Ä°rəvanın humanizm görüntüsü - Şahbaz və Dilqəmin məsələsi niyə uzanır?İyulun 11-də Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistanın işğalçı ordusu tərəfindən, Azərbaycan ərazilərində girov götürülməsinin 5-ci ildönümü tamam olacaq. Xatırladaq ki, hər iki mülki şəxs, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonundakı ata-baba yurdlarını növbəti dəfə ziyarət edərkən terrorçuların əlinə keçmişdilər. Onlarla bilikdə olan üçüncü şəxs, Azərbaycan vətəndaşı Həsən Həsənov isə əməliyyat zamanı qətlə yetirilmişdi, sonradan dövlətimiz onun nəşini geri alıb Bakıda dəfn etdi.

Ermənistan ordusunun işğalı altında olan Dağlıq Qarabağda qurulmuş qondarma “məhkəmə” D.Əsgərova ömürlük, Ş.Quliyevə isə 22 il həbs kəsib. Qeyd edək ki, 2009-cu ildə D.Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndində olub və çəkdiyi videokadrları yayarkən bu məkanı özü üçün “İkinci Mədinə” adlandırıb. O zaman bildirib ki, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edir. Bu faktın özü D.Əsgərovun dogma yurd-yuvanı, əzizlərinin məzarlarını ziyarət üçün necə fədakarlıqlara getdiyini, hansı risklərə imza atdığını təsdiqləyir. Lakin azərbaycanlıların gizli yollarla təmas xəttindən Qarabağa keçməsi, orada sərbəst dolaşmaları erməniləri necə təşvişə saldısa, onlar digərlərinə “dərs” vermək üçün bu iki mülki şəxsə ən ağır cəzanı verdilər. Ən acınacaqlısı və təəssüf doğuranı isə budur ki, az qala 30 ilə yaxındır Qarabağla bağlı mənasız danışıqlara moderatorluq edənlər 5 ildir iki azərbaycanlının qaytarılmasına da nail ola bilmir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyi müntəzəm olaraq girovlara baş çəkdiyini, onların məktublarını ailələrinə çatdırdığını bəyan edir. Lakin ailə üzvləri məktublarda bəzi hissələrin qaralandığını vurğulayaraq onların durumunun normal olduğuna şübhə ilə yanaşırlar. Elə bu həftə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşdüklərini deyiblər. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib. Onun sözlərinə görə, təmsil etdiyi qurumun nümayəndələri iyun ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə “Yeni Müsavat”a bildirib ki, ona görüş barədə BQXK-dan məlumat verilib: “Mənə şifahi məlumat verildi ki, atan Dilqəm Əsgərovla BQXK nümayəndələrinin iyun ayında görüşü olub və səhhəti normaldır. Təəssüf ki, yenə də atamdan nə məktub, nə də foto, videogörüntü gətirməyiblər. Artıq iki ilə yaxındır ki, BQXK nümayəndələri atam Dilqəm Əsgərovdan nə məktub, nə foto, nə də videogörüntü əldə edib mənə təqdim etmirlər. Mən isə hər dəfə BQXK əməkdaşları ilə görüşəndə deyirəm ki, heç olmasa atamdan bir dəqiqəlik videogörüntü gətirin mənə təqdim eləyin, mən həqiqətən atamın hərəkət elədiyini, ayaq üstə dayana bildiyini görüm. Mən atamın öz dilindən eşitmək istəyirəm, desin ki, səhhətimdə ciddi problem yoxdur. Təəssüflər olsun, artıq iki ilə yaxındır mən eyni sözləri BQXK-dan eşidirəm”.

Ötən həftə K.Əsgərov Strasburqda, Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərkibindəki Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşkil etdiyi tədbirə qatılıb. Orada da atasından 1 il 8 aydır məktub almadığını, onun taleyindən narahat olduğunu deyib.

