Xalq artisti, aktyor Əjdər Qüdrət oğlu Həmidov vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.
Xatırladaq ki, aktyor bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, o, insultdan əziyyət çəkirdi.
Qeyd edək ki, Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Aygünlü kəndində anadan olub. O, 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.
Aktyor bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirilib. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.
Əjdər Həmidov 2002-ci ildə Azərbaycanın Əməkdar Artisti, 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!