Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı ("shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində ticarət festivalının ("shopping festival”) təşkili məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə bir milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Bu artıq ölkəmizdə keçiriləcək ikinci "Şopinq festival”dır. Bəs görəsən bu festivalın keçirilməsi bizə nə qazandırır? Alıcılıq qabiliyyətinin artırılması üçün hansı tədbirlər görülməlidir?
“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq koitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “Kaspi” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanın tanınması və yerli məhsulların təbliği baxımdan "şopinq festival”ların keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Bundan başqa, "Şopinq festival”ı həm də ölkəyə gələn turist axınının sayını artırır ki, bu da bizim strategiyamızın əsas hədəfidir: "Təsadüfi deyil ki, ilk festivalın təşkilindən sonrakı aylar ərzində Azərbaycana gələn turistlərin sayında böyük artım müşahidə olundu. "Şopinq festival”ının turizmdən başqa iqtisadi cəhətdən də faydası çoxdur. Birinci ticarət festivalından sonra ticarət dövriyəmizdə müsbət saldo yarandı. Turistlərin alış-veriş etməsi üçün geniş imkanları yaradılır ki, bu da ölkə büdcəsinə xeyli gəlir gətirir. Düzdür, birinci dəfə üçün təcrübəmiz az idi. Ona görə də müəyyən çatışmazlıqlar var idi. Növbəti ticarət festivalında daha təcrübəliyik. Hesab edirəm ki, bu dəfə də ölkəyə gələn turistlərin və gəlirlərin sayında artım olacaq”.
Turizm üzrə ekspert Könül Nuriyeva deyir ki, daha çox gəlir əldə etmək üçün daha çox çalışmaq lazımdır: "Prezidentin sərəncamı əsasında ölkədə ikinci dəfə belə ticarət festivalının keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bildiyiniz kimi, bir çox dünya ölkələrində belə ticarət festivalları keçirilir. Festivalın keçirilməsində əsas məqsəd ölkəyə daha çox turist cəlb etməkdir. Kütləvi turizm inkişaf etdikcə, ölkəyə daha çox valyuta axını cəlb olunur. Azərbaycanda təşkil olunan "Şopinq festival” Qafqazda və Orta Asiyada ilk dəfə Azərbaycanda keçirilib. Yəni belə demək olarsa, təcrübə ilk dəfə Azərbaycanda sınaqdan keçirilir. Bu isə nəinki Qafqaz ölkələri, hətta fars körfəzi ölkələrindən də ölkəmizə marağın yaranmasına gətirib çıxardı. Birinci dəfə keçirilən "Şopinq festival”da bunun şahidi olduq. Dünya Turizm Təşkilatı öz saytında dünyada keçirilən bu festivalların ölkənin turizm gəlirlərini 30 faizə qədər artıra biləcəyini qeyd edir. Təşkilat, həmçinin sözügedən ölkələrin problemləri və inkişaf perspektivləri ilə də maraqlanır. Bu mənada hesab edirəm ki, belə bir turizm festivalının ölkəmizdə keçirilməsi yüksək qiymətləndirilməlidir. Əgər bunu yaxşı təşkil edə bilsək, daha çox gəlir əldə etmiş olarıq. Çünki mövcud iqtisadi şərtlər daxilində, yəni neft gəlirlərinin azaldığı bir dövrdə bu festival turizmin inkişafında böyük rol oynayacaq. Hətta bu barədə strateji yol xəritəsində də qeyd olunub. Göründüyü kimi, artıq ikinci təcrübədir. Ona görə də bu dəfə daha yaxşı hazırlaşmalıyıq. İlk növbədə bazara daha keyfiyyətli və daha çox tələbat olan məhsullar çıxarmalıyıq. İnfrastrukturun yenilənməsi ilə festivalların daha yaxşı təşkil olunması üçün müəyyən işlər görülməlidir. Çünki əgər turistləri cəlb etmək istəyiriksə, onlara yüksək keyfiyyətli xidmət göstərməliyik. Əsas məsələ turistləri yaxşı qarşılamaq və keyfiyyətli məhsulları bazara çıxarmaqdır”.
"Modern Marketing Group” şirkətinin təsisçisi, marketoloq Yusif Vəliyev deyir ki, turistləri cəlb etmək üçün marketinq işini düzgün şəkildə qurmaq vacibdir: "Turizm festivalları birbaşa olaraq turizm sektorunun inkişafı üçün nəzərdə tutulub. İlk dəfə bu ildən keçirilməyə başlayan festivalın əsas məqsədi də elə budur. Amma qeyd etməliyəm ki, ilkin mərhələdə tam istənilən effekti almaq mümkün deyil. Bu festivallar keçirildikcə, artıq Bakı hissə-hissə "şopinq” şəhərinə çevriləcək. İstər İstanbul, istər Dubay kimi şəhərlərdə bu təcrübə artıq yaşanıb. Yəni birinci dəfə tam istənilən nəticəni əldə etmək mümkün olmayıb. Ticarət festivalı ənənəvi hal aldıqdan sonra artıq festivalın marketinq dəyərindən söhbət gedə bilər. Qeyd etdiyimiz kimi, əsas məqsəd ölkəyə turist axınını gücləndirməkdir. Çünki bu axın turizm sektoru ilə yanaşı, digər sektorlara da öz təsirini göstərir. Amma təəssüflər olsun ki, bəzi çatışmayan məqamlar da var. İlk növbədə PR işinin qaneedici səviyyədə aparılmadığını qeyd etməliyik. Bu festival daha çox gəlmə turistlər üçün nəzərdə tutulub. Ona görə də bu festivalın böyük marketinq siyasətinin qurulmasına ciddi ehtiyac var. Əgər biz "Made in Azerbaijan” brendindən danışırıqsa, bazara rəqabətə davamlı məhsulları təqdim etməliyik. Düzdür, festivalda daha çox xarici markalar təmsil olunur. Amma xarici markalarla yanaşı, yerli şirkətlərin də aktiv rol oynaması burada son dərəcə önəmli məsələdir. Bu şəkildə həm də yerli biznesin inkişafına təkan verə və yerli məhsulların xarici bazarlara çıxışını təmin edə bilərik. Bunun üçün isə "Şopinq festival”ın özünün marketinq strukturunun düzgün istiqamətdə qurulması çox vacibdir”.