Son xəbərlər

 

Kult.az-ın “Xatirə dəftəri” layihəsində bu dəfə mərhum şair İlyas Tapdıqla bağlı şair Musa Ələkbərlinin xatirələrini dinlədik...

 

- Musa müəllim, İlyas Tapdıqla həm bir yerdə işləmisiz, həm də həmyerli olmusuz. Onunla bağlı xatirələrinizi bölüşmənizi istərdik...

- İlk dəfə İlyas Tapdıq adını mən üçüncü sinifdə oxuduğum zaman APİ-də tələbə olan əmim oğlu Qivlət Bayramovdan eşitmişdim. Qivlət danışırdı ki, bəs Gədəbəyin Əli İsmayıllı (indiki Alnavat) kəndindən bir şair çıxıb, elə ilk kitablarından da Bakıda məşhurlaşıb. Hər kəs ondan danışır. “Gözlər” adlı bir kitabını da mən alıb gətirmişəm. Çox gözəl yazır. Xüsusən, məhəbbət şeirləri ürəkləri riqqətə gətirir.

Qivlətin söhbətini dinləyən atam Məlik müəllim (Obamızda ona “Şair Məlik” deyirdilər) Qivlətdən o kitabı aldı. “Gözlər” kitabı evimizin ən qiymətli əşyasına çevrildi. O kitabı böyük həvəslə oxuyur, Gədəbəyli şairin şirin qoşmalarını əzbərləyir, böyük çoşqu ilə öz-özümə söyləyirdim.

Sevdiyim o qızı izlədim hərdən,

O mənə baxanda mən yana baxdım.

Bir gün evlərinin keçib önündən,

Onu görmək üçün eyvana baxdım.

O zaman heç ağlıma gətirə bilməzdim ki, vaxt gələcək, mən də universitetdə tələbə olanda İlyas Tapdıqla tanış olacağam, sonra bu tanışlıq uzunömürlü, davamlı bir dostluğa çevriləcək.

- Bu tanışlıq sizin şair olmanızla baş tuta bilərdi...

- Elədir. Mən hələ orta məktəbin VII sinfində oxuyarkən şeir yazmağa başlamışdım və bu şeirlər Gədəbəydə çıxan “Tərəqqi” rayon qəzetində vaxtaşırı çap olunurdu. Ona görə də orta məktəbi bitirəndə ixtisas seçimi zamanı qərarım qəti oldu. ADU-nun filologiya fakültəsini seçdim. Doğmalar, tanışlar, səlahiyyəti olan qohumlarım fikrimi dəyiş­dirməyə çalışdılar, şərqşünaslıq ya da hüquq fakültəsini məsləhət görürdülər. Təva­zökarlıqdan uzaq olsa da deyim ki, orta məktəbi əla qiymətlərlə bitirmişdim. Atestatımda cəmi ikicə fəndən “4”-üm vardı. Mən deyilənlərə fikir vermədim, filologiya fakültəsinə imtahan verdim və bir bal az topladığım üçün müsabiqədən keçə bilmədim. İkinci il həmin fakültəyə üç “5”, bir “4”lə qəbul olundum.

Tələbəlik illərim başladı. Yazırdım, lakin o zaman imzası tanınmamış gənclərə redaksiyalarda çox qısqanclıqla yanaşırdılar. İlk sorğuları bu olurdu ki, “Uğurlu yol”un varmı, və onu kim yazıb?! Mən bu barədə APİ-nin kimya müəllimi olan əmim oğlu Rafiq Ələkbərova danışdım. Rafiq müəllim mənə söz verdi ki, səni “Azərnəşr”də işləyən həmyerlimiz İlyas Tapdıqla tanış edəcəyəm. O, dediyi sözə əməl etdi və bir gün İlyas Tapdıqla tanış olduq. O, bizi elə koridordaca qarşıladı, Rafiq müəllim gəlişimizin məqsədini qısaca şərh elədi və “Uğurlu yol” söhbətini də özünəməxsus ustalıqla önə çəkdi. İlyas müəllim Rafiq müəllimə çox məhrəm bir şəkildə dedi: “Ay Rafiq, “Uğurlu yol” hələ tezdir, qoy oxusun, dərslərinə hazırlaşsın, 4-cü, 5-ci kursa gələndə o barədə düşünmək olar”. Açığını deyim, şairin bu sözləri məni içdən sarsıtdı, ancaq nə deyə bilərdim. İlyas Tapdıq bunu duymuş kimi dedi ki, Musa, yanıma gəl-get, indi vaxtım yoxdur, gələn dəfə gələndə şeirlərini də oxuyaram. Mən bu sözlərdən sonra bir az özümə gəldim.

