Son xəbərlər

 

(Cümhuriyyət qurucularının şəxsi xarakterləri)

 

28 May istiqlalı həqiqətən də XX əsr tariximizin ən şərəfli dövrüdür. Çünki bu dövrdə xalqımız 114 min kvadrat kilometrlik bir əraziyə sahib idi və Qarabağ adlı qondarma problemi isə həll etmişdi.

Təbii ki, o dövdə əldə etdiyimiz uğurların sayı daha çoxdur. Bu istiqlalın məna və əhəmiyyətindən araşdırma aparanlar isə yalnız tarixi baxımdan və arxiv sənədlərindən çıxış edib dövrü araşdırıblar. Yəni Zaqafqaziya Seymi dağıldı, hər üç respublika müstəqilliyini elan etdi və s. Lakin burada bir məqama diqqət edilməyib: bəs bu istiqlalı elan edən qurucuların xarakterləri, şəxsi keyfiyyətləri necə olub? Axı bu ciddi tarixi hadisənin baş verməsində onların davranış və xarakterlərindən, vətən istiqlalı naminə birləşə bilmək cəhdlərindən çox amillər asılı idi.

Həqiqətən də 28 May istiqlalını elan edən, reallaşdıran insanların şəxsi xarakterləri haqqında az məlumatımız var. Əslində 28 May istiqlalı həm də bu şəxsiyyətlərin xarakterindən yaranıb və tariximizin qızılı səhifəsini təşkil etməkdədir. Hazırda yazıb yekunlaşdırmaq mərhələsində olduğum “Cümhuriyyət qurucuları” kitabım əsasında hazırladığım məqaləni oxuculara təqdim etməkdə məqsədim bu təkrarsız insanları xalqımıza bir daha tanıtmaqdır. Yəni bu insanlar ən ağır və çətin məqamlarda belə vətəni sevmək hissləri ilə yanaşı, həm də xarakterlərinin göstəricisi olaraq 28 May İstiqlalını elan etdilər: cümhuriyyət qurdular. Yəni dünyaya nümunə ola biləcək bir cümhuriyyəti ancaq belə sağlam, mətin və möhkəm xarakterli insanlar yarada bilərdi. Həmin insanlarla bir az da yaxından tanış olaq.

Məhəmməd Əmin Rəsulzadə (Azərbaycan Milli Şurasının sədri, Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu).

1-ci məqam: 1918-ci ildə M.Ə.Rəsulzadənin oğlu dünyasını dəyişir. ”Azərbaycan” qəzetinin müvəqqəti redaktoru olmuş Xəlil İbrahim yazır ki, Rəsulzadə Azərbaycan məsələsi ilə bağlı Tiflisə getməli olduğundan oğlunun yas mərasimində bir saatdan artıq otura bilmədi.

2-ci məqam: 1920-ci ildə M.Ə.Rəsulzadə həbs edilir və bəzi bolşeviklər onun güllələnməsini tələb edirlər. Belə məqamda həbsxanaya gəlib onu xilas etmək istəyən Stalinə Rəsulzadə deyir ki, mənim neçə vaxt idi ki, gizlənməkdə məqsədim məqam gözləyib sizi devirmək idi. Çünki siz bizim məmləkəti işğal etmisiniz (diqqət edirsinizsə, ölüm təhlükəsi altında olan Rəsulzadə yenə özünü yox, Azərbaycanı düşünür və Stalindən də onu xilas etməsini xahiş etmir).

3-cü məqam: Sovet dövləti Rəsulzadənin yanına bir emissar göndərərək, ondan sovet hökuməti əleyhinə mübarizəsini dayandırmağı və bunun müqabilində Azərbaycana qayıdıb sakit və rahat həyat yaşaya biləcəyinə təminat verəcəyini çatdırır. Lakin Rəsulzadə bu təkliflərlə razılaşmır və deyir: ”Sonuncu rus əsgəri Poylu körpüsünü keçib vətənimdən çıxmayana qədər mübarizəmi dayandırmayacağam”.

