Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın istər xarici, istərsə də daxili siyasətində misilsiz uğurlara imza atıb.
Bu sözləri Axar.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı deyib. Deputat ölkə başçısının rəhbərliyi altında Azərbaycanın ötən 15 il ərzində böyük uğurlar əldə etdiyini qeyd edib:
“Azərbaycan bir dövlət olaraq keyfiyyət etibarilə tamamilə dəyişib. Ölkədə həyata keçirilən son inqilabi islahatlar, sosial sahədə verilən qərar və sərəncamlar beynəlxalq və dünya səviyyəsində ən yüksək dəyərləri ehtiva edir. Xüsusən də ölkədə əhalinin ən həssas qrupunun elə təbəqəsi yoxdur ki, imzalanmış son fərmanlar onları əhatə etməsin. Şəhid ailələri, müharibə əlilləri, veteranları və aztəminatlı sosial ailələrə göstərilən diqqət və qayğı bunun ən bariz nümunəsidir. Minimum pensiya, əmək haqları, tələbələrin təqaüdlərinin və sosial müavinətlərin artırılması sosial paketin mühüm tərkib hissəsidir”.
Millət vəkili fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fərmanın xüsusi əhəmiyyət daşıdığını deyib:
“Ölkə başçısı 2015-ci il devalvasiyasından sonra çıxışında sadə vətəndaşları problemli kreditlərlə üzbəüz qoymayacağını bildirmişdi. Düzdür, yoxsulluq minimuma endirilib, ancaq problemli kreditlərlə üzləşən vətəndaşların sıxıntıları qalırdı. Artıq neçə müddət idi ki, xüsusi komissiya və ekspert qrupu ölkədə problemli kreditləri araşdırırdı. Bu problemin həlli ilk olaraq Naxçıvandan başladı və dövlət problemli kreditləri olan bacı-qardaşlarımızın borcunu qarşıladı. Nəhayət, fevralın 28-də ölkə başçısının fiziki şəxslərin problemli kreditlərinin həllinə dair güzəşt qərarı ilə 1 milyona qədər vətəndaşın borcunun manatla artmış hissəsi kompensasiya ediləcək. Bu ölkə rəhbərinin apardığı sosial siyasətin əsas xarakterindən və mahiyyətindən xəbər verir”.