- Siz də növəti həftə şeir dəftərinizi götürüb getdiz şairin yanına...

- Yox, ikinci dəfə İlyas müəllimin yanına birinci kursun imtahanlarını əla qiymətlərlə verəndən sonra gəldim. Şeirlərimin xeyli hissəsini də makinada yazdırıb gətirmişdim. Qapını açdım ki, İlyas müəllim özündən xeyli cavan bir oğlanla nərd oynayır. Deyəsən, işin axırı gəlmişdim. O zaman “Azərnəşr”də korrektor işləyən gənc şair Müzəffər Şükür də onların yanında əyləşmişdi. Çox böyük bir maraqla nərd oyununu izləyirdi. İlyas müəllim məni görən kimi tanıdı. Ürəyimdə buna çox sevindim. Rafiq müəllimi soruşdu. Mən də onun salamını çatdırdım. Xeyli ayaq üstə onların oyununa tamaşa etməli oldum. Tanımadığım cavan oğlan İlyas müəllimi nərddə udurdu, Müzəffər də açıq-aşkar bu cavan oğlana dəstək edirdi. Oyunun axırıncı üçüncü raundu başlayanda İlyas müəllim Müzəffər Şükürə dedi ki, al, Musanın şeirlərini oxu, gör necədir və qızğın oyun yenidən başladı.

Müzəffər də bir gözü nərddə, bir gözü mənim şeirlərimdə ikən, birdən həmin cavan oğlan nərdi saxladı və Müzəffərin əlində tutduğu ilk səhifəni oxumağa başladı, üzünü mənə tutdu: “Sən türk şairi Fazil Hüsnü Dağlarcanı oxumusanmı?” Məndən “yox” cavabını alınca: “Sənin bu şeirin onun filan şeiri ilə səsləşir” – dedi.

- Hansı şeiriniz idi?

- Təəssüf ki, yadımda qalmayıb. Həmin cavan oğlan mənim bütün şeirlərimi Müzəffərdən alıb oxudu. Dedi, mövzuların yekrəngdi, hamısı məhəbbət şeirləridi, tətilə gedirsən, get yayda lokomativ şeirlər yaz, gözünə qat bu şeirlərin, payızda gələrsən sənin ktabını çap edərik. İndi ayaq üstə durma, get.

Mən könülsüz də olsa xudahafizləşib aşağı düşdüm. Ürəyimdə sevincqarışıq bir nigarançılıq vardı. Görəsən, o cavan oğlan kim idi? “Lokomativ şeirlər” deyəndə nəyi nəzərdə tuturdu, lokomativ şeirlər necə olmalıdır və mən onları yaza bilərəmmi?!

“Azərnəşr”in qapısında xeyli gözləməli oldum. Nəhayət Müzəffər tək çölə çıxdı. Mən ona yaxınlaşdım, Müzəffər xoş ovqatla dedi: “Nə istəyirsən, şeirlərini də baş redaktor bəyəndi, get komsomoldan, partiyadan, əmək adamlarından, təbiətdən, cəmiyyətdən - nədən istəyirsən yaz, payız gələndə qovluğunu tərtib edib verərik, Vidadi söz verdisə, əməl edəcək, o “Gənclik” nəşriyyatının baş redaktorudur. İndi plan məsələsinə ancaq o baxır”.

Mən o ana qədər “Azərnəşr” deyilən məkanda İlyas Tapdıqdan böyük adam heç kəsi təsəvvür etmirdim. O, cavan oğlanı İlyas müəllimdən böyük saya bilmirdim, kitabımın belə tez çıxacağına heç cür inanmaq istəmirdim. Ancaq o il kəndimizə başqa bir arzu, başqa bir amacla gəlirdim. Yay tətilində yeni mövzulara üz tutacaq, Vidadi müəllimin – Vidadi Paşayevin dediyi “lokomativ şeirləri” mütləq yazacaqdım. Həmin yay xeyli şeirlər yazdım - dağdan, arandan, məni düşündürən mövzulardan. Komsomola keçdiyim günün təsvirinə aid olan “Komsomol bileti” şeirimi başda qoydum və şeirlərimdən ibarət qovluğu hazırladım.

Özümü əsil şair kimi hiss etməyə başlamışdım. Gecəm-gündüzüm yox idi, oxuyurdum, yazırdım. Hətta “Uğurlu yol”, qəzet və jurnallarda çap olunmaq qayğım da daha məni ilgiləndirmirdi. Gənc şairin ilk kitabı işıq üzü görəcəkdi.

Qovluğum hazır olsa da, mən “Azərnəşr”ə sentyabrda tez-tələsik yox, hardasa noyabr, dekabr aylarında gəldim. Öncə həmyerlimiz, artıq mənim tanıdığım İlyas müəllimi axtardım. “Baş redaktor” yazılan qapını nişan verdilər, ehmalca döydüm, içəridən onun mülayim “gəl” kəlməsini eşitdim. Qapını açdım, İlyas müəllim yenə mənə öz adımla müraciət etdi, Rafiq müəllimi soruşdu və qoltuğumdakı qovluğu görüb gülümsədi: “O nədir” – soruşdu. Dedim, İlyas müəllim, şeirlərimdi, yadınızdadırsa, iyun ayında gəlmişdim, yanınızdakı o cavan oğlan...

- O cavan oğlan, artıq burda yoxdu, Moskvaya oxumağa göndərdik onu, qoy gedib oxusun, yüksəlsin. Sən də Musa, birinci növbədə dərslərini yaxşı oxu, şeir yazıram deyib, təhsilə barmaqarası baxma, sonra da çalış dövri mətbuatda vaxtaşaırı çap olunasan, bilirəm, rayon qəzetində çap olunurdun. Ancaq mərkəzi mətbuatın, xüsusən Yazıçılar İttifaqının orqanı olan qəzet və jurnalların tələbləri çox yüksəkdir. Sən şair olmaq üçün o tələblərdən bir boy yüksəkdə dayanmalısan ki, səni çap etsinlər.

Mən İlyas müəllimlə sağollaşıb ayrıldım və ürəyimdə özümə bir də onu - “Gənclik” nəşriyyatının baş redaktorunu narahat eləməmək qərarı verdim.

-Demək incidiz..

- Onun ağıllı məsləhəti mənim gələcək uğurlarımı şərtləndirdi. Mən universiteti əla qiymətlərlə bitirdim. Hələ ikinci kursda ikən sevimli şairimiz Hüseyn Hüseynzadənin - Xalq şairi Hüseyn Arifin - “Uğurlu yol”u ilə şeirlərim işıq üzü gördü. Bundan sonra dövri mətbuatda “Musa Ələkbərli” imzasına tez-tez rast gəlindi. Şeirlərim haqqında ustad sənətkarlarımızdan müsbət rəylər eşitdim. Radioda, televiziyada görünməyə başladım.

Mən bir də İlyas müəllimin yanına Universiteti bitirib məzun olandan sonra gəldim. Təyinatımı doğma Gədəbəyə almışdım. Ancaq orda mənə “yer yoxdu” deyib heç bir məktəbdə - uzaq, yaxın, mənim üçün önəmli deyildi - yer vermədilər. Nəhayət 1974-cü ilin oktyabr ayında məni geriyə - Maarif Nazirliyinə göndərdilər. Mən nazirin qəbulunda olmalı, ondan yeni təyinat xahişimi etməliydim. Nazirliyə getməmiş “Azərnəşr”ə gəldim. Əvvəlcə dostum, “Azərnəşr”də artıq redaktor işləyən Müzəffər Şükürlə görüşdüm, o məni bir otaqda əyləşdiyi iş yoldaşı Azad Nəbiyevlə tanış etdi, onlar məni dinlədilər, işləməməyimdən məyus oldular. Müzəffər dedi: Musa, darıxma, bu saat qalxarıq III mərtəbəyə, İlyas müəllim nazir Mehdi Mehdizadəni yaxşı tanıyır. Mehdi müəllimin tələbəsi olub. Deyərik, İlyas Tapdıq səni xahiş eləyər, azad təyinat alarsan, indi bu saat hansı rayona getsən, günün yaxşı keçməyəcək, indi hər yerdə dərslər bölünüb, kiminsə dərsinə şərik olmaq da sənə baha başa gələcək. Ən yaxşısı azad təyinat almaqdı. Burda – “Azərnəşr”də, ya da “Gənclik”də sənə bir iş taparıq.

Üçlükdə İlyas Tapdığın yanına qalxdıq. Azad müəllimlə Müzəffər Şükür uzun çək-çevirdən sonra onu nazirin yanına getməyə razı saldılar. O, mənim gədəbəyli olduğumu vurğulayır, onu yerlibaz kimi qınayacaqlarından ehtiyat edirdi.

Nəhayət bir gün, bir səhər unudulmaz şəxsiyyət, böyük insan Mehdi müəllimin qəbuluna düşə bildik. O, İlyas müəllimi çox mehriban qarşıladı, nəyə gəldiyini biləndən sonra tutuldu, xeyli fikrə getdi. Dedi: İlyas müəllim, “azad təyinat” bizim nazirlikdə demək olar ki, lüğətdən silinmiş sözdür. Dövlət tələbəyə xərc çəkir, oxudur, məzun da təyinatdan yayınır. Dövlətimiz buna heç cür razı ola bilməz. Ancaq sizin dediyiniz məzunu rayon işlə təmin edə bilməyib. Əlimizdə əsas var. Siz əgər onun işlə təmin olunmasına söz verirsinizsə, mən onun ərizəsinin üstünə “mümkünsə kömək edin” yaza bilərəm. O, mənim qəbuluma qəbul günü gəlsin, mən hamını bir yerdə qəbul edirəm. Sizinlə gəldiyini müəyyən işarə ilə yadıma salsın.

Mən deyilən gün İlyas Tapdığın nazirə bağışladığı “Meşənin mahnısı” adlı nəfis şeirlər kitabı əlimdə nazirin – hörmətli Mehdi Mehdizadənin qəbulunda oldum. Sonradan hörmətli müəllimim, sevimli xalq şairi Bəxtiyar Vahabzadənin nazir­liyin kadrlar şöbəsinə çox ciddi müdaxiləsindən sonra “azad təyinat”ım başa gəldi.

- Belə görünür ki, İlyas müəllim sizin üçün yaddaqalan bir iş görə bilməyib axı. “Uğurlu yol”u Hüseyn Arif yazdı, təyinatı Bəxtiyar Vahabzadə düzdü-qoşdu...

- İlyas müəllimin yaxından köməkliyi ilə əvvəlcə “Qızıl Şərq” mətbəəsinə fəhlə düzəldim, bir neçə vaxtdan sonra isə “Gənclik” nəşriyyatında redaktor kimi əsil yaradıcı fəaliyyətinə başladım.

Bax həmin vaxtdan mənim İlyas müəllimlə dostluğum başladı. İşə düzəldiyim gün ilk dəfə o, məni evinə dəvət etdi. Ay Musa, - dedi, - sənin işə düzəlməyinə səndən artıq sevinirəm. Sənin burda işə düzəlməyini məndən əvvəl Bəxtiyar Vahabzadə və Abbas Zamanov hər ikisi bir-birindən xəbərsiz direktorumuz Əzizə Əhmədovadan xahiş etmişdilər. Mənim deməyim də Əzizə xanımı ürəkləndirdi. Etiraz etmədi. Mənim fikrimcə, sən redaktorluq üçün aşağıdan “çites”likdən, korrektorluqdan başlayıb təcrübə toplamalıydın. Ancaq müəllimlərin səni çox təriflədilər, doğrusu, Abbas Zamanovun “Ədəbiyyat və incəsənət” qəzetində sənin haqqında çıxan “Uğurlu yol”u da az rol oynamadı.

Mən həmin qəzetin bir nüsxəsini İlyas müəllimə vermişdim.

İlyas müəllimin bu səmimi etirafı ürəyimdə xoş duyğular oyatdı. Münəvvər xanımın zövqlə bişirdiyi yarpaq dolmasına qonaq oldum. Mənim işə düzəlməyimi İlyas müəllim öz evində ailəlikcə qeyd etdi. Qürurumdan yerə-göyə sığmırdım.

