Azərbaycanın qüdrətli dövlətlər arasında qərarlaşmasının ABŞ tərəfindən elan olunması Prezident İlham Əliyevin tam müstəqil siyasətinə verilən növbəti yüksək dəyərdir.
Dayanıqlı inkişaf və tərəqqi yolu, yüksələn reytinq və qazanılan iqtisadi-siyasi dividendlər, sistemli islahatlar və onun uğurlu nəticələri...
Bütün bunlar həm geoiqtisadi, həm də geosiyasi mövqelərini daim möhkəmləndirən Azərbaycanın əldə etdiyi müsbət göstəricilər, reallıqlardır. Əlbəttə ki, bu uğurları yalnız biz yox, beynəlxalq iqtisadi forumların, reytinq təşkilatlarının hesabatları da təsdiqləyir.
Davos Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı”, Dünya Bankının "Doing Business”, "Moody's”, "Standard & Poor's”, "Fitch Ratings”, ABŞ-ın "The Heritage Foundation” analitik mərkəzinin "İqtisadi Azadlıq İndeksi”, ABŞ-ın "U.S.News & World Report” jurnalının hazırladıqları hesabatlarda, reytinq siyahılarında Azərbaycan, demək olar ki, hər il yüksəlişdədir.
Bu günlərdə Amerikanın "U.S.News & World Report” jurnalında dərc edilən dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycanın 80 ölkə arasında 45-ci yerdə qərarlaşması da növbəti uğurumuzdur. Əlbəttə ki, Cənubi Qafqazın lider dövlətinin ən güclü ölkələrin reytinqində bu mövqedə qərarlaşmasının təməlində də ölkənin inkişafı dayanır. Bu siyasətin müəllifi isə ən islahatçı Prezident adlandırılan cənab İlham Əliyevdir.
Prezident İlham Əliyevin liderliyində iqtidar-xalq birliyinin təmin olunması respublikamızın beynəlxalq aləmdə inamla addımlamasına qarant vermişdir.
Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının hesabatlarında da dəfələrlə əksini tapmışdır.
Bu ilin əvvəlindən başlanan sosial islahatlar, kadr dəyişiklikləri, özbaşınalıq edən məmurların cəzalandırılması, iki icra başçısının həbsi göstərdi ki, artıq Yeni Azərbaycan qurulur.
İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd və vəzifələrdən biri qazanılan sosial-iqtisadi uğurların daha da sürətləndirilməsi və miqyasının genişlənməsidir.
Bu sahədə prioritetlərdən biri də regionların davamlı yüksəlişidir. Təsadüfi deyil ki, indi hansı rayona, hətta ucqar kəndlərə belə baş çəksən, quruculuq işlərinin şahidi olarsan.
Bu günlərdə Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri göstərdi ki, regionları əhatə edən inkişaf prosesləri, abadlıq və quruculuq işləri davamlı və sistemlidır.
İlham Əliyev yeni Azərbaycan modeli və idarəetməsi yaradır. Prezident özü başladığı prosesin anonsunu vermişdi-gənc kadrlar, yenilənmələr, islahatlar...
Əslində nə baş verdiyi aydındır. İlham Əliyev ölkəni yeni mərhələyə-daha müasir bir ölkə, daha çevik bir idarəetmə, daha gənc kadrların öhdəsində olan dövlət modelinə keçirir. Göründüyü kimi, proses miqyaslı, məsuliyyətli və həm də bir qədər riskli görünürdü.
Bu sadaladıqlarımızdan sonuncudan başlamaq lazım gəlir. Çünki prezidentin iradəsi, qətiyyəti olmadan bu qədər ciddi kadr və struktur islahatlarına başlamaq mümkün olmazdı.
İkincisi, İlham Əliyev üçün ən vacib məsələlərdən biri Azərbaycanın imicidir. Prezidentin arzuladığı Azərbaycan modelini isə artıq yaşı ötmüş məmurlar, eləcə də köhnə strukturlarla qurmaq problemli, hətta mümkünsüzdür.
Bu prosesin əsas qəhrəmanı İlham Əliyevdir. Prezident, bir qədər sentimental səslənsə də, hamımızın vətəni olan Azərbaycanı üçün pencəyini çıxarıb və fəal işgüzarlığı ilə bu prosesi demək olar ki, tək öz üzərinə götürüb.
Azərbaycanın və onun xalqının taleyinə görə məsuliyyət İlham Əliyevin üzərinə gənc yaşlarında düşmüşdü.
Prezident seçiləndə onun 42 yaşı vardı. Müasir dünya tarixinə nəzər yetirsək, bu yaşda dövlət başçısına nadir hallarda rast gələrik.
Şəkkaklar vardı: bacaracaqmı? Bacardı. Zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu missiyanın öhdəsindən heyrətamiz dərəcədə uğurla gəldi.
İlham Əliyevin həyatı uğur səhifələridir. Moskvada təhsil illəri, çətin neft danışıqları, hər ayı, hər ili tarixə yazılan 16 illik prezidentlik dövrü...
Bunu bir xarizma, fitri liderlik istedadı da hesab etmək olar. Üstəlik o, Heydər Əliyev məktəbi keçib, siyasi-mənəvi baxışları bu məktəbdə formalaşıb.
İdarəetməni dahi siyasi xadim, müasir müstəqil dövlətimizin banisi, xalqımızın ulu öndəri Heydər Əliyevdən əxz edib.
Siyasətdə varislik prinsipi Prezident İlham Əliyevin bir çox çıxışlarında qırmızı xətt kimi keçir. Onu dünya liderlərindən fərqləndirən ən üstün cəhət xalqla daim təmasda, ünsiyyətdə olmasıdır.
Müsahibələrindən birində deyir: "Bu canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”.
Prezident İlham Əliyev müsahibələrinin birində asudə vaxtını ailəsi ilə keçirdiyini, həyat üçün enerjini məhz ailəsində aldığını deyib. Bu da öz sözüdür: "Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdıram”.
İlham Əliyev və Mehriban xanım uzun illərdir həyat yollarında birgə addımlayırlar. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayan, yüksək intellektə malik, prinsipial və xeyirxah insan olan birinci xanım Mehriban Əliyeva xalqın böyük məhəbbətini, rəğbətini qazanıb.
Onun 15 ildir ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz mühüm proqramları, bənzərsiz layihələri ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir.