Leyla Abdullayeva: “İki ölkə ekspertlərinin görüşünün keçirilməsi nəzərdə tutulur”; Əflatun Amaşov: “İnanıram ki, ortaq məxrəcə gəlinəcək və məsələ həllini tapacaq”

“Keşikçidağ məntəqəsində Azərbaycan sərhədinin pozulması ilə yaranan insident təsadüfi bir təxribat deyil. Bu təxribat qabaqcadan düşünülüb və Cənubi Qafqazda sülh və əmin-amanlığın təminatı olan Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərinin dostluq münasibətlərinə qarşı yönəlib. Hesab edirəm ki, bu təxribat Cənubi Qafqazda hərbi, siyasi və iqtisadi maraqları olan güc mərkəzləri və onların əlaltısı olan Ermənistandakı rejimin sifarişi ilə törədilib. Həmin mərkəzlər bu təxribatı Gürcüstanda olan ermənipərəst qüvvələrin iştirakı ilə törədiblər”.

Bunu “Report”a açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib. O bildirib ki, Ermənistandakı faşist rejiminin bu işin əsas sifarişçilərindən biri olduğu heç kimdə şübhə doğurmur: “Ermənistanda yürüdülən yanlış siyasət nəticəsində ermənilər çox ağır vəziyyətdə yaşayırlar. Əgər İrəvanda yanlış siyasət yürüdülməsəydi, Ermənistan Cənubi Qafqazda strateji layihələrin iştirakçısı ola bilərdi. Ermənistandakı rejim Cənubi Qafqazda sülhün və təhlükəsizliyin pozulması üçün əlindən gələni edir. Onların arxasında olan qüvvələr erməni rejiminə yaxından köməklik edirlər. Bu cür təxribatlar Azərbaycan-Gürcüstan-Türkiyə münasibətlərini poza bilməz. Amma hər bir təxribata qiymət verilməli və münasibət bildirilməlidir. Bizi narahat edən odur ki, Gürcüstanda müəyyən qüvvələr mütəmadi olaraq bu cür təxribatlara əl atırlar və həmişə cəzasız qalırlar. Əgər Gürcüstanın ərazisində gürcü dövlətçiliyinə həmişə sadiq olan, Gürcüstanın tarixində mühüm rol oynayan azərbaycanlılara qarşı siyasət yürüdülür və oradakı məscidlərimizin divarlarına donuz kəlləsi yapışdırılırsa, bu işin icraçıları cəzalandırılmalıdır”.

Y.Mahmudovun sözlərinə görə, gürcü təxribatçılarının öz sərhədlərini pozaraq Azərbaycan sərhədçilərinə hücum etməsi Gürcüstanın cavabdeh qurumlarının rəhbərlərinin məsuliyyətsizliyi üzündən baş verib: “Axı bir qrup şəxs hər iki dövlətin sərhədini necə poza bilər?

Buradan belə çıxır ki, guya Gürcüstan öz dövlət sərhədlərini layiqincə qoruya bilmir. Azərbaycanla dostluq münasibəti və strateji tərəfdaşlıq müqəddəsdirsə, sərhədlərin pozulmasına heç cür göz yumula bilməz. Gürcüstanın keçmiş müdafiə nazirinin, ”Qalib Gürcüstan” siyasi hərəkatının lideri İrakli Okruaşvilinin, Azərbaycan sərhədinə gələrək xalqımıza qarşı sayıqlayan partiya liderinin təhqirləri və azərbaycanlıları “çoban” adlandırmaları bizdə ciddi narahatlıq doğurub. Eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq idman yarışları zamanı Bakıya gələn iki gürcünün Şəhidlər Xiyabanında “Keşikçidağ bizimdir” deyə plakat qaldırması da ciddi narahatlıq doğurmalıdır”.

Akademik hesab edir ki, Azərbaycan-Gürcüstan dostluğu əbədidir: “Amma bu dostluq münasibətlərini pozmağa çalışanlara qarşı qardaş Gürcüstanda ciddi tədbirlər görülməlidir. Qardaşlıq və dostluq münasibətlərində ikili standartlar ola bilməz. Azərbaycan-Gürcüstan-Türkiyə münasibətləri pisləşərsə, bu, ən çox gürcü xalqına mənfi təsir göstərəcək. Təəssüfedici hal odur ki, hələ də Gürcüstanın müvafiq qurumları bu insidentin ciddi qüsur olduğunu dövlət səviyyəsində etiraf etməyiblər. Təxribatların törədilməsində erməni lobbisinin də xüsusi xidmətləri var. Azərbaycanın sərhədləri BMT-nin qanunları ilə dünya birliyində tanınıb və bütün qonşular Azərbaycan sərhədlərinin toxunulmazlığına əməl etməlidirlər”.

Direktor Azərbaycan sərhədçilərinin insident zamanı soyuqqanlılıq nümayiş etdirməsini dəstəklədiyini bildirib: “Çünki sərhədçilərimiz iki dövlət arasında əlaqələrin pozulmaması üçün silahdan atəş açmayıblar. Təxribatçılar və onlara dəstək verənlər bilməlidir ki, David Qareci də, Şərqi Gürcüstan da tarixi Azərbaycan torpağıdır. Tiflis Azərbaycanın qədim şəhəridir. Bir qrup gürcü təxribatçısının yolu ilə gedilərsə, onda Azərbaycan da öz tarixi torpaqları ilə bağlı iddia qaldıra bilər. Əgər gürcü ekstremistləri ərazi iddiasındadırsa, onda öz ”hünərlərini” Cavaxetiyada göstərsinlər. Ötən əsrin 30-cu illərində Stalin Şirək yaylasını – Qanıx (Alazan) çayının sağ sahilindəki torpaqlarımızı Azərbaycan xalqının razılığı olmadan Gürcüstana verib. Biz təbii ki, bu iddiaları qaldırmırıq. Çünki biz gürcü xalqı ilə dostuq. Dostluqda xəyanət olmaz!”

“Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu tarixi dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlərin sınağından çıxmış qardaşlığımız son günlər baş verən təxribat səbəbindən daha bir imtahandan keçir. Bu, birmənalı şəkildə təxribatdır və bu hadisələrdə maraqlı dairələrin əli var”.

Bu barədə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Gürcüstandakı səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyevin Keşikçidağı Məbəd-Kompleksində baş verən insidentlə bağlı yaydığı bəyanatda bildirilib. “Gürcü və Azərbaycan xalqları, dindarları arasında heç bir nifaq, milli və ya dini qarşıdurma halı yoxdur, ola da bilməz. Bunun üçün əsas yoxdur və xalqlarımız, dövlət, hökumət rəsmilərimiz arasında olan strateji münasibətlər, dini liderlərimizin müdrikliyi, onların dünyaya örnək qardaşlıq əlaqələri buna imkan vermir”.

Sənəddə qeyd olunub ki, Azərbaycan və Gürcüstanın dövlət və xalqları arasında qarşılıqlı ehtiram və etimad mühiti görünür bədxahlarımızın işinə yaramır: “Təxribatlara əl atmaqla iki xalqın arasına nifaq toxumu səpmək, qarşıdurma yaratmaq ümidindədirlər. Xəyanətkarlığın arxasında duran qüvvələrin ən böyük məqsədi bu qarşıdurmanı təkcə milli deyil, dini müstəviyə daşımaqdır. Bu mənfur, bədxah niyyəti Qafqazda gerçəkləşdirmək cəhdləri məlum qüvvələrin zəhərli təfəkküründə hər zaman mövcud olub”.

QMİ-nin Gürcüstan nümayəndəliyi ümid edir ki, Keşikçi Dağ Məbəd-Kompleksi ətrafında yaradılmış süni problem aidiyyəti qurumlar tərəfindən tezliklə həllini tapacaq: “Bu istiqamətdə işlər gedir və davam etdirilərək öz hüquqi həllini tapacaq. Biz xalqlarımız və dövlətlərimizin dostluq və qardaşlıq münasibətlərinin bu imtahandan da üzüağ çıxaraq daha da dərinləşməsini diləyirik”.

Bəyanatda vurğulanıb ki, dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir və dini qarşıdurma yaratmaq cəhdi ikrahdoğurucu haldır: “Biz Gürcüstan və Azərbaycan dindarları dövlətlərimizin, dini liderlərimizin mövqeyindən çıxış edərək, bu yolda öz səylərimizi əsirgəməyəcək, xalqlarımızı qarşı-qarşıya qoymağa çalışan qüvvələrin təxribatlarına uymayacağıq. Bədxahlarımızın, marağı olan qüvvələrin məkrli niyyətləri tarixi qardaşlıq və ənənəvi Qafqaz müdrikliyi qarşısında puç olacaq”.

Qeyd edək ki, 14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxs Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum edərək onların ünvanına nalayiq ifadələr səsləndirib. Azərbaycan XİN Keşikçidağda baş verən hadisəyə reaksiya verib. Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib. Bu vaxta qədər hələlik Bakının notasına Tiflisdən cavab gəlməyib. Təxribat törədənlərin cəzalandırılması barədə də məlumat yoxdur.

Gürcüstanın XİN yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında yaşanan insidenti təəssüfedici adlandırıb. Sonraki günlərdə məbədə giriş qadağan edilib.

Hazırda ciddi problemlər yaranmasa da, məsələnin açıq qalması narahatlıq doğurur. Bəzi təhlilçilər hesab edir ki, Gürcüstanda anadan olmuş tanınmış azərbaycanlılar Tiflisə səfər edərək Gürcüstanın ayrı-ayrı dairələri ilə görüşlər keçirib məsələnin sakit şəkildə həll olunması zərurətindən bəhs etsələr, bu, işin faydasına olar.

Borçalıda, Qardabani rayonunun Kosalı kəndində anadan olan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Yeni Müsavat”a açıqlamasında mövzu barədə danışarkən bunları bildirdi: ““Borçalı” Cəmiyyəti Keçikçidağ məbədi ətrafında yaradılan gərginliyi hər hansı təxribatçı şəxslərin törədiyi qanunsuzluq kimi dəyərləndirməyi doğru hesab etmir. Proseslərin inkişaf dinamikası deməyə əsas verir ki, bu, ciddi mərkəzlərin hazırladığı planlı bir təxribatdır. Hesab edirik ki, bu təxribatların hədəfi iki xalqı üz-üzə qoymaqdan, yeni etnik-dini qarşıdurma yaratmaqdan, destruktiv mərkəzlərin bölgəyə müdaxiləsi üçün münbit şərait yaratmaqdan, Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığını təhdid altına salmaqdan, Cənubi Qafqaz dövlətləri arasında sağlam əməkdaşlığı pozmaqdan ibarətdir. “Borçalı” Cəmiyyəti bu problemin həllində ictimaiyyətin daha az iştirakını məqbul hesab etməklə, Azərbaycan və Gürcüstan arasında rəsmi təmasların daha da intensivləşməsini, məsələnin mütləq anlamda aktiv diplomatik müstəviyə daşınmasını zəruri bilməklə, tədqiqatçı alimlərin də daxil olduğu yeni problemlərin həllinə səlahiyyətli etimadlı ortaq dövlətlərarası komissiyasının formalaşdırılmasını təklif edir”.

Z.Məmmədli əlavə etdi ki, iki xalq arasında etimad mühitini zaman-zaman sarsıtmış aşağıdakı məsələlərin həmin komissiyanın səlahiyyətində müzakirəyə salınmasını və həll yollarının aranmasını təklif edir: “Demorkasiya və delimitasiya problemləri; Əsassız dəyişdirilmiş toponimlərin bərpası məsələsi; Gəncə qapılarının geri qaytarılması məsələsi; Ədalətsiz olaraq kəndçilərdən alınmış torpaqlara görə təzminatlar məsələsi; Soydaşlarımızın Gürcüstan ərazi bütövlüyü çərçivəsində statusu məsələsi; Azərbaycanda məskunlaşmış gürcülərlə bağlı təklif olunan məsələlər; Azərbaycan və Gürcüstan arasında uzunmüddətli strateji əməkdaşlıq prioritetlərinin müəyyənləşməsi məsələsi; Azərbaycan dilinin regional dil statusu məsələsi; Borçalı türklərinin Elat Mədəniyyəti günü – Elat bayramının bərpası; Siyasi motivlərlə girişinə yasaq qoyulmuş şəxslərin üzərindən qadağanın götürülməsi və sair”.

Təşkilat rəhbəri dedi ki, “Borçalı” Cəmiyyəti eyni zamanda ən yaxın zamanda “Azərbaycan-Gürcüstan münasibətləri və mövcud problemlər” mövzusunda milli qüvvələrin zirvə toplantısının çağırılmasını, yaranmış durumun müzakirəsi, ortaq maraq və milli mənafeyimizi ehtiva edən vahid sənədin qəbul olunmasını, Azərbaycan milli qüvvələrinin “Azərbaycan və Gürcüstan milli qüvvələrinin əməkdaşlıq şurası”nın yaradılması kimi yeni təşəbbüslə çıxış etmələrini təklif edir.

Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olan deputat, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov “Yeni Müsavat”a açıqlamasında dedi ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya hazırda bu məsələ ilə məşğul olur: “Bu məsələ yaradılmış komissiyada, araşdırma mərhələsindədir. İnanıram ki, ortaq məxrəcə gəlinəcək və məsələ öz həllini tapacaq”.

“Bu ilin 20 avqust tarixindən sonra iki ölkənin ekspertlərinin görüşünün keçirilməsi nəzərdə tutulur”. Bunu isə XİN-in mətbuat katibi Leyla Abdullayeva “Yeni Müsavat”a açıqlamasında söylədi. Gürcüstana xüsusi bir heyətin göndərilməsi təklifinə gəldikdə, XİN təmsilçisi buna zərurət olmadığını bildirdi: “Azərbaycan Respublikası və Gürcüstan arasında Dövlət Sərhədlərinin delimityasiyasi və demarkasiyasi üzrə Komissiyanın növbəti iclası keçirilənədək bu kimi tədbirlərə ehtiyac yoxdur”.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!