- Deyirlər, İlyas müəllim yerlipərəst olub bir az...

- Elə, nəşriyyatda ilk günlər, ilk aylar mənə “İlyas Tapdığın adamı” kimi baxırdılar. Sonralar şöbə müdiri ilə iş üstündə düşən mübahisələrimiz nəşriyyatda hələ möhkəmlənməmiş bu fikrə birdəfəlik son qoydu. Mən İlyas müəllimin də iradəsinin əksinə olaraq “Həmin şöbə müdiri ilə yola getmədim”, haqlı olduğumu dəfələrlə sübut edəndən sonra məni başqa şöbəyə keçirtdilər.

Bundan az keçmədi ki, İlyas müəllimi də baş redaktorluqdan çıxartdılar. O, əvvəlcə Mətbuatda Dövlər Sirlərini Mühafizə edən Baş İdarədə şöbə müdiri, sonra da Azərbaycan Televiziyasının “Gənclik” redaksiyasında baş redaktor kimi çalışdı.

- Amma dostlarınız, yaşıdlarınız bir vaxt o fikirdə olublar ki, siz İlyas müəllimin adamı olmusuz, kitablarınız işıq üzü görüb.

- İlyas müəllimin özü də həmişə etiraf edirdi ki, mən Musanın heç bir şeirinə düzəliş verməmişəm, heç bir kitabını redaktə etməmişəm - Musa nəşriyyata kamil bir şair kimi gəlmişdi gələndə.

Mən də hər yerdə, hər zaman - sağlığında da, ölümündən sonra da bu etirafımda sabitqədəməm.

- Necə rəhbər, necə redaktor idi? Axı bəzən yaxşı şair yaxşı redaktor, yaxud əksinə yaxşı redaktor yaxşı şair ola bilmir...

- Bir yerdə işlədiyimiz bir ilə yaxın müddətdə mən İlyas müəllimdən əsil redaktənin sirlərini öyrəndim, xüsusən, poeziyanı onun kimi redaktə edəcək ikinci adamı tanımamışam. Onun redaktəsinin kökündə heç cür inkarolunmaz dəmir bir məntiq dayanırdı. İstənilən şair bu məntiqin qabağında ancaq susmalı olurdu. Yoxsa, kiminsə sözünü dəyişmək, fikrinə yersiz düzəliş etmək redaktə sayıla bilməzdi.

İlyas müəllim televiziyada işlədiyi vaxt - 1980-ci ilin qış aylarının birində Moskva televiziyasına kursa getmişdi. O zamanlar orada ali ədəbiyyat kursunda təhsil alan şair dostum Səyavuş Sərxanlı mənə xəbər verdi ki, İlyas Tapdıq orda yıxılıb, bir ayağını sındırıb. Hansı xəstəxanadasa yatır. Mən dərhal işdən öz hesabıma icazə aldım, Moskvada yaşayan şair dostumuz İbrahim Kəbirliyə zəng çaldım, Moskvaya uçacağım təyyarənin reysini, zamanını söylədim. İbrahim müəllim məni qarşıladı. Ertəsi gün biz İbrahim müəllimlə birlikdə onun yatdığı palatada idik. Onu xüsusi tibb çarpayısında uzandırmış, sınan ayağından da daş asmışdılar. O, məni təbəssümlə qarşıladı: Ay Musa, yadındadımı, o filankəs ayağını sındıranda mən gülmüşdüm. İndi görürsən öz başıma gəldi.

Mən düzü onun harda nə zaman gülməyini xatırlaya bilmədim. Eləcə ona ürək-dirək verdim. O, İbrahim Kəbirliyə və mənə üz dedi ki, gülməyimə baxmayın, vəziyyətim çox ciddidir, məni qarşıda çox ağır əməliyyat gözləyir, omba sümüyüm ovxalanıb, onun xüsusi dəmirlə əvəz etməlidirlər. Ürəyim də çox zəifdir, heç bilmirəm bu sınaqdan çıxacağam, ya yox? Musa, sağ olmuş, yaxşı gəlib, dünyanın işini bilmək olmaz...

