Azərbaycanda gələn ilin dövlət büdcəsi və növbəti 3 ilin büdcə çərçivəsi işğaldan azad edilmiş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə təminatının yaradılmasını nəzərdə tutur.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.
O, həmçinin qeyd edib ki, müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi də büdcədə prioritet istiqamət olaraq qəbul edilib.
"Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın dövlətçilik əsasları daha da möhkəmlənib. Ölkəmizin neft-qaz resurslarından məharətlə istifadə olunub. Azərbaycan dövləti 3 ildir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini sürətlə davam etdirir. Bu müddətdə dövlət büdcəsindən ayrılmış vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib. İndiyə kimi həmin ərazilərin bərpasına ümumilikdə 11 milyard manat xərclənib, cari ilin sonuna bu vəsaitin 12 milyard manata çatması gözlənilir. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olacaq", - deyə nazir əlavə edib.