Rusiya prezidenti Vladimir Putinin sentyabrın 27-də Bakıya qısamüddətli işgüzar səfər etməsi gündəmin ən çox müzakirə olunan mövzusudur. Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən cəmi 26 gün sonra Putinin Bakıya gəlişinin gerçək məqsədləri barədə ən müxtəlif versiyalar var.
Xatırladaq ki, Soçi görüşündə tərəflər qarşılıqlı əməkdaşlığın inkişafını stimulaşdıran və yeni imkanlar yaradan 16 sənəd imzalamışdılar. Bakıda isə prezidentlər Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının yarışlarına baxdılar. Günün ikinci yarısında isə dövlət başçıları Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində iştirak etdilər. V.Putinin öz çıxışında iki ölkə arasında münasibətlərin xeyirxah qonşuluq və qarşılıqlı hörmət üzərində qurulduğunu deməklə yanaşı, Azərbaycanın rolunu kifayət qədər yüksək qiymətləndirdi. Bildirdi ki, iki ölkə liderlərinin sentyabrın 1-də Soçidə imzaladığı sənədlər dövlətlərarası əlaqələrin sonrakı quruculuğu üçün əlavə baza yaradır. Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev həmkarı ilə təkbətək görüşdüyünü bildirib. Əlavə edib ki, Rusiya prezidentinin səfəri xüsusi xarakter daşıyır. “Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur. Düşünürəm ki, gələcək illərdə biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcəyik”-prezident Əliyev deyib.
Rusiya prezidenti isə deyib ki, bu yaxınlarda Soçidə görüşsələr də, münasibətlərin yüksək səviyyəsini və həcmini nəzərə alaraq, həmişə danışmağa sözləri var. Budəfəki səfərin Azərbaycan-Rusiya münasibətlərinə hansı töhfələri verəcəyi, Azərbaycanın ən böyük probleminin həllində - Qarabağın azadlığında nə kimi rol oynayacağı əsas suallardandır. Putinin Azərbaycana səfəri və verdiyi açıqlamalar nə ilə yadda qaldı? Bu münasibətlər ölkəmiz üçün nələr vəd edir?
AVP sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, gərgin iş rejimində çalışan Putinin Azərbaycana qısamüddətli də olsa, səfər etməsi və Azərbaycan prezidenti ilə görüşü, apardığı danışıqlar ciddi hadisədir: “O danışıqların detalları bizə tam bəlli deyil. Ümidvaram ki, bir çox məsələlər ikitərəfli müzakirələrdə bir daha müzakirə olunub. Çünki bu cür görüşlər heç vaxt təsadüfi xarakter daşımır. Nəzərə alsaq ki, bir müddət öncə Azərbaycan və Rusiya liderləri Soçidə görüşmüşdü, bir çox sahələri əhatə edən sənədlər imzalanmışdı. Xüsusən də Putinin Azərbaycan prezidentini yola salarkən cənab İlham Əliyevlə əlavə bir saat danışıqlar aparması ciddi məqamlardan xəbər verir. Düşənbə səfəri öncəsi Putinin Bakıya gəlməsi onun Azərbaycana münasibətinin ifadəsi kimi də qiymətləndirilməlidir. Eyni zamanda böyük bir auditoriyada hər iki prezidentin birgə çıxışı, qarşılıqlı dostluq və inama söykənmiş bəyanatların verilməsi, xüsusilə də Putinin "Azərbaycanla əməkdaşlıq son dərəcə əhəmiyyətlidir, vacibdir" kimi fikirləri, eyni zamanda prezidenti İlham Əliyevin də Rusiya-Azərbaycan münasibətlərinin inkişafına hədəflənən fikirləri heç şübhəsiz ki, xüsusi önəm kəsb edir".
F.Ağamalı bildirdi ki, Qarabağ məsələsinin həlli xeyli dərəcədə Rusiyadan asılıdır: “Rusiya, necə deyərlər, gözlərini və qulaqlarını bağlasa, üzünü qısa zaman kəsiyində başqa bir səmtə çevirsə, Azərbaycan ordusu özünün bütün imkanları, hərbi potensialı ilə işğal altındakı torpaqlarımızı azad edə bilər. Sadəcə, Rusiyanın Azərbaycanın atdığı addımlara təmkinli yanaşması, neytrallıq nümayiş etdirməsi kifayətdir. Mən əminəm ki, bu məsələ detallaşdırılır, konkretləşdirilir. Əgər buna doğru addımlar atılarsa, Rusiya və Azərbaycan arasındakı münasibətlər həqiqətən yüksək səviyyədə, hətta göründüyündən daha yüksək səviyyədə inkişaf edə bilər”.
Deputat bildirdi ki, Azərbaycan faktiki olaraq keçən zaman kəsiyində Rusiyaya qarşı münasibətlərdə etibarlı müttəfiq, etibarlı qonşu və etibarlı dövlət imicini qazanıb: “Məncə, Rusiya bunu qiymətləndirməlidir. Ermənistanda vəziyyət tamamilə fərqlidir. Ermənilər həmişə güclünün yanında olublar və həmin güclü zəifləyən anda başqa bir gücün yanına transfer edirlər, tarix bunu dəfələrlə sübut edib. İndi də Ermənistanın baş naziri məhz bu xətti götürüb. O, Rusiyanın bu çətin vəziyyətində ona olan müttəfiqlik borcunu yerinə yetirmək əvəzinə, əslində müttəfiqliyə xəyanət edərək yerini dəyişməyə, Qərb və ABŞ-la münasibətlərini istiləşdirməyə çalışır. Buna nail olub-olmayacağı bəlli deyil. Məncə, bu, mümkün deyil. Çünki Paşinyan həm Rusiya, həm də Qərblə yaxşı olmağa çalışır. Ermənistanın balanslaşdırılmış siyasəti hədsiz dərəcədə gecikmiş siyasətdir. Çünki Rusiya Ermənistanda tamamilə oturmuş vəziyyətdədir və bu ölkəni heç kimə güzəştə getmək fikrincə deyil. Ona görə də belə bir durumda Rusiya prezidentinin işğal edilmiş torpaqların azad edilməsi ilə bağlı atacağı addım əlbəttə, onun tərcümeyi-halına "tarixdə münaqişələri sülh yolu ilə həll etməyi bacaran" müsbət imicini də əlavə edəcək. Məncə, bu, Putin üçün son dərəcədə əhəmiyyətli bir missiya olardı. Baxaq, görək gümanlarımız nə dərəcədə özünü doğruldacaq".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öncə Putinin Azərbaycana sentyabrın 25-də gəlməli olduğu halda idi, iki gün sonra səfər etməsinə diqqət çəkdi: “Bundan başqa, səfərin 3 gün davam edəcəyi bildirilmişdi. Ancaq Putinin Azərbaycana səfəri bir gündən də az çəkdi. Bu, ondan xəbər verir ki, Putinin Azərbaycana səfəri simvolik - əvvəlcədən planlaşdırılan toplantıda iştirak xarakteri daşıyırdı. Buna baxmayaraq, Rusiya prezidenti çalışır ki, heç olmasa ildə bir dəfə Azərbaycana gəlsin. Statistika da bundan xəbər verir. Putin son 5 ildə 4-cü dəfədir Azərbaycana gəlir”.
E.Şahinoğlu bildirdi ki, V.Putin gələn ay yenə Bakıya gələcək. Ekspertin sözlərinə görə, Rusiya prezidenti Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Humanitar Forumda iştirak edəcək: “Azərbaycanla əməkdaşlıq Rusiya üçün çox vacibdir" - bu, Putinin Bakıda dediyi əsas fikir oldu. Putinin Azərbaycana səfəri sırf iqtisadi əməkdaşlıqla bağlı idi. O, IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək üçün Bakıya gəlmişdi. Rusiya prezidenti iki ölkə arasındakı iqtisadi və ticarət əməkdaşlığından razıdır. Bu baxımdan mövcud vəziyyəti əks etdirəm faktorları sadalaya bilərik: Azərbaycan Rusiya ilə birgə “Şimal-Cənub” nəqliyyat dəhlizini reallaşdırır. Putinin sözlərinə görə, bu yol Avropa və Asiyanı bir-birinə daha da yaxınlaşdıracaq; Samur çayı üzərindən Azərbaycanı Dağıstanla birləşdirəcək körpünün tikintisi ilə bağlı razılıq var; Xəzər dənizində Azərbaycan və Rusiya limanlarını birləşdirəcək kruiz səyahətləri həyata keçiriləcək; “Rosneft” və SOCAR “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq; Azərbaycan milli aviaşirkəti Rusiyanın müxtəlif şəhərlərinə həftədə 50-dən çox reys həyata keçirir; Rusiyadan Azərbaycana gələn turistlərin sayı artır - 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib; Rusiya ilə əməkdaşlıq sayəsində Azərbaycanda artıq “KamAZ”, “Ural” avtomobilləri buraxılır. Rusiyanın 20-yə yaxın subyektinin Azərbaycanla müvafiq razılaşmaları var. Rusiyanın regionlarının Azərbaycanda ticarət nümayəndəlikləri açılır".
Politoloq Putin Bakıda xüsusi vurğuladığı digər məqama da diqqət çəkdi: “Dedi ki, rus dilinin Azərbaycanda dövlət səviyyəsində dəstək almasından məmnundur. Azərbaycanda 300-dən artıq məktəbin rus dilində tədris verdiyini xatırladan Putinin bu cümləsi də diqqətçəkici idi: ”Ən əsas dəstək insanların ürəyində və beyinlərindədir". Yəni Putin demək istədi ki, Azərbaycan vətəndaşları rus dilində tədrisə dəstək verirlər. Əlbəttə, Rusiya və prezidenti üçün bu böyük uğurdur, ölkəsinin dili başqa ölkədə geniş təbliğ olunur, ancaq bunun Azərbaycan üçün nə qədər uğur olduğu düşündürücüdür".
“Atlas” rəhbəri bütün bunlarla yanaşı, Putinin Bakıda Qarabağdan danışmadığını da vurğuladı: “Bəlkə də Putin Azərbaycan prezidenti İlham Əliyevlə qapalı görüşdə bu məsələyə toxundu. Ancaq bütün hallarda Vladimir Putinin Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu söyləmək çətindir. Rusiya prezidenti Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığını genişləndirmək, birgə layihələr reallaşdırmaq və Azərbaycanın Rusiyadan daha çox hərbi texnika almasını istəyir. Ancaq Putin Qarabağ haqqında danışmaq istəmir. Çünki Putin Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana tənqidi münasibət bəsləsə də, Qarabağ münaqişəsinin həllində Ermənistanın maraqları əleyhinə addım atmaq istəmir. Rusiya ilə iqtisadi, ticari və hərbi əməkdaşlıq Azərbaycan üçün faydalıdır. Rusiya Azərbaycanın kənd təsərrüfatı malları üçün ən münbit bazardır. Buna baxmayaraq, Rusiyanın işğalçı Ermənistanı silahlandırması və Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməməsi Azərbaycan cəmiyyətində mənfi qarşılanır”.
Pənah Hüseynin münasibəti qısa və konkret oldu: “Mənim bu səfərdən gözləntim yox idi. Hələlik məlumat da çox məhduddur. Ona görə də bir dəyərləndirmə aparmağa çətinlik çəkirəm”.
Xəbər verildiyi kimi, Putinin Bakı səfəri və eyni zamanda İrəvana getməməsi Ermənistanda pərtik yaradıb. Ermənilər Putinin köməkçisinin onları aşağılamasından qəzəbləniblər. Rusiya lideri isə İrəvana səfər etməyə tələsməməklə Paşinyan hökumətinə dərs vermək istəyir. Üstəlik, Rusiya lideri oktyabrda növbəti dəfə Bakıda olacaq...
E.PAŞASOY,