Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ordu valisinə “it” deyən İstanbul bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlunun həbs oluna biləcəyini deyib.
“Qafqazinfo” xəbər verir ki, Ərdoğan televiziyalardan birinə müsahibəsində İmamoğlu bələdiyyə seçilərsə, cəza alacağı təqdirdə onun bu vəzifəsinin etibarsız sayılacağını deyib:
“Valimiz bu məsələni məhkəməyə daşıyacaq. Vali mənim o şəhrəd nümayəndəmdir. Ona sahib çıxmaq məcburiyyətindəyəm. Valimi yedirtmərəm. Məhkəmə ona hər hansı cəza verərsə, onun bələdiyyə sədrliyi vaxtilə məndə olduğu kimi, etibarsız sayılacaq.
Bunları mən yaşamışam. Üstəlik, şeir oxuduğum üçün cəzalandırılmışam. Hətta 10 ay həbs cəzası aldım, onun 4 ay 10 gününü məhkumluq həyatı yaşadım. Ən pisi, İstanbul bələdiyyə sədrliyim əlimdən alındı və yerimə başqası seçildi. Ona görə təcrübəmə əsaslanıb deyirəm, o adam cəzasını çəkməlidir”.