"AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər". AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə giriş nitqində söyləyib.
"Biz bu gün pambıqçılıq sahəsində görülmüş işlərə yekun vuracağıq. Pambıq yığımı demək olar ki, başa çatıbdır. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik. Eyni zamanda, biz bu gün növbəti illərdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparacağıq və təkliflər səslənəcək ki, bundan sonra da pambıqçılıq uğurla inkişaf etsin. Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, ta qədim dövrlərdən Azərbaycan ərazisində pambıqçılıqla kəndlilər məşğul olmuşlar. Statistika isə 1913-cü ildən artıq pambıqçılıqda baş verən inkişafı nəzərə alır. 1913-cü ildə Azərbaycanda 100 min hektarda pambıq əkilmişdir və hektardan məhsuldarlıq cəmi 6 sentner təşkil edirdi. Ondan sonrakı dövrlərdə pambığın istehsalı artmışdır. Ancaq ən sürətli artım ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində nəinki pambıqçılıq, kənd təsərrüfatının bütün başqa sahələri də uğurla inkişaf etmişdir. Əgər statistikaya nəzər salsaq görərik ki, onun dövründə baramaçılıq, üzümçülük, pambıqçılıq, meyvəçilik, tərəvəzçilik pik həddə çatmışdır. Beləliklə, kəndlərdə yaşayan insanlar öz maddi durumunu yaxşılaşdırmış, evlər tikmiş, maşınlar, məişət texnikası almışlar. Bir sözlə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdəki fəaliyyəti Azərbaycanı müttəfiq respublikalar arasında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə ucaltmışdır. Bundan daha önəmli məsələ ondan ibarətdir ki, Azərbaycanda yaşayan insanların rifah halı böyük dərəcədə yaxşılaşdırılmışdır. Məlumat üçün deyə bilərəm ki, 1969-cu ildə Heydər Əliyev birinci katib seçiləndə Azərbaycanda 200 min hektarda pambıq əkilmişdir və 300 min tona yaxın məhsul götürülmüşdür, yəni, məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində idi. Ancaq 1980-ci illərin əvvəllərində həm məhsuldarlıq artmışdır, 30 sentnerə yaxınlaşmışdır, hətta bir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olmuşdur. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona qalxmışdır", - dövlət başçısı qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyev Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdi, üzümçülük, demək olar ki, tamamilə sıradan çıxarıldı: "Deyə bilərəm ki, bu da həm sovet rəhbərliyinin, həm də o vaxt Azərbaycan rəhbərliyinin cinayəti nəticəsində baş vermiş hadisə idi. Çünki üzümçülüyün Azərbaycanda böyük ənənələri var idi. Heydər Əliyevin dövründə istehsal 2 milyon tona qalxmışdır. Yəni, Azərbaycan sovet məkanında ən çox üzüm istehsal edən respublika idi. Bizdən sonra gələn respublikalar heç 1 milyon ton üzüm istehsal edə bilmirdi. Bizdə isə istehsal 2 milyon ton idi. Təsəvvür etmək çətin deyil ki, bu, nə qədər böyük xeyir gətirirdi həm respublikaya, həm də kəndlilərə. Üzümçülüyə çox böyük ziyan vurulmuşdur və o vaxt bizim üzüm bağlarımız dağıdılırdı. Çox böyük xəyanətkar və cinayətkar siyasət aparılaraq demək olar ki, Azərbaycanın kənd təsərrüfatı məhv edilirdi. Əfsuslar olsun ki, bunu edənlər o vaxt Azərbaycan rəhbərliyində olan şəxslər idi. Dediyim kimi, Heydər Əliyev 1982-ci ildə Moskvaya gedəndən sonra pambıqçılıqda tənəzzül dövrü başlamışdır, istehsal yavaş-yavaş azalırdı. Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda pambıq istehsalı 500 min tona, 1993-cü ildə isə 280 min tona düşmüşdür. Bildiyiniz kimi, müstəqillik dövrünün ilk illəri çox ağır keçirdi, ölkə çox ağır vəziyyətdə idi. Ermənistan işğalı, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına gətirilmişdir. Ölkədə total böhran - siyasi böhran, hərbi böhran, iqtisadi böhran hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi, sənaye müəssisələri iflic vəziyyətdə, kənd təsərrüfatı dağılmış vəziyyətdə idi, ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra edirdilər. Bunun nəticəsində əlbəttə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağıdıldı və həm də ölkə idarəolunmaz vəziyyətə düşdü. Yalnız xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi və bu gün biz bu inkişafın təzahürlərini həyatımızın bütün sahələrində görürük".