AŞ PA-nın yay sessiyası çərçivəsində qurumdakı nümayəndə heyətimiz Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslərlə bağlı məsələyə həsr edilən “İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev” adlı tədbir keçirilib. AzərTAc-a istinadən verilən məlumata görə, tədbirdə azərbaycanlı girovların acınacaqlı vəziyyətdə saxlanılması, həyatlarının təhlükədə olması, səhhətlərinin ağır olması ilə bağlı məlumatlar verilib. Bütün bunları nəzərə alaraq, tədbir iştirakçıları bu iki azərbaycanlı girovun azad edilməsi məqsədilə Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasına və qurumun İnsan Hüquqları üzrə Müvəkkilinə bəyanat ünvanlayıblar. Bəyanat avropalı parlamentarilər tərəfindən imzalanıb və ünvanlandığı şəxslərə çatdırılıb. Bəyanat qurumun internet səhifəsində yayılıb. Bəyanatda azərbaycanlıların hansı şəraitdə girov götürüldükləri diqqətə çatdırılaraq onların azad edilməsi üçün çağırışlar edilib.

Ş.Quliyevin qardaşı İlham Quliyev isə lent.az-a deyib ki, girovlarla görüş barədə məlumatsızdır: “Bununla bağlı mənə yeni xəbər verilməyib. Qardaşımdan yeni foto, video və ya məktub da ailəmizə göndərilməyib”.

Xatırladaq ki, erməni girovluğundakı iki şəxslə bağlı şikayət Avropa Məhkəməsinə göndərilib və Azərbaycan hökuməti də bu prosesdə iştirak edir. Bu barədə ötən ay Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib. O qeyd edib ki, artıq bütün kommunikasiya mərhələsi yekunlaşıb: “Bu il ərzində Avropa Məhkəməsinin öz mövqeyini bildirməsini gözləyirik”.

Lakin D.Əsgərovun oğlunun dediyi kimi, atası həyatda olmayandan sonra onun azadlığı ilə bağlı hansısa qərarın qəbulu və ya Ermənistana təzyiqlərin edilməsinin heç bir mənası qalmayacaq. Bu mənada Avropa strukturlarının azərbaycanlı girovlara astagəl münasibəti anlaşılan deyil.

Bu arada Ermənistanın görüntü xarakterli addımını müşahidə etdik. Belə ki, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu Azərbaycana qaytarıldı. Hansı ki, sağlamlığında problem olan mülki şəxsin hətta ayağından güllələnməsindən sonra geri qaytarılması da anormallıq idi. Azərbaycan isə yenə də xoş məram nümayiş etdirdi və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviçi Ermənistana təhvil verdi. Girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib. Bu faktın özü Ermənistanın necə vandal bir dövlət olduğunu təsdiqləyir.

Rəsmi Bakı neçə müddətdir ki, əsir və girovların “Hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edir, lakin işğalçı ölkə bütün gücü ilə buna müqavimət göstərir. Hansı ki, bu il ərzində Paris, Moskva və Vaşinqtonda keçirilmiş görüşlərdə humanitar addımların atılması ilə bağlı razılaşma əldə olunub. Buna baxmayaraq, Paşinyan D.Əsgərov və Ş.Quliyevin azad olunmasına qarşı çıxır, hətta bu məsələni Dağlıq Qarabağdakı saxta rejimin “daxili işi” hesab edir. Qarabağdakı separatçı-terrorçu qüvvələr isə öz adlarını azərbaycanlı girovlara qoymağa cəhd göstərərək, onların qaytarılmasını mümkünsüz sayırlar.

