Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyerın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı “Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək bu tədbirin beynəlxalq əməkdaşlıq baxımından önəmini vurğulayıb. Bakının qədim tarixi ənənələrə malik olduğunu vurğulayan Prezident İlham Əliyev bununla bərabər paytaxtımızın sürətlə inkişaf etdiyini və müasir infrastrukturun yaradıldığını qeyd edib. Dövlət başçısı hazırda ölkəmizin xarici turistlər üçün cəlbedici məkana çevrildiyini qeyd edərək qonaqların sayının durmadan artdığını bildirib.
Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyer Bakıya gələn hər bir qonaqda buradakı inkişaf proseslərinin, tarixi və müasir tikililərin dərin təəssürat hissi doğurduğunu qeyd edib. O, Bakının beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsinin və infrastruktura qoyulan investisiyaların paytaxtımızın inkişafına böyük töhfə verdiyini vurğulayıb. Tomas Vonyer nümayəndə heyəti adından “Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun keçirilməsi ilə bağlı göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə, o cümlədən Azərbaycan Memarlar İttifaqına minnətdarlığını bildirib. Qonaq Bakının inkişafı ilə bağlı əldə edilmiş nailiyyətlərlə əlaqədar təbriklərini dövlət başçısına çatdırıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda həyata keçirilən inkişaf prosesləri ilə yanaşı, tarixi irsin qorunması işinə də böyük diqqət verildiyini qeyd edib. Eyni zamanda dövlət başçısı Azərbaycanda əhalinin sayının artması ilə əlaqədar müvafiq infrastruktur layihələrinin də həyata keçirilməsinə böyük önəm verildiyini bildirib.
Sonda xatirə şəkli çəkdirilib. ***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Ölkə.Az"ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.