinin deputatı kimi, həm də Türkiyənin NATO-dakı qrupunun rəhbəri kimi səfəri zamanı da cənab Prezident onu qəbul edərkən bu məsələni xatırlatdı. Çünki Mövlud Çavuşoğlu Türkiyə siyasətində önəmli şəxsdir. Əsas da, Azərbaycana çox doğmadır. Azərbaycan üçün əlindən gələni əskik etməmişdir. Bu haqda da Azərbaycan Prezidenti onu qəbul edərkən bildirdi və Azərbaycan xalqının onu çox sevdiyini çatdırdı.
Mövlud Çavuşoğlu bu gün siyasi çəkisi, siyasi gücü olan Ərdoğan komandasının üzvü kimi Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşması üçün əlindən gələni edir. Reallıq budur ki, Türkiyə-Azərbaycan münasibətləri daha da inkişaf edir. Biz problemlərimizi birlikdə həll edirik. Elə Qarabağ müharibəsində də daim Türkiyə bizim yanımızda oldu. Bizim onlarla strateji birliyimiz var. Bu birlik getdikcə yaxınlaşır. Eyni zamanda, biz həm də Türk dövlətləri birliyində bir yerdə təmsil olunuruq. Bu birlik Türkiyənin dəstəyi ilə yarandı. Bu Türk dövlətləri birliyinin yaranmasında Azərbaycanın xüsusi rolu oldu. Ona görə də hesab edirəm ki, bizim əlaqələrimiz bundan sonra daha da inkişaf edəcək. Təəssüf ki, bu inkişaf, birlik bizim bəzi qonşu ölkələrdə qısqanclıqla qarşılanır. Bizə buna görə də müəyyən təzyiqlər olur. Ancaq biz heç nəyə baxmayaraq iki qardaş ölkə siyasətimizi bundan sonra da davam etdirəcəyik".