Dövlət başçısı vurğulayıb ki, o vaxt ağır vəziyyətdən çıxmaq üçün iki əsas amil həyata keçirilməli idi: "Onlardan biri xarici sərmayəni cəlb etmək idi və biz buna nail olduq. Bu il “Əsrin kontraktı”nın 25 illiyini qeyd edərkən bir daha bu kontraktın əhəmiyyəti və Ulu Öndərin bu sahədə gördüyü tarixi işlər haqqında mən öz fikirlərimi bölüşmüşdüm və bildirmişdim ki, biz ölkəyə milyardlarla dollar həcmində investisiya qoyulmasına nail olduq. Digər çıxış yolu özəlləşdirmə ilə bağlı idi. O vaxt çox ciddi iqtisadi islahatlar aparılmağa başlamışdır, torpaq kəndlilərə, fermerlərə verilmişdir. Bu, əlbəttə ki, düzgün addım idi. Ancaq o da həqiqətdir ki, sovet vaxtından qalan texnika demək olar sıradan çıxmışdır, aqrotexniki tədbirlərin görülməsi üçün müasir standartlara cavab verən təcrübə yox idi, gübrə, pestisidlər ilə bağlı problemlər özünü kifayət qədər kəskin büruzə verirdi. Yanacaq çatışmazlığı da böyük problem idi. Ona görə özəl qurumlar, kəndlilər və fermerlər pambığın istehsalını müasir səviyyədə təşkil etmək üçün böyük çətinliklər çəkirdilər. Kəndliləri bunda günahlandırmaq olmaz. Ancaq pambıqtəmizləmə zavodlarını özəlləşdirmiş, pambıqçılığı inkişaf etdirməyə söz vermiş özəl şirkətlərin fəaliyyəti əlbəttə ki, qənaətbəxş hesab oluna bilməz. Daha dəqiq desəm, onların fəaliyyəti ən pis qiymətə layiqdir. Demək olar ki, onların yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanda pambıqçılıq məhvə doğru gedirdi, pambıq yetişdirən rayonlarda işsizlik geniş vüsət alırdı. Özəl qurumlar bu vəzifənin öhdəsindən gələ bilmədilər, lazımi səviyyədə sərmayə qoymadılar, pambıqtəmizləmə zavodlarını səmərəli işlədə bilmədilər və deyə bilərəm ki, bu məsələyə bütövlükdə çox biganə yanaşdılar. Beləliklə, pambıqçılıqda çox böyük tənəzzül yaşandı. Əslində biz bu gəlirli, bizim üçün ənənəvi olan əməktutumlu sahəni demək olar ki, itirirdik. Bir rəqəmi deyə bilərəm, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir və 35 min ton məhsul tədarük edilmişdir. Baxın, pambığın tədarükü 1981-ci ildəki bir milyon tondan 35 min tona düşdü".
"Bilirsiniz, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının bütün təzahürləri Azərbaycanda vardır. Bir rəqəmi demək kifayətdir ki, bizim iqtisadiyyatımızın hazırda 85 faizi özəl sektorda formalaşır. Strateji dövlət müəssisələrindən başqa, bütün qalan müəssisələr özəl sektorda fəaliyyət göstərir. Bazar iqtisadiyyatının qanunları diktə edir ki, bazar liberallaşsın, iqtisadiyyata dövlət müdaxiləsi minimum səviyyəyə endirilsin və bu iqtisadi məsələləri bazar münasibətləri tənzimləməlidir. Ancaq biz həyatda görürük ki, bu mənzərə ilə heç də hər zaman üzləşmirik. Xüsusilə müstəqilliyi yeni qazanmış ölkələrdə dövlət müdaxiləsi zəruridir. Əgər dövlət siyasəti olmasaydı, bu gün biz bu uğurlara nail ola bilməzdik. Əgər dövlət energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatına dəstək, sənayenin inkişafı sahələrində öz ciddi addımlarını atmasaydı, öz siyasətini ortaya qoymasaydı, bu gün hansı uğurlardan söhbət gedə bilərdi?! İnfrastruktura özəl sektor pul qoya bilərmi? Əlbəttə ki, yox. Üzümçülüyə, hansı ki, fermer gəliri ən azı 7 il gözləməlidir, dövlət dəstəyi olmadan kimsə vəsait qoya bilərmi? Pambıqtəmizləmə zavodlarının yenidən qurulmasına dövlət dəstəyi olmadan kim vəsait qoyar? Biz indi pambıq tədarükü üçün ən müasir texnika alırıq, - Amerika istehsalı olan “John Deere” kombaynları, - 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik. Hansı özəl şirkət bunu öz üzərinə götürə bilər? Ona görə görəndə ki, biz pambıqçılıq sahəsini də itiririk və bu, böyük problemlərə gətirib çıxarar, mən dərhal göstəriş verdim, bu məsələ ilə özüm məşğul olmağa başladım. Gördüm ki, bu sahədə bazar iqtisadiyyatı prinsipləri işləmir, çox ciddi tədbirlər planı tutuldu və 2017-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olundu. Biz Dövlət Proqramı əsasında pambıqçılığı dörd il ərzində demək olar ki, dirçəltdik və ən yüksək nəticələrə çatdıq. Beləliklə, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınmışdır. Qeyd etdiyim kimi, 400-dən çox pambıqyığan kombayn almışıq, onların da böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan “John Deere”in daha məhsuldardır və keyfiyyətə görə ən yüksək standartlara cavab verən kombaynlarıdır. Bu, bizə imkan verdi ki, pambığın 87 faizini texnika ilə yığa bilək və əl əməyi aşağı düşdü. Ancaq bununla paralel olaraq, biz, əlbəttə ki, pambıqçılığı əməktutumlu sahə kimi inkişaf etdirərkən, ilk növbədə, məşğulluqla bağlı olan problemləri diqqət mərkəzində saxlamışıq və buna nail olmuşuq", - Azərbaycan Prezidenti qeyd edib.