Kanadanın “Franko-Nevada” qızıl hasilatçısı şirkətinin qurucularından biri və sədri Pyer Lasson müsahibəsində son dövrlər qızıl yataqlarının sayında azalma müşahidə olunduğunu bildirib. Bundan başqa, yeni yataqların kəşfinə xərclənən vəsait son 4 ildə azalmağa davam edir. İnsanların qızıla əvvəlki kimi maraq göstərməməsinin da bunda rol oynadığını demək mümkündür. 2016-cı ildə kəşfiyyat işlərinin büdcəsi 6,9 mlrd. dollar təşkil edib ki, bu da son 11 ilin ən aşağı göstəricisidir.
Bu sahəyə marağın azalması və səbəbləri barədə Axar.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bir sıra ölkələrdə qızıla fərqli yanaşmalar olsa da, marağın azaldığını söyləmək olmaz:
“Qızıl dünyada başqa yatırım növləri kimi qazanc gətirən sahələrdən biri hesab olunur. Məsələn, 5 il əvvəl qızılın qiyməti hətta 1000 dollardan da aşağı düşmüşdü. İndi isə qiymətlər xeyli qalxıb. Təqribən 400 dollar unsiyada artım olub. Sadəcə, Kanada kimi ölkələrdə qızıl çıxarmağın xərcləri artıb. Çünki bu gün bəzi hökumətlər qızıl hasilatçıları qarşısında həddindən artıq ciddi tələblər qoyub. Buna əsas səbəb qızılın ekologiyanı korlayan və ən çox ziyan vuran hasilat növlərindən biri olmasıdır. Belə demək mümkündürsə, qızıl torpaq sahələrinin altının üstünə çevrilməsi yolu ilə hasil olunur. Bu da hökumətin bu sahədə qaydaları sərtləşdirməsinə gətirib çıxarır. Ona görə də sözügedən bölgədə qızıla olan marağın azalması bununla əlaqədardır.
Kanadadan fərqli olaraq, Rusiyada qızıl hasilatı artıb. Bəzi ölkələr qızıl hasil edib satmağa və daha çox pul qazanmağa üstünlük verirlər. Bu ölkələr ekologiyanı o qədər də önəmsəmirlər. Ona görə də bu gün qlobal miqyasda qızıla marağın azaldığını söyləmək çətindir. Amma Kanada kimi ölkələrdə qızıl hasilatı ilə bağlı daha kəskin qaydalar tətbiq olunduğundan həmin ölkələrdə qızıl çıxaran şirkətlərin sayında azalma müşahidə olunur”.
Ekspertin sözlərinə görə, dünya iqtisadiyyatında ciddi böhranlar baş qaldıranda qızıla maraq artır, əks halda, azalır:
“Hindistan kimi dünyada qızıl bazarında birinci yeri tutan, Türkiyə kimi adət-ənənələrində qızılın mühüm rol oynadığı ölkələrdə qızıla maraq olduqca yüksəkdir və bu, davam edəcək. Təkcə qızıl yox, başqa əmtəələrdə də hasilat azaldıqca qiymət artır. Bu, iqtisadiyyatın qaydalarından biridir. Gələcəkdə yeni yığım növləri yaransa, insanlar daha çox qızıla deyil, başqa yığım vasitələrinə yönəlsələr, qızıla maraq azala bilər. Amma nəzərə almaq lazımdır ki, hazırda dünyada kifayət qədər qızıl ehtiyatı var. Düşünmürəm ki, gələcəkdə qızıl böhranı yaşansın”.
N.Cəfərli son dövrlər qızıl hasilatı ilə bağlı Azərbaycanda artım qeydə alındığını bildirib:
“Azərbaycanda ötən ilə nisbətən bu ilin ilk 9 ayında qızıl hasilatı artıb. Doğrudur, Azərbaycada qızl ehtiyatları və hasil olunan qızılın həcmi xeyli azdır, amma hər halda hasilatda artım var. Ölkəmizdə bu metala maraq həm pulun missiyasını qorumaq baxımından, həm də adət-ənənənin tələbindən dolayı aktuallığını qoruyur”.