Ermənistanın baş naziri Nikol Paşinyan bu gün- avqustun 8-də Rusiya paytaxtına səfər edəcək. İşğalçı ölkənin hökumət başçısının səfərindən bir gün qabaq Kreml Paşinyana daha bir sürpriz edib.
Belə ki, Rusiya Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan barədə axtarışları ləğv edib. “Yeni Müsavat”ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, 2008-ci il martın 1-də Ermənistan paytaxtında baş verən qanlı hadisələrlə əlaqədar olaraq eks-nazir haqqında toplanmış materiallar öyrənildikdən sonra onun Rusiya ərazisində axtarışını ləğv etmək qərarı verilib. Kremlin qəbul etdiyi qərar Ermənistanda şok effekti yaradıb. Bundan əvvəl Rusiya Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryanın vəzifələrindən uzaqlaşdırılmasını tələb etmişdi. Moskvada hesab edirlər ki, Paşinyan komandasının bəzi üzvləri onlar üçün arzuolunmazdır. Rusiya etibar etmədiyi bu şəxslərin istənilən vaxt hərbi-siyasi xarakterli sənədləri ABŞ-a ötürə biləcəyindən ehtiyatlanır. M.Arutyunyanla bağlı qərar isə Rusiya XİN başçısı Sergey Lavrovla məzələnməyə çalışan N.Paşinyan üçün soyuq duş effekti verib. Adətən hansısa ölkənin rəhbərliyində olan şəxsi qəbul edəcək dövlətdə səfərə uyğun olaraq müəyyən müsbət addımlar atılır, səfərin yüksək səviyyədə keçəcəyinə hesablanmış mesajlar verilir. Lakin Paşinyanın Rusiya səfəri ilə bağlı bu təcrübə tam istisnadır.
Qeyd edək ki, Ermənistanın polis rəisi Valeri Osipyan Arutyunyanın Rusiyada olmasına dair sualdan yayınmışdı və hüquq-mühafizə orqanlarının bu barədə KİV-dən çox məlumata malik olmadığını demişdi. İndi məlum olur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov kimi, sabiq müdafiə naziri Arutyunyan da Rusiyaya sığınıb. Moskva isə onu İrəvana təhvil vermək əvəzinə, hətta barəsindəki axtarış qərarını da ləğv edib ki, bu da Ermənistandakı istintaqa tərs şapalaqdır. Kreml artıq İrəvanla tam açıq danışmağa başlayıb, özü də layiq olduğu şəkildə.
Bir müddət öncə Rusiyanın baş diplomatı Sergey Lavrov Ermənistandakı hadisələrin ölkənin yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bəyanatları ilə ziddiyyət təşkil etdiyini bildirmişdi. Paşinyan isə qarşılığında “Ölkəmizdə yeni vəziyyətdir və biz hamımız buna adaptasiya olmalıyıq. Həmçinin rusiyalı həmkarlar da. Hər şey qaydasındadır”, - deməklə, faktiki olaraq rusiyalı nazirə meydan oxumuşdu.
Bunun ardınca S.Lavrovdan daha bir xəbərdarlıq gəldi. Bu dəfə o, “Ermənistanda vəziyyətin qaynamağa davam etməsi bizi narahat edir” dedi. Ermənistanın baş naziri Nikol Paşinyan isə “bəli, indi havalar çox istidir” cavabını verərək, Lavrovu faktiki olaraq ələ salmağa çalışdı. Özü də söhbət Ermənistanın himayədarı, ermənipərəst və erməniəsilli rusiyalı diplomatdan gedir ki, ona qarşı Ermənistan hakimiyyətinin qəzəbli reaksiyasının səbəbləri də maraq doğurur. Təbii ki, Lavrov Rusiyanın rəsmi siyasətinin ifadəçisidir və burada onun kimliyi az əhəmiyyətli məsələdir. Amma axı S.Sərkisyan dönəmində S.Lavrov açıq şəkildə erməniləri himayə edir, hətta Qarabağ separatçıları ilə bir məclislərdə badə qaldırırdı. Aprel döyüşlərindən sonra İrəvana ilk səfər edən, ermənilərə toxtaqlıq verən məhz Rusiya XİN başçısı oldu. Belə görünür, Paşinyanın gəlişi Lavrovun da maraqlarına zərbə vurub.
Bu yerdə qeyd edək ki, N.Paşinyan hakimiyyətə gəlməsinin 4-cü ayının tamamında, baş nazirliyinin 120-ci günündə Rusiyaya səfər edir. Ermənistanın “inqilab lideri”nin bu gedişlə hakimiyyətdə çox qala bilməyəcəyi və Rusiyanın payız aylarında onu devirəcəyi barədə hələ bir neçə ay əvvəl yayılmış məlumatları, ekspert şərhlərini xatırlatmaq yerinə düşərdi. Həqiqətən də Paşinyanın durumu olduqca ağırdır. Hakimiyyətə gələndən sonra 2008-ci ilin 1 mart hadisələrinin yenidən araşdırılmasına qərar verən N.Paşinyan bu qərarı ilə Rusiyanın maraqlarına toxunduğunun fərqinə varmadı. Reallıq budur ki, Ermənistanda kimin hakimiyyətə gəlməsini, yaxud kimin öz siyasi karyerasını başa vurmasını Kreml müəyyənləşdirir. Ancaq Qərb dairələrinin dəstək verəcəyinə əmin olan erməni baş nazir tarana getdiyini nəzərə almadı, hətta Ermənistanın “ağa”sının üzünə ağ olmağa başladı.
