Bu gün banklar böyük bir valyuta dəyişmə məntəqəsinə çevriliblər. Əsas qazanclarını valyuta dəyişməsindən əldə etməyə çalışırlar. Bu da bank sektorunun mövcud vəziyyətdən çıxmasına kömək edə bilməz.
Bu sözləri Axar.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert bildirib ki, bəzi banklar bağlandıqdan sonra və bəzilərinin də bağlanma təhlükəsi olduğu üçün vətəndaşlar banklarda depozit saxlamaqdan imtina edir ki, bu da banklara növbəti zərbədir:
“2014-cu ildən etibarən bank sistemində ciddi problemlər yaşanmağa başladı. Əvvəllər banklar xaricdən çox aşağı faizlərlə valyuta gətirib, burda daha bahalı manata çevirərək, yüksək faizlə kreditlər verirdi. Onlar bu yolla çox asanlıqla pul qazanmağı bacarırdılar. İqtisadi aktivliyin yüksək olduğu bir dövrdə kreditləşmə çox yüksək səviyyədə idi. Bunu bankların qızıl dövrü də adlandırmaq olar. Amma hazırda əhalinin alıcılıq qabiliyyəti və gəlirləri aşağı düşdüyü üçün və götürdükləri kreditlər iki dəfədən çox bahalaşdığına görə kredit borclarının geri qaytarılması mümkün olmur. Bu da bank sektoruna ciddi problemlər yaradır. Rəsmi rəqəmlərə görə, qaytarılması mümkünsuz olan kreditlərin həcmi 14 faizdir. Amma beynəlxalq araşdırma şirkətləri isə bunun 25-30 faiz olduğunu bildirirlər. Nəzərə alaq ki, dünyada problemli kreditlərin həcmi 3 faizi keçirsə, bu böyük təşviş doğurur”.
Qeyd edək ki, bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasından Fed.az-a verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 avqust 2017-ci il tarixinə cəmi aktivləri 29,491.7, cəmi öhdəlikləri isə 26,568.2 milyon manat təşkil edib. Məlumatda o da bildirilir ki, qeyd olunan müddət üzrə balans kapitalı 2,923.6, əhalinin əmanətləri isə 6,871.7 milyon manat olub.