“Bilirəm ki, Ermənistanda indi bu müqaviləni əzbərləyirlər”“Bizim deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil olunurlar. Əlbəttə ki, orada əvvəlki illərdə də fəallıq kifayət qədər yüksək idi. İndiki dövrdə daha da yüksək olmalıdır. Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisinin ilk iclasındakı çıxışında deyib.

Prezident qeyd edib ki, tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir:

“Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar. Mən Münxendə Kürəkçay sülh müqaviləsi haqqında deyəndən sonra bilirəm ki, Ermənistanda indi bu müqaviləni əzbərləyirlər. Orada açıq-aydın göstərilir ki, bu müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni xalqı haqqında orada ümumiyyətlə, söhbət belə getmir. Bir tərəfdən Rusiya generalı Sisianov, bir tərəfdən İbrahim xan, özü də rusca yazılmışdır İbrahim xan “Karabaxski Şuşinski”. Bax, budur real tarix. XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.

Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm. Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm. Əgər bunu geniş siyasi elita görsə, onda əlbəttə ki, o ölkələrin rəhbərləri üçün Ermənistan rəhbərləri ilə ağız-ağıza öpüşmək ayıb olar. Biz bunu deməliyik, deməliyik ki, təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı bu faşist rejim müharibə elan edib, bizim məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. Amma biz bu məlumatı kifayət qədər çatdıra bilmirik. Ona görə bu, xüsusi bir istiqamət olmalıdır.

Əlbəttə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda biz fəal olmalıyıq, hücum diplomatiyası aparmalıyıq, çünki haqq-ədalət bizim tərəfimizdədir. Xocalı soyqırımı haqqında. Artıq 10-dan çox ölkənin parlamenti bunu rəsmən tanıyıb. Bu proses davam etdirilməlidir və deputatlar bu prosesdə fəal olmalıdırlar. Çünki bu qərarların qəbul edilməsində dövlət qurumları böyük dərəcədə əsas rol oynayırlar. Ona görə parlament fəal olmalıdır. Bu, artıq beynəlxalq münasibətlər çərçivəsində qəbul edilmiş faktdır. Ermənistan tərəfinin çox yersiz, yalançı, cılız cəhdləri Münxen Təhlükəsizlik Konfransında özünü göstərdi və bir daha onları ifşa etdi. Çünki onların bütün tarixi saxtakarlıqdır. Onlar tarixi Azərbaycan torpağında dövlət qurublar, əfsuslar olsun ki, bizim Azərbaycan Xalq Cümhuriyyətinin köməyi ilə. İndi bütün tarixi adlarımızı dəyişdirib bizim tariximizi, abidələrimizi özününküləşdirmək istəyirlər. Ona görə deputatlar daim bu məsələni qaldırmalıdırlar”.

“Dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar”
“Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisinin ilk iclasındakı çıxışında söyləyib.

Prezident bildirib ki, əvvəllər belə hallar kifayət qədər çox olub:

“Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər.

Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək”.

"27 ildir ki, onlar tarixin zibilxanasındadırlar" — İlham Əliyev

“Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır”.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, bütün siyasi qüvvələr seçkilərdə iştirak edib: “Sadəcə olaraq, özünü müxalifət adlandıran marginal qruplaşma seçkiləri sanki boykot etmişdir. Bu da gülməlidir. Çünki Azərbaycan xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib və 27 ildir ki, onlar tarixin zibilxanasındadırlar. Belə olan halda boykot elan etmək həm gülməlidir, həm də təəccüblüdür”.
Prezident İlham Əliyev vurğulayıb ki, beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır: “Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır”.
Prezidentin VI çağırış Milli Məclisin ilk iclasındakı ÇIXIŞI – VİDEO

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyib.
Dövlətimizin başçısı altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləyib.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.
Deputatların qarşısında duran vəzifələrdən danışan Prezident İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxunub. Dövlətimizin başçısı vurğulayıb ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Prezident İlham Əliyev qeyd edib ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar.
Dövlətimizin başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışıb, Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən söhbət açıb.
Prezident İlham Əliyev deyib ki, seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını bir daha sübut edib. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son 16 ildə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.
Sonda Prezident İlham Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğulayıb.

Prezident Oktay Əsədovla belə sağollaşdı

Xəbər verdiyimiz kimi, VI çağırış Azərbaycan Milli Məclisinə yeni sədr – Sahibə Qafarova və müavinlər Adil Əliyev, Əli Hüseynli, Fəzail İbrahimli seçilib.

Altıncı çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev iştirak edib. Ölkə başçısı iclasdan sonra sabiq Milli Məclisin sədri, deputat Oktay Əsədov və sabiq sədr müavini, deputat Ziyafət Əsgərovla görüşüb.

Ölkə başçısı sabiq sədr və müavinlərə göstərdikləri xidmətə görə təşəkkür edib. /Cebhe.info/

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.

İclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra səsvermə oldu və 116 səs lehinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib. (publika.az)

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

Milli Məclisin ən yaşlı deputatı Fəttah Heydərovdur. Lakin o səhhəti ilə əlaqədar iclasda iştirak etmədiyindən, parlamentdə ən yaşlı deputat Ziyad Səmədzadə hesab olunur.

İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi.

Sonra Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.

(Modern.az)

Bir neçə saatdan sonra 6-cı çağırış Milli Məclisin (MM) ilk iclası-yaz sessiyasının açılışı olacaq.

Etikxeber.az saytının yazdığına görə, iclasdan öncə hakjim Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edən deputat korpusunun və müstəqillərinin ayrılıqda qapalı toplantıları keçirilib.

Xəbərə görə, YAP-çı deputatlar Sahibə Qafarova ilə Ziyafət Əsgərovun vitse-spiker və birinci vitse-spikerliyə namizədliklərini irəli sürüblər.

Müstəqil deputatlar isə 4-cü dəfə millət vəkili seçilən Adil Əliyevin vitse-spikerliyinə namizədliyini irəli sürüb.

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov yeni yaradılan polis bölməsinə rəis təyin edib.
 
2019-cu ilin may ayında yaradılan Abşeron rayon Qobu polis bölməsinin şəxsi heyəti artıq tam formalaşdırılıb.
 
Nazirin əmri ilə polis mayoru Toğrul Hüseynov Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi təyin edilib.   /qafqazinfo/
Milli Məclisin yeni sədri kimdir?
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin sədri vəzifəsinə namizədliyini irəli sürdüyü Sahibə Qafarova 1955-ci ildə anadan olub.

Report xəbər verir ki, S.Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.

S.Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.

Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.

O, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib, 2010-cu ildən Milli Məclisin üzvüdür.