“Rus NATO”sunun - KTMT-nin baş katibi Yuri Xaçaturovun və eks-prezident R.Köçəryanın azadlığa buraxılması, digər eks-prezident Serj Sərkisyanın Qarabağda istintaqdan gizlədilməsi ilə kifayətlənməyən Rusiya bu dəfə də sabiq müdafiə naziri Mikael Arutyunyanı “qara siyahı”dan çıxartmaqla bağlı qərar verib. Bununla da Rusiya Ermənistan rəhbərliyinin nəzərinə çatdırmaq istəyib ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkə daxilində yüksək çinlilərlə bağlı cəzalandırma tədbirləri məhz onunla razılaşdırılmalıdır. Fakt budur ki, Paşinyan hökuməti Y.Xaçaturovu nəinki həbsdən azad etməyə, hətta onun ölkə xaricinə çıxmasına izn verməyə vadar oldu. Lakin onun KTMT-də başqa bir generalla əvəzlənməsi barədə İrəvanın təklifi bu günə qədər saya salınmayıb. Moskva açıq şəkildə Paşinyana qarşı saymazlıq edir və onu küçə eyforiyasından ayıltmağa çalışır. Əslində N.Paşinyan hələ müxalifətdə olarkən Ermənistanı Rusiya əsarətindən qurtarmağa, Avrasiya Birliyindən və KTMT-dən çıxmağa çağırırdı.
Ancaq baş nazir seçiləndən sonra o, bir müddət fərqli davranış sərgiləməyə çalışsa da, yenidən atdığı addımlarla Rusiyadan uzaqlaşma xətti götürüb. Təsəvvür edin, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills açıq mətnlə İrəvanın 1 mart hadisələri ilə bağlı araşdırmalarını dəstəklədiyini bəyan edir, “bizim mövqeyimiz dəyişməz olaraq qalır:Ermənistandakı 2008-ci ilin 1 mart hadisələri qanunun aliliyi nəzərə alınaraq obyektiv və detallı şəkildə araşdırılmalıdır” - deyir. Özü də amerikalı diplomat bu açıqlamanı S.Lavrovun Paşinyan hökumətinə “təqib etməyi dayandırın” xəbərdarlığını edəndən sonra verdi. Moskvanın cavabı çox gecikmədi: 2008-ci il etiraz aksiyalarının dağıdılması işi üzrə dövlətlərarası axtarışa verilən Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyanın axtarışını dayandırdı. Bu, həm də Ermənistan uğrunda hərəkətə keçən Qərb dairələrinə də cavab sayıla bilər. Rusiya Qərbin dəstəklədiyi “ədalətli istintaq”ın dərhal və qeyd-şərtsiz dayandırılmasını istəyir. Bu gün Ermənistan məşhur filmimizdəki “oxu”- “oxuma” dilemması qarşısında qalıb və belə bir məqamda erməni baş nazir Rusiya prezidenti Vladimir Putinin hüzuruna yollanır. Yeri gəlmişkən, Erməni mediası iddia edir ki, M.Arutyunyanla bağlı qərarla Moskva İrəvanın Azərbaycanın KTMT-yə üzvlüyünə (?-red.) veto qoyacağı barədə bəyanatına cavab verə bilər.
Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. Bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülən Köçəryan bir müddət həbsdə saxlansa da, sonra Rusiyanı təkidi ilə sərbəst buraxıldı. Lakin onun ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmaması da Rusiyanı hövsələdən çıxartdı. Özü də bu sanksiya V.Putinin Köçəryana ad günü münasibətilə zəng etməsindən sonraya təsadüf etdi ki, bu, birbaşa Rusiya liderinə meydan oxumaq anlamı verdi.
Görək N.Paşinyan Rusiya prezidentinə bu dörd aylıq müddətdə yol verdiyi yanlışlara görə nə deyəcək, “sudan quru” çıxa biləcəkmi?
Hər halda, görünən budur ki, Rusiya Ermənistanda itirdiyi mövqeləri geri qaytarmağa başlayıb. Onun Paşinyan komandasına “əl gəzdirmək” qərarı, sabiqlərin cəzalandırılmasına qarşı sərt reaksiyaları, üstəlik, Qarabağ klanını revanşa hazırlaması sözügedən plandan xəbər verir. Özü də N.Paşinyan komandası barədə R.Köçəryan tərəfdarlarının hazırladığı “dosye” erməni baş nazirdən qabaq Moskvaya çatıb. Bunu erməni mediası yazır. Deməli, Putinin masası üzərində Rusiyanı Qərbə satmağa hazır olan antirus kadrlar haqqında ilginc məlumatlar toplusu olacaq.