"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişinin dünənki buraxılışında gərgin anlar yaşanıb. Gürcüstan vətəndaşı olan Çinarə adlı azərbaycanlı qız atasını onun erkən nikaha məcbur etdiyinə görə bu ölkənin aidiyyatı qurumlarına müraciət edib. Nəticədə 17 yaşlı qızın atası qızının təhsil almaq hüququnu pozaraq erkən nikaha məcbur etdiyi üçün 1 il müddətinə azadlıqdan məhrum edilib. Sözügedən məsələnin müzakirəsi zamanı ekspert Rəşid Mahmudovun "övladını erkən nikaha məcbur edən ata və ana həbs edilməlidir" deməsi digər qonaqların narazılığına səbəb olub. Əməkdar artist Rəhman Rəhmanov və vəkil Şəfiqə Nağıyeva Mahmudovun fikrinin yanlış olduğunu bildiriblər. Bundan sonra isə ekspertlər arasında söz atışması başlayıb və gərginlik yaranıb.