Nəsib bəy Yusifbəyli (Azərbaycan Xalq Cümhuriyyəti dövründə Baş nazir).

1-ci məqam: Nəsib bəy Yusifbəylinin Baş nazir olarkən atasının ona yazdığı məktubdan: “Əziz oğlum, çox səbir etdim, amma yazacağam. Sıxıntı çəkərək, borc altına girərək səni yüksək təhsillə təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin Maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin, göndərdim, sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhuriyyətimizin Maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin. Həmişə göndərirdim. Mənə aid olan torpağın bir parçasını satmışdım. Həmin pullardan göndərirdim. Bu gün isə Baş nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olmusan. Yenə bağının qamışını mən alım?"

2-ci məqam: Azərbaycan işğal ediləndən sonra Nəsib bəy Yusifbəyli Yevlax-Kürdəmir arasındakı yolda bolşeviklərin əli ilə qətlə yetirilir. Onun balaca əl çamadanında çoxlu pulun və qızılın olduğunu düşünən qatillər axtarıb heç nə tapmır. Çamadanda onun dəyişək paltarının və diş fırçasının olduğunu görüb təəcüblənirlər. Yəni Baş nazir hökumət xəzinəsindən özünə yol pulu da götürməyib.

Əlimərdan bəy Topçubaşov (Azərbaycan Parlamentinin Sədri).

1-ci məqam: Ə.M.Topçubaşov mühacirətdə ağır vəziyyətdə yaşayanda Polşa hökuməti ona ayda 100 dollar həcmində yardım verəcəyini vəd edir. Bir müddət keçir. Pulu almayan və ehtiyac içində yaşayan Ə.M.Topçubaşov öz mənliyini və qürurunu qoruyan məzmunda Polşa rəsmisi Tadeuş Qolubkoya belə bir məktub yazır: “Sizə bu məktubu yazmaqda məqsədim dediyiniz pulu mənə verməyinizi xahiş etmək deyil. Məqsədim odur ki, biləsiniz ki, o pulu mən almıram”.

2-ci məqam: Ən ağır vəziyyətdə olmasına baxmayaraq, Ə.M.Topçubaşov azərbaycanlı tələbələrin oxuması üçün ayrılan vəsatə toxunmur və saxlayır.

Sonda. Bu şəxsiyyətlər yüksək xarakterli və iradəli insanlar idi. Onlar həm də siyasi təfəkkür baxımından güclü şəxsiyyətlər idi. Onlar öz xarakterlərinə zəifliyi, ağlamağı və şikayətlər etməyi yaxın qoymadılar. Yaratdıqları Cümhuriyyətin də problemlərinin həllini beynəlxalq güclərə şikayətlərdə yox, özlərinin və bütövlükdə xalqın gücündə tapdılar. Odur ki, bu yazını da M.Ə.Rəsulzadənin özlərinin xarakterlərini açan maraqlı fikirləri ilə yekunlaşdırıram:

”Ağlamaq dini vaqiələrdə, ruh və imanın paklıq və istirahəti üçün lazımı bir şey isə də, dünya işlərində fayda gətirməz. Təbiət olduqca qəddar və birəhmdir. O, göz yaşlarına zərrə qədər əhəmiyyət verməz. O, gülməyə, ağlamağa qarşı laqeyddir. Hələ ağlamaqdan bir az da zəhləsi gedir. Çünki ağlamaq acizlik əlamətidir. Acizlərin isə təbiət ən birinci düşmənidir. Qüvvətli olanları saxlar, zəif olanları əzər – budur onun rəftarı”.

03 May 2024 Yazarlar “Ədəbiyyat adamı” mükafatı aldılar
03 May 2024 Bu bayramı ölkəyə bizim ailə gətirdi
02 May 2024 Bir gün “Salam, sağ ol” deyəcəyik...
01 May 2024 Zəhmətkeşlər özü üçün çalışır, niyə bayram edək? - Yazıçı
01 May 2024 Allah ədəbiyyatımıza verdiyi Salamı geri alır
15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi