Azərbaycanda da fəaliyyət göstərən "Özkaya Group” şirkətinin prezidenti, türk iş adamı Osman Gezeker vəfat edib. Qaynarinfo xəbər verir ki, Osman Gezeker bu gün səhər saatlarında uzun müddətdir müalicə aldığı Ankara Dövlət Xəstəxanasında dünyasın dəyişib.
Qeyd edək ki, Osman Gezeker Azərbaycanın sabiq prezidenti Heydər Əliyevlə yaxın dostluq münasibəti ilə də tanınırdı. Belə ki, 1989-cu ildə Qars Polis İdarəsinin rəisi olan Osman Gezeker həmin vaxt Naxçıvana dəfələrlə yardım göndərib. Daha sonra prezident seçilən Heydər Əliyev Türkiyəyə səfəri zamanı qardaş ölkənin o vaxtkı dövlət başçısı Süleyman Dəmirəldən Osman Gezekerin Azərbaycana təyinatını xahiş edib. Süleyman Dəmirəlin qərarı ilə o, Bakıya polis ataşesi təyin olunub. Türkiyə mətbuatının məlumatına görə, Osman Gezeker vəzifə müddəti başa çatdıqdan sonra da Azərbaycanda yaşayıb və bizneslə məşğul olub. Onun Azərbaycanda tikinti materiallarının və dəmir avadanlıqların istehsalı, eləcə də satışı ilə məşğul olduğu bildirilir. Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”nin (TÜİB) rəhbərliyində təmsil olunub.