"Ölkə.Az" azərtac-a istinadən xəbər verir ki, bunu futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş təşkil etdiyi mətbuat konfransında deyib.
“Avro-2020” barədə danışan Ş.Güneş Türkiyə millisinin yer aldığı A qrupunun oyunları ilə bağlı bildirib: “Avro-2020”də Türkiyəni və Azərbaycanı təmsil edəcəyik. Bakıda iki çətin oyunumuz olacaq. İtaliya ilə keçiriləcək görüş də çox vacibdir. Həmin matçda məğlub da ola, qalib də gələ bilərik. Bakıdakı iki oyunun nəticəsi vəziyyəti tamamilə dəyişə bilər”.
Qeyd edək ki, noyabrın 30-da Buxarestdə keçirilən püşkatmanın nəticələrinə əsasən, Bakının Roma ilə birlikdə oyunlarına ev sahibliyi edəcəyi A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə yığmaları yer alıblar.
Azərbaycan paytaxtında – Bakı Olimpiya Stadionunda A qrupunun üç, dörddəbir final mərhələsinin bir qarşılaşması təşkil olunacaq. Qardaş ölkənin yığma komandası Bakıda iki oyun keçirəcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda iyunun 13-də Uels və İsveçrə yığmaları qarşılaşacaqlar. Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə görüşəcək.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.