Beynəlxalq Muğam Mərkəzi aşıq sənətimizi təbliğ edən yeni onlayn "Aşıq musiqimizin inciləri" adlı layihəyə start verib. Layihədə Azərbaycan aşıq sənətinin tarixi, müasir günümüzdə inkişafı, bu sənətinin görkəmli nümayəndələri haqqında məlumatlar və aşıqların həm videoarxiv həm də yeni lentə alınan ifaları yer alacaq. Layihənin ilk buraxılışları Kəlbəcər aşıqlarına həsr olunub.
Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlətinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olmuşlar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy - düyünləri rəngarəng bədii boyalarla öz ifadəsini tapmışdır.
Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse prezident Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Bu gün biz Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.
BMM öz fəaliyyətində aşıq sənətini təbliğ edən çoxsaylı layihələr həyata keçirir. Bu layihələr sırasında "Aşıq musiqisi axşamları" adlı silsilə konsertləri, aşıq sənətinə həsr olunan dəyirmi masa və müzakirələri qeyd etmək olar.