İyunun 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də, videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Müdafiə naziri qoşunların təmas xəttindəki hazırkı vəziyyəti, ötən ay ərzində görülən işləri, xüsusilə Bakı və Naxçıvanda keçirilən təlimlərin nəticələrini təhlil edərək bildirib ki, ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji vəziyyəti və təminatı yüksək səviyyədədir və bu istiqamətdə planlaşdırılan bütün tədbirlər tam həcmdə yerinə yetirilib.
General-polkovnik Z.Həsənov snayperlərin fəaliyyəti, müdafiənin dayanıqlılığı, maskalanmanın effektiv təşkili, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və düşmən təxribatlarının ehtimal olunduğu istiqamətlərdə onun qarşısının xüsusi qurğu və vasitələrin tətbiqi ilə dərhal və adekvat tədbirlər görməklə alınması ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.
Havanın hərarətinin yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasını da komandir və rəis heyətinə çatdırıb.