Politoloq Arzu Nağıyev qəzetimizə bildirdi ki, qondarma bir qurum tərəfdən heç bir hüquqi əsas olmadan işğal olunan ərazilərdə “məhkəmə” qurulub və Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib: “Dəfələrlə Azərbaycan tərəfi, aidiyyəti qurumlar hər iki şəxsin BQXK qeydiyyatdan keçməsini belə əsas tutaraq humanist addım atılmasını istəyib, hətta tələb etsə də, Ermənistan qondarma qurumu subyekt kimi qələmə verməyə çalışır və heç bir addım atmır. Ermənilərin digər bəhanələri də Dilqəm Əsgərov və Şahbaz Quliyevin statusunun aydınlaşdırılması bəhanəsidir. Yəni onlar girov deyil, guya hərbi əsirlərdir. Təbii ki, bütün danışıqlarda, hətta rəhbərlər səviyyəsində də bu məsələlər dəfələrlə qaldırılıb, erməni tərəfi bundan imtina edir və ya qeyri-müəyyən arqumentlər uydurmağa çalışırlar. Burada da əsas məqsəd prosesi humanist prinsiplərdən siyasi müstəviyə keçirmək cəhdidir. Bir daha qeyd edərdim ki, əsas məram və məqsəd qondarma separatçı rejimi tərəf kimi təqdim etməkdir. Buna da ən mühüm reaksiya məhz ATƏT-in Minsk Qrupundan gəlməlidir, əgər formatda qondarma rejim tərəf kimi təmsil olunmursa, nə üçün bu məsələdə tərəf olmalıdır?”

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın işğal faktorundan əlavə, Azərbaycana etnik və humanitar düşmənçiliyi də davam edir: “Azərbaycan tərəfi daima humanitar aksiyaların davam etdirilməsini, əsir və girovların ”Hamının hamıya" prinsipi üzrə dəyişilməsini irəli sürür. Minsk Qrupunun həmsədrləri də bu şərtlə razıdır. Hətta Rusiyanın XİN rəhbəri Sergey Lavrov da bu şərti dəstəkləyib. Xarici işlər nazirlərinin Moskva görüşündə tərəflər əsirlərin dəyişdirilməsini razılaşdırmışdı. Amma erməni tərəfi Şahbaz və Dilqəmi qaytarmaqdan imtina edir. Qeyd edim ki, Vaşınqton görüşündən sonra əsirlərin dəyişdirilməsi reallaşsa da, bu iki girov azad edilmədi. Hesab edirəm ki, Qarabağ klanı bu istiqamətdə dirəniş göstərir. Qarabağ separatçıları bu məsələyə ciddi nəzarət edir. Hazırda Qarabağ klanı ilə İrəvan klanı arasında dərinləşən siyasi proseslər girovların dəyişilməsini də çətinləşdirir. Qarabağ separatçıları girovları İrəvan klanına vermir. Əgər Paşinyan onları azad etməyə çalışsa, Qarabağ separatçıları dirəniş göstərəcəklər. Bu, həm də Paşinyanın Qarabağ klanı üzərində qələbəsi olar. Ona görə də proses uzanır".

M.Əsədullazadə hesab edir ki, indiki durumda Azərbaycan tərəfi mütləq şəkildə təzyiqlər etməlidir: “Bundan əlavə, Kremlin separatçılar üzərində təsir imkanlarının olmasını nəzərə alsaq, Moskva prosesdə həlledici olub, girovların qaytarılmasını reallaşdıra bilər. Hesab edirəm ki, Azərbaycan Rusiya ilə də danışıq aparmalıdır. Paşinyanın bu istiqamətdə separatçılara gücü çatmır”.

Bütün bunların fonunda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sonuncu “birə bir” dəyişdirilməsindən razı qalması anlaşılan deyil. Həmsədrlər birgə bəyanatlarında bu faktı xüsusi vurğulayıblar. Bəyanatda iyunun 28-də münaqişə tərəflərinin eyni vaxtda girovları qarşılıqlı olaraq azad etmələri alqışlanır və tərəfləri belə bir müsbət addıma sövq edən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səyləri də yüksək qiymətləndirilir. Bəyanatda bu da vurğulanır ki, “həmsədrlər tərəfləri sülhə rəvac verən, substantiv danışıqlar üçün əlverişli olan ab-havanı daha da bərqərar edəcək əlavə konkret humanitar addımlar atmağa çağırırlar”. Ancaq məntiqlə “turist diplomatlar” D.Əsgərov və Ş.Quliyevin azadlığına çağırış etməliydi. Onların bu cür unutqanlığının məntiqi nəticəsidir ki, Ermənistan girovların azadlığından yayınır.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!