Son xəbərlər

Prezident: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

“Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi vardır. Ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma imperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma imperiyası legionlarının Azərbaycan ərazisində olduğunu sübut edir. İtalyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs etmişdir. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi, diplomatik əlaqələr qurulmuşdur. 1469-1478-ci illərdə Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan ilə Neapol Krallığı arasında təmaslar mövcud olmuşdur. Müsəlman aləmində ilk parlament respublikası olan, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Azərbaycan və İtaliya arasında diplomatik münasibətlə yaradılmışdır. İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərmişdir. 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan edilmişlər. Hazırda Azərbaycan və İtaliya arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir”.

“Ölkə.Az” xəbər verir ki, bunu fevralın 20-də Romadakı Kuirinale Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Cənab prezident Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfəri əlaqələrimizin inkişafında mühüm töhfə olmuşdur. Səfər zamanı Mehriban Əliyevanı və məni İtaliyanın yüksək dövlət ordenləri ilə təltif etməyinizi Azərbaycan və İtaliya arasında dostluğun inkişafına verdiyimiz töhfənin təzahürü kimi qiymətləndiririk”.

Dövlət başçısı italiyalı həmkarı ilə olduqca səmərəli görüş keçirdiyini vurğulayıb:

“Bu görüşümüz zamanı müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin strateji mahiyyətini təsdiqləyir. Dövlət səfəri çərçivəsində 20-dən çox sənədin imzalanması nəzərdə tutulur. Onların sırasında Azərbaycan və İtaliya arasında "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"ni xüsusi olaraq qeyd etmək istərdim. Bu sənəd münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaqdır. "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"də Azərbaycan və İtaliya bir-birilərinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Sənəddə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın bütün işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. Uzun illərdir ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

İqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığımız davamlı olaraq genişlənir, ticarət dövriyyəmiz yüksək səviyyədədir, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2019-cu ildə İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olmuşdur. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir, İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP yekunlaşmaq üzrədir.

Mədəniyyət sahəsində münasibətlərimiz uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Hazırda Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir.

İtaliya qədim sivilizasiyanın beşiyidir. İtalyan mədəniyyəti, incəsənəti, kino sənəti Azərbaycanda çox sevilir. Çoxlu sayda Azərbaycan vətəndaşı hər il İtaliyaya turistik səfərlər edir. Son 3 il ərzində İtaliyadan ölkəmizə gələn qonaqların səfər dinamikasında 40 faizdən çox artım qeydə alınmışdır”.

Qeyd edək ki, Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib. Ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi

Nazirlər Kabineti özünün “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarında dəyişiklik edib.

Oxu.az xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, yuxarıda adıçəkilən Əsasnamənin 3-cü hissəsinin ikinci abzası ləğv edilsin.

Bundan əvvəlki qərarla (1999-cu il 11 avqust tarixli) Əsasnamənin 3-cü hissəsinin ikinci abzasında yazılırdı ki, Komissiya avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verir.

Əli Əsədovun qərarla isə Komissiyanın bu səlahiyyəti əlindən alınıb.

Qeyd edək ki, qərar Azərbaycan Prezidentinin 2019-cu il 28 avqust tarixli fərmanının 1.3-cü bəndini təmin etmək məqsədi ilə imzalanıb.

“Yol Hərəkəti haqqında” qanunun 9-cu maddəsinin 9-cu bəndinə əsasən avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə quraşdırılır.

Bundan sonra avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri Daxili İşlər Nazirliyi, Bakıda isə Bakı Nəqliyyat Agentliyinin (svetoforlar və yol nişanlarına münasibətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla) qərarı ilə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunacaq.

Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını işdən çıxartdı
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Report xəbər verir ki,  bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elvin Abbasov DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi vəzifəsinə təyin edilib.

E.Abbasov bundan əvvəl baş əməliyyat müvəkkili işləyib.

Nazirin digər əmri ilə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi Zəfər Abıyev vəzifəsindən azad edilib. Z.Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevın qardaşıdır.

lham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət edib
İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoyub.

 



"Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir fors-major hadisəsi olmamışdır. Yəni, Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib".

"Ölkə.Az" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də geniş tərkibdə görüşdən sonra İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

"O ki qaldı təbii qazın ixracına, bu layihə də yekunlaşmaq üzrədir. TAP layihəsinin icrası 92 faizə çatıbdır və TAP layihəsi Cənub Qaz Dəhlizinin dördüncü və sonuncu layihəsidir. Bundan əvvəl üç layihə icra edilmişdir. Cənub Qaz Dəhlizinin bir tərəfində Azərbaycan və o biri tərəfində İtaliya dayanır. Bizim aramızdakı daha beş ölkə, bütövlükdə yeddi ölkə arasında əməkdaşlıq yaranır. Bu əməkdaşlıq enerji və bütün başqa sahələrə də müsbət təsir göstərəcək. Çünki bu ölkələr artıq bir-biri ilə sıx bağlı olan ölkələr olurlar. Bundan sonra bu ölkələr arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı da təbii ki, daha sürətlə gedəcək. Cənub Qaz Dəhlizi tarixi layihədir və mən xüsusilə Prezident Mattarellaya onun göstərdiyi səylərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki 2018-ci ilin iyul ayında Azərbaycanda rəsmi səfərdə olarkən Prezidentlə bizim bu barədə söhbətimiz olub. Bu söhbətdən sonra TAP-ın icra edilməsi daha sürətlə getmişdir və hazırda biz layihənin son mərhələsindəyik".

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni təyinatlar olub.
Bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov tutduğu vəzifədən azad edilərək Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə, Mütəxəssis təhlilləri şöbəsinin rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad edilərək Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə, kiçik ədliyyə müşaviri Rövşən Abdullayev isə Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə təyinat alıblar.
Baş Prokurorluğun veb saytının müvafiq bölməsində yeni təyinatlardan sonra məlumatlar yenilənib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya yeni təyinatları təsdiqləyiblər.
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili İşlər Orqanlarında növbəti kadr təyinatı olub.

Oxu.az məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Mahir Məhərrəmov Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb. 

O, bundan əvvəl Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

İlham Əliyev və Mehriban Əliyeva Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb.

Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 35 saylı Xətai üçüncü seçki dairəsinin hazırkı deputatı Araz Əlizadə nəticələri ləğv edilmiş bu dairə üzrə təkrar seçkilərdə iştirak etmək niyətindədir.
Bu barədə azvision.az -a A.Əlizadənin özü məlumat verib. O bildirib ki, səhhəti imkan versə, seçkidə iştirak edəcək.
Qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat zamanı deputatın böyrəklərindən daş çıxarılıb.