Hər ikimiz ona möhkəm ürək-dirək verdik. İbrahim Kəbirli zarafata keçdi: “İlyas, bizə baxma, biz öyrəşmiş canıq. Moskva Bakı deyil, burda adamlar da, elə yer də çox sürüşkəndi. Gərək ehtiyatı əldən verməyəydin”.

Hər üçümüz gülüşdük. Bu minvalla mən düz bir ay Moskvada qaldım. Yazıçılar İttifaqının Ədəbiyyat İnstitunun yataqxanasına bitişik mehmanxanasında qalırdım. Hər gün xəstəxanaya gedir, mer-meyvə alır, İlyas müəllimin yanında olur, axşamlar mehmanxanaya qayıdırdım. Bundan xəbər tutan Rusiyanın tanınmış şairi, İlyas müəllimin uşaq şeirlərinin tərcüməçisi Valentin Berestov məni evinə dəvət etdi. İlyas müəllimlə heç bir qohum­luğumuz olmadığını biləndən sonra mənim bu fədakarlığıma çox yüksək qiymət verdi.

Nəhayət mənim Moskvada olmağımın bir ayının tamamında İlyas müəllimin böyük qardaşı, milis mayoru Məhəmmədəli gəldi. Mən ancaq onun gəlişindən sonra Bakıya döndüm.

- İlyas Tapdıq daha nə ilə yadınızda qalıb?

- Çox məqamlar var. Kimlərəsə bu xatirəni danışmağım ancaq özümü öyməyim, öz xidmətimi gözə soxmağım kimi görünə bilər. Ancaq bu qətiyyən belə deyil, Moskvada olduğum o bir ayda – onun yanında əyləşdiyim saatlarda o, bütöv həyatını, keşmə­keşli sənət, yaradıcılıq yollarında başına gələn qəzavü-qədərləri birər-birər mənə danı­şırdı, mən onu bir insan, bir eloğlu kimi yaxından tanımağa başlayırdım.

- Onun gileyli vaxtları da olardı...

- Olub. Amma heç sınmayıb. Xüsusən “Gözlər” kitabından sonra gördüyü dost namərdliyi, “Kirpi” jurnalına çıxarılan şairin, düşmənlərinin iradəsinin əksinə populyarlıq şkalasının birdən-birə “kəllə-çarxı” vurması, bundan sonrakı şöhrət pillələri... Hamısı çözələnir, çarpayıda aylarca arxası üstə qalan bu insanı, bu şairi gözümdə ucaldırdı.

İlyas müəllimi istəməyən adamlar vardısa, onlar ancaq istedadından yarımayan, özünün dediyi kimi, “mənasız” adamlar idi.

O, harda, hansı vəzifədə olubsa, ancaq istedadlıların yanında olub. Sonralar onun 65 illik yubileyində ona həsr etdiyim şeirdə belə misralar vardı.

İlyas Tapdıq şeirin, sözün bağbanı,

Yaxşı tutdu o vurduğun calaqlar.

Yoxsa bu gün deyərdik ki bağ hanı

Boy versəydi o çəkdiyin alaqlar.

O, zahirən çox sakit, həlim təbiətli bir insan idi. Amma haqsızlıq görəndə qəzəbi kükrəyib daşırdı.

Həyatının acılı, ağrılı anları çox olub, deyəsən.

- Onun həyatı yazılsa, çox təsirli, insanın ən kövrək hisslərini oyada biləcək bir romanın mövzusudur. Uşaqlığı müharibə illərinə düşən, atasını lap körpə vaxtından itirən, iki qardaş bir bacısı ilə tək-tənha bir ananın ümidinə qalan, gecəli-gündüzlü çalışan bu ananın qabar əllərinin sığalına sığınan xəyalpərvər bir uşaq... Qarşıda ağır bir həyatın ölməmək, sağ qalmaq kimi yaşam sınağı!..

15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi
24 Mart 2022 Səmədin Ukrayna partizanları haqda məşhur şeiri
28 Fevral 2022 İran rəsmisi: Nizami İran və fars şairidir
03 Yanvar 2022 Nizaminin Xəmsəsinin bir səhifəsi Bakıya gətirildi
14 Noyabr 2021 Niderlandda Nizamiyə həsr edilmiş kitab çap olundu
21 Oktyabr 2021 Kamal Abdulla ingilis professorlarla görüşdü