Azərbaycanlı sahibkarlar Belarusdan olan həmkarları ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
APA-nın Minskə ezam olunmuş müxbiri xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Belarusun paytaxtında Azərbaycan Ticarət Evinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Nazir bildirib ki, onun rəhbərliyi altında Minskə səfər edən Azərbaycanın nümayəndə heyətinə 70-dən çox sahibkar daxildir: "Bu isə bizim Belarusla ticarət əlaqələrimizin inkişafında maraqlı olduğumuzu göstərir".
Ş.Mustafayev qeyd edib ki, iki ölkə arasında əlaqələr olduqca yüksək səviyyədədir. "Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın daha inkişaf etdirilməsində maraqlı olan hər iki ölkə rəhbərinin əlaqələrinin dost səviyyəsində olması digər sahələrdə münasibətlərə də sirayət edir", - deyə o bildirib.
Nazir əlavə edib ki, yenicə fəaliyyətə başlayan Azərbaycan Ticarət Evi Azərbaycan məhsullarının Belarus bazarında layiqli yer tutmasına yardım edəcək. "Şübhəm yoxdur ki, biz dost ölkə olan Belarusa məhsul ixracını artırmağa nail olacağıq. Ticarət Evi bizim məhsullarımızın Belarus bazarında satışının koordinasiyasını və təşkilini həyata keçirəcək".
Belarusun xarici işlər naziri Vladimir Makey isə qeyd edib ki, Minskdə Ticarət Evinin fəaliyyətə başlaması ölkələr arasında ticarət dövriyyəsinin həcminin artırılmasına səbəb olacaq: "Əsas sevindirici məqamlardan biri də odur ki, ticarət dövriyyəsi balanslaşdırılmış şəkildə artacaq. Azərbaycan Ticarət Evinin ilk olaraq Belarusda açılması da bizi sevindirir. Bu isə ölkələrimiz arasında müxtəlif səviyyələrdə aparılan aktiv dialoqun məntiqi nəticəsidir. Bilirsiniz ki, biz Azərbaycanla sıx əməkdaşlıq edirik. Azərbaycanda texnika istehsalı ilə məşğul birgə müəssisəmiz fəaliyyət göstərir. Bununla yanaşı, Bakıda Belarusun Ticarət Evləri açılıb. Minskə Azərbaycan Ticarət Evinin açılması isə irəli atılan növbəti addımdır və əməkdaşlığımızın kəmiyyət və keyfiyyət baxımdan irəliləməsinə şərait yaradacaq".
Nazir əlavə edib ki, hazırda Belarusda Azərbaycan məhsullarına böyük təLəbat var.